- 24 aprel 1982-ci ildə Ucar rayonunun
Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk mətbuu şeiri 2003-cü ildə "And" qəzetində
çap olunub.
Sonra "Sərbəst düşüncə", "Şərqin səsi",
"Elm və təhsil", Ziya", "Oxu məni" qəzetlərində,
İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Rübailər", "Qara-arxac", "Sazlı-sözlü Borçalı" və
"Canım Azərbaycanım" ədəbi məcmuələrində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.
Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Zemfira ASLANQIZI,
ZiM.Az
Qadın qətliamı
Zaman vəhşiləşib, yoxsa insanlar?
Bəlkə vəhşi sözü yaraşmır bizə?
Nədən xəbər verir tökülən qanlar?
Fitnə addımbaşı çıxıbdır dizə.
Qadın qətliamın durdurun daha!!!
İnsan deyilmidir o yol süpürən?
Adi bir əşyanı alarkən baha
Ucuz tutularmı insan oğlunu
İşıqlı dünyaya sevib gətirən?
Yollara iz saldı qan ləkələri....
Söyülən, döyülən, öldürülən o...
İçində boğarkən göz yaşlarını,
Saxta təbəssümlə güldürülən o!
Libasın geyinib, bəzəyin vurub
İşvəsin aldınız, nazın aldınız,
Bir kişi qızının qəlbini qırıb,
Başqa birisinin qızın aldınız!
Unutmadın
Bu qırıq ürəklə uzağa getməz,
Gözlərim əzilir baxış altında,
Arzular çin olmaz,ümidim bitməz,
Qəlbin pəncərəsi yağış altında.
Yadlara söyləsəm qınayar məni,
Gəl mənim ruhumu kirit gizlicə,
Allah sevgim ilə sinayar məni,
Qəfil gəldiyin tək sən get gizlicə.
Yoluna dikilən göz aya baxar,
Küləklər ovudar qara telləri,
Qorxuram yollarım yoluna çıxar,
Yığışdır qəlbimdən qalan izləri.
Vursun qişin qarı ,şaxtası məni,
Qalsın bənövşələr qarın altında,
Oxşasa sözünün saxtası məni,
Sümüyün sizlayar yerin altında.
Dilarə gözündə qalan qığılcım,
Öldürdünsə basdır gözündə məni.
Həsrətin taledə iz salan acım,
Sən ki unutmadın özün də məni.
Qalmadı
Ruh cana möhtacdı, can can deyənə,
Sən unutmusanmı candan pay olmur?
Ruhu fəda etmə canın yeyənə,
Gedən gələnindən daha zay olmur.
Sənin xəyalının qolları yoxdu,
Yarımçıq isidir arxalıq kimi,
Qapıdan girən qəm bacadan çıxdı,
Ömrümdə durmusan qorxuluq kimi.
Qırılmaz dediyim insafsız qürur,
İstədin ki sınım sənin yerinə?
Üz-üzdən utanar,biraz gendə dur,
İzn ver utanım sənin yerinə.
Həsrətım canımdan çıxana qədər,
Dünya, vüsalında kəsər qalmadı.
Sən iblis donundan çıxana qədər,
Məndə mələklikdən əsər qalmadı.
Səni sevmək gözəldir
Səni sevmək gözəldir.....
Tökülən yarpaqların bahar həsrəti kimi,
Qar altından nərgizin
həyata atılmağa olan cürəti kimi.
Səni sevmək gözəldir....
Səhər təmiz havanı ciyərə çəkmək kimi,
Bənövşətək utanıb günəş təbəssümündən
Boynunu bükmək kimi.
Sən necə möhtəşəmsən!
Sevmək səntək gözəlsə,
Sən hər kəsdən gözəlsən!
Səni sevmək gözəldir....
Ruhumun səmalara ucaldığı yerdəsən,
Sənin yanında hər şey necə cılız görünür!
Xəyalda ya röyada ,nə fərqi var hardasan!
Sən bəlkə gözümdəsən?
Hara baxsam ordasan!
Səni sevmək bir sehir...
Səni sevmək möcüzəm,
Səni sevmək gözəldir
Qarşısında acizəm!
Adını söyləməyə dilim səndən utanır,
Nanə yarpağı kimi səsin titrədir məni,
Səni sevsin deyəmi
Allah yaşadır məni?
Səni sevmək gözəldir..
Sevmək deyildir asan,
Səni sevmək gözəlsə,
Sən sevgidən gözəlsən!
Biz
Özgələrin adətinə eyləmişik adəti biz,
Axtarırıq onun-bunun əlində səadəti biz.
Aşikarda and içirik, dad eyləyib Allaha ki
Xislətimiz həmənkidir, günahkarıq xəlvəti biz.
Gəncləri məhv eylədi bax sübhə qədər qumarxana,
Bir səsini çıxarsana!Pozmayırıq ovqatı biz.
Eyləyir kimləri qane bu qədər xırsızlıq
Kimə nə,göz döyürük başımızda bu çatı biz.
Övladın təhsilini zay eləsə sus, ona sus,
Ona dözdün, buna döz,yaltaq ilə həm şəti biz.
Haqq sözü söylərsə Dilarə çıxarın gözlərini,
Səbr edib gözləyərik,dinmərik əsla qəti biz.
Kimdir o?
Kim olacaq, o fəhlədir corab bitib ayaqda,
Cibi cırıq, ümid qırıq,qızınmır bu soyuqda.
Gəzir iş tapa bəlkə, evdəkilər ac qalıb,
Dizlər əsir, külək kəsir, göz itibdi oyuqda.
Püf deməyin, of deməyin, bəyənmir öz yeməyin
Məmur elə qudurubdur, yeyənməyir toyuq da.
Keflənibdi dərd əlindən, qaçmağa yer tapmayır,
Yumubdu millət gözünü, baş aldadır ayıq da.
Biri yeyir, mini baxır, ağızların suyu axır,
Birinin nəfəsi qoxur, tapa bilmir sıyıq da.
Az tapırıq çullanırıq, çox tapırıq yellənirik
Ay Dilarə, dillənirik dalda elə buyuq da!
Kəsilib
Necə belə soyuqlaşdıq? Ürəyimiz daş kəsilib,
Vicdanımız lalmı olub, gözümüzdən yaş kəsilib?
Heyvana yandığı qədər acımır insana insan,
Ürəklərdə üfunət var, ölü ruhlar leş kəsilib.
Aca, yoxsula baxmayan baxır qeybət şousuna,
Şərəfsizin reklamında sanırsan ki baş kəsilib.
Silkələyin duyğuları, Yaradanın qəzəbi var,
Ruzidə yetim payı var, ruzimizdən qış kəsilib.
Odənməyən haqlar üçün cavab verəcən, dəli ruh,
Dilarəyə bu dünyada vicdan boyda iş kəsilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.