Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019) TOY-BÜSATLA KEÇƏN BİR ÖMÜR

Tahar İsmail oğlu Qaralov - 1933-cü ilin may ayının 9-da
qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın indiki Dmanisi)
rayonunun axarlı-baxarlı guşələrindən birində, dört tərəfi güllü-çiçəkli ormanlı, saf suları, təmiz təbiəti, adlı-sanlı alim, igid, qəhrəman və gözəl insanları ilə məşhur olan Ormeşən kəndində dünyaya göz açmışdır.

Uşaqlığını atası - el ağsaqqalı olan İsmail kişinin nəsiətli sözləri, anasının dediyi şirin laylalar içində keçirən Tahar İsmail oğlu saza-sözə bağlı olmuş, 8 illik təhsilini Ormeşən natamam orta məktəbində, orta təhsilini isə qonşuluqdakı Kirov kəndindəki orta məktəbdə almışdır.

Hərbi xidmətini bitirdikdən sonra bir müddət vergi orqanlarında çalışmışdır.

Sonra öz kəndlərində mal-qoyun fermasının müdiri
vəzifəsində işləmişdir.

Uşaqlıq dövrundən çalğı alətlərinə marağı olduğu üçün qara zurnada gözəl havalar ifa etmişdir.
Bu ifaları el ağsaqqalları Əsəd İsmaılovdan və zəngin musiqi duyumu olan nağara ustası Dursun kişidən öyrənmişdi.

Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019) Tahar İsmayıloğlu -
Başkeçid rayonunun bütün kəndlərindən, eləcə də, Borçalının qonşu rayonlarından el şənliklərinə dəvətlər almış, neçə-neçə gənclərin xeyir-duasını verib toylarını keçirmişdir.
22 yaşından toylara, nişanlara getmiş, ailəsini ata-anasını halal zəhməti ilə saxlamışdır. Öz toyunda da zurnanı özü çalmışdır.
64 il musiqidən ayrılmayan Tahar İsmail oğlu oğlanlarının, nəvələrinin toylarında da ifa etmişdir.
Borçalının gənc və istedadlı zurna ustaları olan Qafqaz Camaloğluna, Fizuli Turabova məsləhətlər vermiş, xoş günlərdə onlarla görüşüb birlikdə ifa etmişlər.

Eyni zamanda, Tahar İsmayıloğlunun gözəl deyimləri, bayatıları vardı, onlardan yadda qalanları və son vaxtlar xəstə olanda ailəsinə, övladlarına dediyi bayatılar qeydə alınmışdır...

Gözəl ailə başçısı, 6 övladı, 14 nəvəsi, 17 nəticəsi olan 86 yaşlı el ağsaqqalı Tahar İsmail oğlu 2019-cu ilin may ayında dünyasını dəyişmişdir.
Bakı şəhəri Binə qəbristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin.

Tahar İsmayıloğlunun BAYATILARından bir neçəsini aşağıda dəyərli oxucularımıza təqdim edirik.


Rahilə QARALOVA,
ZiM.AZ


Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)Borçalı elin, gəlin,
Şirindi dilin, gəlin,
Baxçamızda bağban ol,
Solmasın gülün, gəlin.

Toyların sorağı var,
Yandırın çırağı var,
Evimə gəlin gəlir,
Telində darağı var.

Cavandı yaşın, gəlin,
Ucadı başın, gəlin,
Elindən qəribliyə,
Düşübdü daşın, gəlin.

Bu gələn sarı gəlin,
Dağların qarı gəlin,
Qaynatan sənə qurban,
Oğlumun yarı gəlin.

Toy yolu karvan olsun,
Karvanda sarvan olsun,
Gəlin köçən qızlara,
Analar qurban olsun.

Sığallıdı tel. gəlin,
Əllərində gül, gəlin,
Niyə belə qəmlisən,
Gözdən axır sel, gəlin.

İzim dağlarda qaldı,
Üzüm bağlarda qaldı,
Ormeşənli günlərim,
Ötən çağlarda qaldı.

Zaman dolandı getdi,
Oda qalandı getdi,
El-obadan ayrıyam,
Ömür talandı getdi.

Üstü çaparlı bulaq,
Suyu lilparlı bulaq,
Deyin daha gəlmirəm,
Qalsın qubarlı, bulaq.

Pətəyin balı nəvəm,
Lalənin xalı nəvəm,
Baban xəstə düşübdü,
Yoxdu ki halı nəvəm.

Dağlarda qarım haray,
Bağlarda barım haray,
İtirdim Nürəddini,
Arxa dayağım haray.

Aşığam sazım ağlar,
Nəfəs, avazım ağlar,
Bu qış borana düşdüm,
Açılmaz yazım ağlar.

Göz yaşım daşıb gedir,
Yanağı aşıb gedir,
Tahar xəstə düşübdü,
Yolunu çaşıb gedir.

Ay qızlar səsə gəlin,
Yolları kəsə gəlin,
Atanız can üstündə,
Durmayın yasa gəlin.

Öz evimdə qonağam,
Nə xəstəyəm, nə sağam,
Şirin nəticələr var,
Əzrayıldan qaçağam.

Dərdini danar Emnə,
Oduma yanar Emnə,
Hər kəs məni unudar,
Həmişə anar Emnə.

Dağlardan enim Emnə,
Alışıb yanım Emnə,
Evladlara yaxşı bax,
Başına dönüm Emnə.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: