Rövşən GƏNCƏLİ (1956): " Dərdlərə dərmandı, bizim Borçalı..."

Rövşən GƏNCƏLİ (1956): " Dərdlərə dərmandı, bizim Borçalı..." Rövşən Gəncəli (Yusifov Rövşən Məmməd oğlu)
1956-cı il iyunun 5-də qədim Borçalı mahalında
- indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Təzəkənd kəndində anadan olub.
1973-cü ildə Təzəkənd orta məktəbini əla qiymətlərlə bitirib.
14.11.1974-cü ildən 18.11.1976-cı ilə qədər
hərbi xidmət borcunu yerinə yetirib.
1978-ci ildə AzKTİ-nun kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinin qiyabi şöbəsinə qəbul olub.
1984-cü ildə AzKİ-nu bitirib.
Marneuli rayonunun İmir kəndindəki DSZ-da
Baş mühəndisin müavini, Baş energetik işləyib.
1990-cı ildə Borçalıda baş vermiş məlum olaylardan sonra,
o da doğma Borçalıdan köçmək məcburiyyətində qalıb.
Uzaq Rusiyaya üz tutub. Çelyabiniski vilayətinin
Troitski rayonunda idarə rəhbəri, direktor,
baş direktor və Bələdiyyənin sədri vəzifələrində işləyib.
R.Gəncəli, eyni zamanda, təhsilini də davam etdirib.
1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin
hüquq fakültəsini bitirib.
2013-cu ildən Bakıda yaşayıb-yaradır.

Rövşən Gəncəli həm də güclü qələm sahibidir.
İstedadlı şair və savadlı yazıçı kimi tanınır.
"Elə yaşa sən ömrünü”, "Yaşamağa nə var ki” və "Yalan Dünyadı" adlı 3 kitab müəllifidir.
Kitabların hər biri 300 səhifədən çoxdur.
Hərəsi üç yüz əlli səhvədən artıq olan ”Yaxşılığı unutma”, “Şərəfsiz adam”, ”Qalan Dünyadı”,
"Hikmətli sözlər və Bayatılar” adlı dörd kitabı isə çapdadır.
Şeirləri müxtəlif mətbuat orqanlarında, internet saytlarında,
"Zirvə", "Sazlı-sözlü Borçalı" və "Canım Azərbaycanım" adlı poeziya antologiyalarında dərc olunub.


Biz də hörmətli soydaşımız istedadlı, müdrik şair və yazıçı Rövşən Gəncəliyə
yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.az-ın dəyərli oxucularına təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



BİZİM BORÇALI

Dağların başında qar əksik olmaz,
Baxan gözəlliyə heç zaman doymaz.
Dara düşənləri qayğısız qoymaz.
Verər ürəyini, bizim Borçalı.

Sıldırım qayası,ucadır dağı.
Hüsnünə heyrandır,dəyən ayağı.
Görərlər bu eldə arxa,dayağı.
Nur saçır aləmə, bizim Borçalı.

Süsənli,sünbüllü çiçəkli düzlər.
Açılıb al,əlvan lalə,nərgizlər.
Gələn qonaqları sevər,əzizlər,
Qonağı sevəndi, bizim Borçalı.

Dağlarında, qartal gözlü bulaqlar,
İçəndə can verir, donur dodaqlar.
Həftə keçər, qıpqırmızı yanaqlar,
Dərdlərə dərmandı, bizim Borçalı.

Sinəsində tarixlərin qalası.
Yaşıl meşələri, təmiz havası.
Gözəl mənzərəsi, qəşəng səfası.
Həkimdi, loğmandı, bizim Borçalı.

Rövşənəm, Gürcüstan cənnət bağıdı,
Bütün yer üzünün gülüstanıdı.
Dostluğun, qeyrətin vəfadarıdı,
Millətə bağlıdı, bizim Borçalı.


DANIŞAR

Adam var, həyatda yaxşılıq bilməz,
Baxıb sifətinə danışıb, gülməz.
Dara düşənlərin, dadına gəlməz.
Danışanda kişilikdən, danışar.

Bir baxasan o, dostları seçəndə.
Ləzzət verir, müf oturub içəndə.
Canı çıxar, bir manatı keçəndə.
El içində səxavətdən,danışar.

Başa düşməz qohum nədir,yad nədir?
Yeyər,bilməz ağzındakı dad nədir?
Satar səni beş qəpiyə ad,nədir?
Məclislərdə sədaqətdən,danışar.

Lovğalanar,qiymət vermız özünə.
Danışanda sərhəd qoymaz sözünə.
Hər məclisdə tüpürərlər üzünə.
Söz düşəndə o,qeyrətdən,danışar.

Rövşən,insan bircə dəfə yaranır.
Ömür bağı yavaş-yavaş talanır.
Yaltaq adam,var başına dolanır.
Dələduzlar ədalətdən,danışar.


BİLƏYDİM

Deyirəm:-dünyanın çoxdur sirləri,
Ömür səhvəsindən keçən günləri.
Arxada qoyduğumuz gənclik illəri.
Geriyə qaytarıb baxa,biləydim.

Cavanlıq illəri sevdiyim qızı,
Canlanır xəyalı,etdiyi nazı,
İstəyim çox olub,istərəm azı,
Bir dəfə qəlbimə sıxa biləydim.

Telli sazdır,bu qəlbimin yoldaşı.
Olaydım hər kəsin dostu,sirdaşı.
Ürəyim istəyən qohum,qardaşı.
Götürüb yaylağa çıxa biləydim.

Rövşənəm,imkanım olaydı mənim.
Edəydim yaxşılıq,olaydım əmin.
Hamını ömürlük edəydim təmin.
Elimin gözünə baxa biləydim.


YOXDUR

Yadıma el,oba düşübdür yenə,
Könlümdə xatirə,doludur sinə.
Köçərdik dağlara,salardıq binə.
İndi o zəmanə hayıf ki, yoxdur.

Baxıram dağlara,tutulub üzdən.
Bilmirəm inciyib,ya küsüb bizdən.
Bulağın üstündə qızların tezdən.
Nazı-qəmzələri hayıf ki,yoxdur.

Sazlı, sözlü gözəl məclis quranın.
Süzən havasına qara zurnanın.
Çəmənlikdə qaqqıldaşan durnanın.
Boylanıb, baxması hayıf ki, yoxdur.

Yağlıcanın gül,çiçəkli dövranı.
Yaz gələndə hamı olar heyranı.
Maralı,cüyürü,xallı ceyranı.
Bir gözəl çeşməsi hayıf ki,yoxdur.

Mən sevirəm Gorarxını ürəkdən.
Böyümüşəm qucağında bələkdən.
Verilibdir nazu-nemət fələkdən.
Bir yaşıl meşəsi hayıf ki,yoxdur.

Bayırda atamın əmlik soymağı.
Dəyədə anamın yuxa yaymağı.
Səhərlər verdiyi balı, qaymağı.
Rövşənəm, ay ellər hayıf ki, yoxdur.


A DAĞLAR

Açılıb dağlarda çiçəklər,güllər.
Baxırsan hər yana sevən könüllər.
Yaylağa çıxanda obalar,ellər.
Açılır qamətin,üzün,a dağlar.

Hamı sevir bizim gözəl dağları.
Cənnətdən süzülən buz bulaqları.
Elə bil qönçədir bal dodaqları.
Gözəllər qəlbimi üzür,a dağlar.

Xəstə olanları,gətirər cana.
Ehtiyac yox,burda dəva-dərmana.
Can sağlığı qismət edir insana.
Loğmansan,həkimsən,özün,a dağlar.

Gurbulaqda götür sazı, çal aşıq.
Kefin köksə, işlər düşməz dolaşıq.
Bacı,qardaş arxa, dayaq yaraşıq.
Qalıbdır qəlbimdə izin, a dağlar.

Bulağın üstündə,kəsin quzunu.
Az eyləmə bozartmanın,duzunu.
Könlüm istər quzeylərin buzunu.
Çəkirəm həsrətin özum, a dağlar.

Rövşənəm,dağların gülləri solsa.
Kiminsə ağlayıb gözləri dolsa.
Bu zalım dünyada təklənib qalsa.
Söyləyin,mən necə dözüm, a dağlar ?

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: