Dilarə Süleyman Zahidqızı (1982): "RÜBAİLƏR"

Dilarə Süleyman Zahidqızı (1982): "RÜBAİLƏR" Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk dəfə şeiri 2003-cü ildə "And" "Sərbəst düşüncə"
qəzetlərində çap olunub.
Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Canım Azərbaycanım" ədəbi məcmuəsində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.

Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Zemfira ASLANQIZI,
ZiM.Az



Elə çəkdim acını ağladı düşmən mənə,
Ya al mənim canımı,ya bir zərrə yan mənə,
İlahi, gecələri mənə cəzamı kəsdin,
Göz vermişdin, vermədin görməyə bir gün mənə.

Vətən həsrəti var yuxumda mənim,
Dağlar da əriyər ahımda mənim,
Şəhidlər süsləmiş doğma torpağı,
Şəhid harayı var ruhumda mənim.

Kədər xəyalımı hara gəzdirir?
Bəxtim füsununda qara gəzdirir,
Mən qəlbimdə səninecə gəzdirim,
Bu Vətən bağrında yara gəzdirir.

Qiyamət hər gecə ruhumda qopar,
Dəli Ruh dünyada rahatlıq tapar?
Allah, ya huzur ver bu yer üzünə,
Ya məni yanına, göylərə apar!

İnsafsızca qətl edir insan insanı niyə?
Məhkumdur gələn hər kəs əlləri boş getməyə.
Mənasını anlasan dünya düşər gözündən,
Bir ovuc torpağıq biz, gəzirik insan deyə!

Candan can söyləməyə can yadıran can gərək,
Canı canan yolunda verəsən qurban gərək.
Qulaq ver ki səsinə qəkb Allahın evidir,
İmansız can neyləsin, insanda vicdan gərək!

Qələbə nidasına həsrət qalan Vətənim!
Övladların yadlardan xəbər alan Vətənim!
Parçalanmış, didilmiş, namərdə tərk edilmiş,
Hər yandan öz-özünə sərhədd olan Vətənim!

Hər kəlməmin başında Vətən vardır, Vətən var,
Bu Vətənin yolunda bunca ölüb itən var,
Başım göylərə dəysə gözlərim yerə baxar,
Susun! Torpağın altda Vətən üçün yatan var!

Könlümə dərman dedi təbib o şux baxışı,
Həsrəti dəli rüzgar, gülüşü yaz yağışı,
Yanaqları qızılgül, dodaqları bənövşə,
Ürəyi daş sevgilim özü əridir daşı.

Qəlbimdəki səhrada bircə yaşıl vadi var,
Xoşbəxtlik elə azdır, hər anının adı var.
Deyirdilər ki, zaman yaraları sarıyır,
Həsrət yerlə sürünür, sevincin qanadı var.

Xəzan yarpağıyam yel üstündəyəm,
Göydən süzülmüşəm, gül üstündəyəm,
Sən məni bağışla, gül üzlü xəyal!
Şələmi yığmışam, yol üstündəyəm.

Halal haram qarışlbdır, haqq özü şərdən bezib,
Allah ali yaratdığı bunca bəşərdən bezib.
Alışandan fitnələrə dua kəsərdən düşüb,
Göydəkilər elə bil yerdəkilərdən bezib.

İlahi ruhumu atıb getmisən,
Palçığı su ilə qatıb getmisən,
Bir damcı xoşbəxtlik qataydın barı,
Buraxdım canımı, daha tut desəm......?

Sən mənə doğmasan, mən sənə yadam,
Sən susan, mən sənin bağrında odam,
Nə sən unudansan, nə mən unudan,
Mən səni sevirəm , adam, ay adam!

Ömrümdə sənin izin, qəlbimdə köz yeri var,
Sevgimizə göz dəyib, gözümdə göz yeri var,
Sən gedəli bu ruhsuz bədəndə boşdu yerin,
Kimsələr sən deyil ki, hər kəsin öz yeri var.

Sən məni sevən gündən tək qalmısan, bağışla,
Mənim xəzan ömrümdə qocalmısan, bağışla,
Mənmi tez doğulmuşam? İndi nə deyim sənə?
Ömrümə gec gəlmisən, gec gəlmisən, bağışla.

Elə çəkdim acını ağladı düşmən mənə,
Ya al mənim canımı,ya bir zərrə yan mənə,
İlahi, gecələri mənə cəzamı kəsdin,
Göz vermişdin, vermədin görməyə bir gün mənə.

Ay qəlbimi alan adam, könlümü niyə almadın?
İncimiş , küskündür deyə, sınıqdır deyə almadın?
İlahi, çoxdu günahım, mən sənin sözündən çıxdım,
Yerdən elə göyə baxdım, sən məni göyə almadın.

Üzümdə gülüş yalan, gözlərimdə yaş yalan,
Sənin dünya dediyin mənim üçün boş, yalan,
Dərvişin ruhu yoxdur, can əsirdir bədəndə ,
Sevirəm söylə sən də, yenə də danış yalan...

Sehirli oyundur dünyanın işi,
Bir anda başından aparar huşu,
Gələndə məsumdu bük bələyinə,
Ayaqsız beşikdə apar Dərvişi.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: