Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!." Bu günlərdə Facebookda 100 yaşlı dostumuz -
Borçalının tanınmış şairi Dünyamalı Kərəmin
şairə Nuranə Təbriz və başqalarının əhatəsində
fotoşəklini gördüm:


..Yüzü xışdamısan, a Dünyamalı,
Nə yaxşı saxlayıb gözəllər, səni?
Sıxsa da qəlbini bir ara illər,
Qorxuda bilməyib xəzəllər səni.
Nə yaxşı saxlayıb gözəllər, səni?

O gün də keçmişi yaman səsdədin,
İki şair qıza sevgi bəsdədin,
Hər iki tərəfdən öpüş istədin,
Demədin, yan keçib üzəllər, səni.

Bilirəm, ürəkdə çoxdu arzular,
Min il də bulaqdan qaynıyar sular,
Yaxşı, bəs demirsən, bəsdəşər bular.
Çimdiyə tutallar, əzəllər, səni?

Feyzdə şəkillər təbii, özəl,
Sağında nazənin, solunda gözəl,
Biri şeir deyib, o biri qəzəl,
Məst edib şeirlər, qəzəllər, səni.

Vəkil, qəm eyləmə, gül bu dövrana,
Gec, ya da tez, yetər ömür son ana,
Sən də yox olarsan, gecə bir yana,
Gündüz də çıraqnan gəzəllər, səni.

(Çatan deyir Vəkil, həddi keçmisən,
Dünyanı əyninə nə dar biçmisən?
Eşqə nə pis düşüb, nə çox içmisən?
Ellər tanımırdı əzəllər səni,
Yüz il də, min il də, bəzərlər, sabah,
Yazdığın şeirlər, qəzəllər, səni... )

Rəşid Vəkil ALLAHYAROV,
02.02.2020

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: