Bəkir Vəkilov (QAZAXLI): "Bu gecə bir şəkil qarşıma çıxdı..."

Bəkir Vəkilov (QAZAXLI): "Bu gecə bir şəkil qarşıma çıxdı..." Bəkir İsmayıl oğlu Vəkilov - 1995-ci ildə
Qazax rayonunda anadan olub.

2002-2013-cü illərdə orta təhsil alıb.
Uşaq vaxtından ədəbiyyata olan böyük marağı ilə
öz yaşıdlarında seçilib.

Məşhur Vəkilovlar nəslindən, daha doğrusu, Azərbaycanın ilk Xalq şairi fəxri adına layiq görülmüş
ölməz Səməd Vurğunun nəslindəndir.

Elə həmin illərdən də şeir yazmağa başlayıb.
Hazırda Qazaxda yaşayıb-yaradır.
Şeirləri müxtəlif mətbuat orqanlarında və poeziya antologiyalarında çap olunub.
Biz də aşağıda Bəkir Vəkilovun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və
ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Zemfira AYVAZOVA,
ZiM.Az



ATA

Övlada hər zaman arxa dayağı,
Döyünən qəlbimin özüsən, ata.
Mənə həyat verən yurdun çırağı,
O böyük nəsilin gözüsən, ata.

Can fəda edərsən övladın üçün
Əgər qəmli görsən göynəyər için,
Övladla tən bölən arzu-sevincin,
Kəlməsi, söhbəti, özüsən, ata.

İstəməz övladı heç düşsün dara,
Hər dərdə kədərə sən oldun çara,
Varmı səndən başqa halını sora,
Sən haqqın, ədalətin özüsən, ata.

Bəkirəm, səninlə döyünür ürək,
O şərəfli yolun məndədir örnək.
Səndən ayrı salmasın məni fələk,
Deyirəm nəslimin gözüsən, ata
Bəkirin sən görən gözüsən, ata!


ƏZİZİM

Mənim ürəyimdə yaram dərindi,
Əl vurma yarama, qanyar, əzizim.
Onsuz da taleyin ağırdı yükü,
Sinəm həsrətinlə yanar, əzizim.

Dərdlərim azalmır, artır hər saat,
Sıxır boğazımı bu zalım həyat,
Uzat əllərini əlimə uzat,
Əllərim zənsizkən donar, əzizim.

Günəşi olmayan səhər kimiyəm,
Virana uğramış şəhər kimiyəm,
İnan, həsrətinə nökər kimiyəm,
Ruhum yoxluğunu danar, əzizim.

Sənə gələn yolu, de kim bağlayıb,
Gözlərim səninçün hər gün ağlayıb,
Könlünü həsrətlə yaxıb, dağlayıb.
Bəkir səni cənnət sanar, əzizim.


BİLMƏDİM

Bu gecə bir şəkil qarşıma çıxdı,
Qovdu o yuxumu, yata bilmədim.
Gəldi sənli günlər gözümə mənim,
Heyif ki, mən ona çata bilmədim.

Hardasan, necəsən - xəbərim yoxdu,
Həsrətin qəlbimə sancılan oxdu.
Bir bilsən dərdlərim nə qədər çoxdu,
Könlümə səadət qata bilmədim.

İçimdə ümidlə yoluna baxdim,
Dərdinlə içimi yandırıb yaxdım.
Gülmədi üzümə bu qara baxtım,
O zərif əlindən tuta bilmədim.

Səndən özgəsini sevmədim, inan,
Sən oldun saf eşqim, tək duam hər an.
Yoxluğun ömrümə dolanmış ilan,
Qopara bilmədim, ata bilmədim.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: