Aygün ASLANQIZI (1980)

Aygün ASLANQIZI (1980) Aygün Aslan qızı Ayvazova - 1980-ci il oktyabrın 4-də
qədim Borçalı mahalında, indiki Gürcüstanın
Marneuli rayonundakı Sadaxlı elinin
Təzəkənd kəndində anadan olub.
1987-ci ildə doğma kəndlərindəki orta məktəbin
I sinfinə gedib.
Sonra təhsilini qonşu Sadaxlı kəndindəki
2 nömrəli orta məktəbdə davam etdirib.
1997-ci ildə həmin orta məktəbi
müvəffəqiyyətlə bitirib.
1998-ci ildə Cavaxaşvili adına Tbilisi Dövlət
Universitetinin filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyat bölməsinə qəbul olub.
2002-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib.
Hazırda Marneuli şəhərində yaşayır.
Müəllim işləyir.
Evlidir. İki övladı var.

Hələ gənc yaşlarından saz-söz vurğunu, poeziya aşiqi olan və eyni zamanda, özü də bir-birindən maraqlı və mənalı şeirlər yazan çox hörmətli Aygün xanıma biz də həm şəxsi həyatında, həm pedaqoji fəaliyətində, həm də poeziya yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik.


ZiM.Az



Aygün ASLANQIZI (1980) Ana

Yorğun gözlərini dikib üzümə,
Həsrət baxışlarla baxırsan, ana.
Səni qəm-qüssəli görəndə hərdən
Canımı odlara yaxırsan, ana.

Hər ağaran telin bir laylan oldu,
Şirin nəğmələrin yuxuma doldu.
Yuxusuz qalmaqdan bənizin soldu,
Keçən günlərini anırsan, ana.

Böyütdün məni dərdin çoxaldı,
Gördün bu dünyanın zindanını.
Gözlərin axtarır övladlarını,
Dərin xəyallara dalırsan ana.

Canımın, canıdır gözümün nuru,
Dünyaya nur saçır üzünün nuru.
Dünyanın ən gözəl neməti ana,
Dilimin ən şirin söhbəti ana.


***

Bəxtım üz döndərdi cavan yaşımda,
Yağlıca düzündə qaldım, nə qaldım.
Qismətim beləymiş fani dünyada,
Göndərdi payımı aldım, nə aldım.

Görmədim çəkələr mənim nazımı,
Bilmədim qışımı, nə də yazımı.
Sinəmdə köklədim telli sazımı,
Özüm də bilmədim çaldım, nə çaldım.
Aygün ASLANQIZI (1980)
Bir qaranlıq otaqdayam bağlı qəfəsdə,
Ağrıyır ürəyim, düşmüşəm xəstə.
Cavanlıq karvanım talandı getdi,
O karvan geriyə dönərmi bir də?

Aygünəm qanım Yağlıca havası,
Sinəmdən silinməz dostluq dəryası.
Əgər ovlanıbsa göllər sonası,
Qayıdıb üzməyə gələrmi bir də?


Oğlum

Ucalıq eşqiylə yaşa dünyada,
Namus, qeyrət gətir, ar gətir, oğlum.
Sadə gəz, el sənə hörmət eyləsin,
Bağban ol, bağ becər, bar gətir, oğlum.

Özgənin varında gözün olmasın,
Hərcayi söhbətin, sözün olmasın.
Əyri cığırlarda izin olmasın,
Dünyanı düşmənə dar gətir, oğlum.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: