2017-ci ildə "Qızıl Qələm" Media Mükafatı Laurantı Diplomuna layiq görülüb.
Şeirləri bir çox kitab toplusunda, jurnallarda və sosial şəbəkələrdə dərc olunub.
A N A
Bu dünyaya gələn gündən dərdlə-qəmlə yarışmışam,
Qismətimi lənətləyib, taleyimlə barışmışam.
Hər vaxt üzdə xoşbəxt kimi görünməyə çalışmışam,
Sənsən mənim bu həyatda həm yazım, həm qışım ana -
Üzün gülsə, bilirəm ki, ta ağrımaz başım ana!
Bilirəm ki, dünya mənə heç vaxt qucaq açan deyil,
Bir təbəssüm bəxş eləyib, qəlbimdə nur saçan deyil.
Hürkütsəm də qara bəxtim harayasa qaçan deyil,
Yaman ağır gəldi mənim kimlərəsə daşım ana -
Üzün gülsə, bilirəm ki, ta ağrımaz başım ana!
Göz yaşlarım kipriyimdən damcı-damcı düşdü yerə,
İblis sifət, daş ürəkli adam gördüm neçə kərə.
Ümüd dolu gözlərimlə baxdım hər gələn səhərə,
Üstümə tuş gələn dərdlə de, necə savaşım, ana -
Üzün gülsə, bilirəm ki, ta ağrımaz başım ana!
Əbədi deyilki heçnə dünyada
Həyat bizlər üçün seçilmiş sınaq,
Biz elə yaşayaq olmasın qınaq,
Gəl ürək qırmayaq,qəlb sındırmayaq
Əbədi deyil ki heçnə dünyada!
Bir cürə daşıyır suçunu hərə,
Sağımız qayadı,solumuz dərə,
Salamı ,kəlamı vurmayaq yerə,
Əbədi deyilki heçnə dünyada!
Olmasın bu gündən sabaha minnət,
Şükr edək nə qədər vardırsa möhlət,
Məhəbbətlə dinək,etməyək nifrət
Əbədi deyil ki heçnə dünyada!
Hər şeyin yeri var, demirəm əyil,
Yaşa vaxt vədəni, olma sən veyil,
Nə sənə, nə mənə qalası deyil,
Əbədi deyil ki heçnə dünyada!
Məzluma sərt üzün çalış olmasın,
Geriyə baxanda qəhər boğmasın,
Çalış ki ay, vədə səni sıxmasın,
Əbədi deyil ki heçnə dünyada!
Hər insan dadacaq ölümün tamın,
Qara torpaq olar sonda yorğanın,
Keçmişə diqqətlə bir nəzər salın!
Əbədi deyil ki heç nə dünyada!
DARIXMIŞAM SƏNİN ÜÇÜN MƏNİ MƏNDƏN ALAN ADAM
Hicran yaman çətin imiş, həsrətinlə qalanmışam,
Sənsizlikdən xəzəl kimi, solub-solub saralmışam,
Yollarına ümüd ilə boylanaraq hey baxmışam,
Darıxıram sənin üçün məni məndən alan adam!
Göz yumuram yuxumdada sən gəlirsən göz önümə
Xəstən olub,sozalmışam sənsən təbib bu dərdimə,
Statusda paylaşıram, danışıram öz-özümə
Darıxıram sənin üçün məni məndən alan adam.
Yollarında dura biləm səhər axşam yorulmaram,
Səndən qeyri bir kimsəyə meyil edib vurulmaram,
Ay gözümün nuru mənim,sənsiz əsla mən olmaram
Darıxıram sənin üçün məni məndən alan adam!
Sən səsləsən mən gələrəm uça uça qaça qaça,
Ürək gülər baxışından təbəssümün şölə saça,
Cəzam nədir mən hazır yollarında hər bir suça
Darıxıram sənin üçün məni məndən alan adam.
Darıxmağın əlacını söylə mənə ey gözəl yar,
Deyirlər ki hər gecənin bir işıqlı sabahı var,
Xəzanıma qəfil gələn gül qoxulu ey ilk bahar!
Darıxıram sənin üçün,məni məndən alan adam!
Gəl Seymurun dərdlərinə əlac eylə deyənmirəm,
Qürur mənə imkan vermir dərddən boyun əyənmirəm,
Səndən başqa bu dünyanın gözəllərin bəyənmirəm,
Darıxıram sənin üçün, məni məndən alan adam!
SƏN MƏNİM QƏDRİMİ BİLƏ BİLMƏDİN
Sənə ümüd dolu ürək vermişdim,
Təmanna güdmədən sonsuz sevmişdim,
Ömrünə baharlı yaz tək gəlmişdim,
Sən mənim qədrimi bilə - bilmədin!
Ölərdim öl desən, hər kəlmən üstdə,
Tac bildim, gəzdirdim başımın üstdə,
Nə desən can dedim, gözümün üstdə
Sən mənim qədrimi bilə bilmədin.
Mən qəlbi vermədim sənə kirayə,
Qiymət vermədin ki, dəyər gərəyə,
Nə yerə sığmadın, nədə ki göyə,
Sən mənim qədrimi bilə bilmədin.
Bir parça ürəyi hər kəsə verdin,
Doğma tək danışdın, doğma tək güldün,
Bu gündən qəlbimdə, əbədi öldün
Sən mənim qədrimi bilə bilmədin!
Sənə güvəndiyim dağa yağdı qar,
Nə utanmaq bildin,nədə çəkdin ar,
Adımı anma sən,ay xəyanətkar,
Sən mənim qədrimi bilə bilmədin.
GÖZƏLSƏN AY QIZ
Eşqin şərabını qaldırıb içib,
Məhəbbətlə dolu sözünü deyib,
Bənövşə çiçəkli donunu geyib,
Bugün nə gözəlsən, gözəlsən ay qız!
Baxışın məst edir, qəlb alışdırır,
İnsanı özüylə hey danışdırır,
Hüsnü camalın da göz qamaşdırır,
Bu gün nə gözəlsən, gözəlsən ay qız!
Əksin göz önümdə, kənarda durmur,
Xəyalında gözəl dalıram, yormur,
Nə qədər baxıram gözlərim doymur,
Bu gün nə gözəlsən gözəlsən ay qız!
Arzusan bitməyən, tükənməz dilək,
Söz ilə vəsf edəm durmadan gərək,
Yer üzünə gəlmiş qanadsız mələk,
Bu gün nə gözəlsən, gözəlsən ay qız!
Adın nə? Qəlbimə yazım adını.
Sevməmək günahdı sən tək qadını,
Seymura hə denən, çəksin nazını,
Bu gün nə gözəlsən, gözəlsən, ay qız!
ÖNRÜNÜ-GÜNÜNÜ ÇÜRÜDƏN GƏLİN
Yaş axdı yanaqda süzüldü, dondu,
Gəncliyin gələcək evində soldu,
Gəlinlik ən böyük dərd, qubar oldu,
Atanın evində gün görən gəlin,
Ömrünü-gününü çürüdən gəlin!
Saçın darağa da həsrət qalıbdı,
Ümüd paralandı, fikir talandı,
Hörmətsiz məhəbbət, eşq də yalandı,
Köhnə illərindən gen düşən gəlin,
Ömrünü-gününü çürüdən gəlin!
Başlanğıc kəmdirsə düzələn deyil,
Demirəm ruhdan düş,demirəm əyil,
Nadana hey can de, sanar acıdil,
Gün gələr düzələr,düşünən gəlin,
Ömrünü-gününü çürüdən gəlin!
Nadanın nəyinə bel bağladın sən?
İndi hər halından peşman kimisən,
Ən xoş günündəykən çox dəyişmisən,
Sevinib gülməkdən gen düşən gəlin,
Ömrünü-gününü çürüdən gəlin.
Pünhan göz yaşları boşalar, dolar,
Qara saçlarında ağ-ağ dən olar,
Bəyəz gəlinlikdə itdi arzular,
Qurduğu xəyalla kəm olan gəlin,
Ömrünü-gününü çürüdən gəlin!
Seymur göz yaşıyla seyr etdi səni,
Görərək ömrünə çökən kölgəni,
Tale gəmisində bəyaz yelkəni
Bir naşı əlinə tərk edən gəlin.
Ömrünü-gününü çürüdən gəlin!
AXIR VAXTLAR TANIYIRAM ÜZLƏRİ
Zaman ötür , heftə keçir, il olur,
İnsanı döndərən dinən dil olur,
Güman etmədiyin gəlir, bil, olur,
Axır vaxtlar tanıyıram üzləri.
Yaman acımasızdır ömrün təni,
Həyat oyuncaqdır əlində yəni,
Ölərəm deyənlər, öldürür səni,
Axır vaxtlar tanıyıram üzləri.
Zər atdım yek gəldi, şeşi də vurdu,
Varın var yaşamaq gözəldi, zordu,
Vəd verən insanın vəfası boşdu,
Axır vaxtlar tanıyıram üzləri.
İnsan güvənməli yalnız özünə,
Ləpir salma başqasının izinə,
Seymur tanıdıqca döyür dizinə,
Axır vaxtlar tanıyıram üzləri.
ARTIQ AYRILIQDAN MƏKTUB ALMIŞAM
Umud gözləmirəm, itən zamandan,
Didərgin düşmüşəm sənli xəyaldan,
Əlimi üzmüşəm aman- gümandan,
Artıq ayrılıqdan məktub almışam.
Gördüm bu dünyada nadanın üzün,
Dadına çatmasa söz olur sözün,
Daha gərək deyil,nə avaz,nə ün,
Artıq ayrılıqdan məktub almışam.
Həsrət bizə düşən,hasar arada,
Qaldım möhnətində,dərtdə burada,
Bu axır zamanda,bu son vaxtlarda,
Artıq ayrılıqdan məktub almışam.
Əlində oyuncaq oldu ürəyim,
Çevrildi nöqsana eşqim istəyim,
Mən daha irəli üstə getməyim
Artıq ayrılıqdan məktub almışam.
Havadan duymuşam,bəsimdi hələm
Çətin bu yerlərə qayıdam gələm,
Mən dünya görmüşəm uşaq deyiləm
Artıq ayrılıqdan məktub almışam.!
SƏNİ AXTARIRAM SƏNSİZLİYİMDƏ
Saçlarını dəli külək dağıdıb,
Baxışların mənim ağlımı alıb,
Sənli xəyallara fikirə dalıb,
Səni axtarıram sənsizliyimdə.
Bir çılğın ruzgarın əsməsi kimi,
Hər həzin mahnın bəstəsi kimi,
Sağalmaz yaranın xəstəsi kimi,
Səni axtarıram sənsizliyimdə.
Yuxuda getməyir gözümə daha
Yaşamaq olubdur özümə baha
Boylanıb gəzirəm inan Allaha
Səni axtarıram sənsizliyimdə.
Süküt bircə anda çatmır dadıma
Yetiş gəl sorağa bu fəryadıma,
Elə axşam səhər salıb yadıma
Səni axtarıram sənsizliyimdə.
Seymur xatırlayıb hey səni andı,
Ürəyi sızladı, ürəyi yandı,
Vəfasız sevdiyi əhdini dandı,
Səni axtarıram sənsizliyimdə.
ETİBARSIZ DOSTLARA
Bir zaman can deyib çörək kəsdiyim,
İndi qeybət edir, dalnan danışır.
Belə insanlara şalvar yerinə
Allaha and olsun yubka yaraşır.
Artıq tanımışam kim kimdir daha,
Salamı vermirəm, çörək kəsmirəm.
Vallah uşaqlıqdan inan Allaha,
İkiüzlü olmağı əsla sevmirəm.
Artıq içəçəyəm bu gün şərabı,
Badəni qaldırıb tost deyəcəyəm.
Belə adam bilim can bildiyimə,
İçib,keflisayağ dost deyəcəyəm.
Səhfim elə budur, tanımamışam,
Heyif beləsini adam bilmişəm,
Gör necə ağılsız, avam olmuşam,
Mən belə insana qardaş demişəm.
Seymur, hər yoldaşa dost, qardaş demə,
Tanıya bilməzsən dara düşməsən.
Dünyadan ağırdı bu iki kəlmə,
Kim kimdir bilməzsən tora düşməsən.
QƏM EDƏN QADIN
Təəssüf eyləyib düşən bəxtinə,
Yanır gecə -gündüz şamtək dərdinə,
Çəkilib otağın bircə küncünə,
Ağlayıb,sızlayıb qəm edən qadın.
Danışır özüylə, dinir özüylə,
Baxır arzusuna nakam gözüylə,
Qınağa çəkilir dinsə sözüylə,
Sinəsin dağlayıb qəm edən Qadın!
Saçında ağ dənlər cücərir bir-bir,
Gözdən düşən yaşı axan gileydir,
Hamıdan gen gəzir, dərdi gizlədir
Pünhanca saxlayıb qəm edən qadın!
Ürəkdən danışmaz saxta gülüşü,
Həyatdan gedibdir, yoxdur dönüşü,
Yaşamaq olubdur ona dərd yükü,
Cavankən qocalıb qəm edən qadın.!
Seymurun gözündə paksan qar kimi,
Yandırır qəlbimi odu qor kimi,
Axı bu dünyada kimi var, kimi?
Bəxti qara, saçı ağca dən qadın!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.