Qoru vətənimi, qoru ilahi!

Vətənim

Yurduma Xəzərdən boylanır günəş
Batacaq, hər axşam dağın başından,
Nə gözəl məkanda bərqərar tutmuş
Tarixlər şahidi can-Azərbaycan.

İsmində səslənən can kəlməsində
Şəhid oğulların- canı toplanıb,
Vətən torpağının hər qarışında
İgid övladların izləri qalıb.

Dörd yanın yad ellər, dostunsa təkdir
Canına can deyən, yalnız türklərdir,
Soyumuz, kökümüz eyni nəsildən
Amma, dörd yanımız yad ellilərdir.

Qoru vətənimi, qoru ilahi
Dostu tək, düşməni çoxdan da coxdur
Haqqı düz, addımı doğru olanın
Başında min dərdi, bəlası çoxdur.

Torpağı qanıyla sulanan vətən,
Qanından gül-çiçək bitirən vətən,
Düşmən çox olsa da, namərd olsa da
Sənin kölgən olub qalacaq, Vətən.

Erkən payız

Sıralanıb qatar-qatar,
Durna yenə köç eyləyir
Necə keçdi baharla yay,
Payız gəlib, yer eyləyir.

Bulud sardı dörd tərəfi
Yağmağa fürsət gözləyir,
Sürmədik ki, səfasını
Yağmuru tüğyan eyləyir.

Ümid qalıb yenə yaza
Başqa bahar, başqa yaza
Necə gələr, nə gətirər
Çarə qalıb təkcə səbrə..

Səbrin də bir qərarı var
Gözü yorar, ürək vurar,
Təsəlliyə bel bağladıq
Ümid deyir, yaxşı olar.

Əyri otur, doğru danış
Xeyirə aç sabahını,
Atalar belə söyləyib
Zamanla hər şey durular.

Yağacaqsa-yağsın yağış
Axar su da bulanacaq,
Boşaldıqca qara bulud
Həyat yenə canlanacaq.

Payızın son yarpağı tək
Budaqlardan düşür tək-tək
Ömrümüzdən, günümüzdən
Bir il də ötüb gedəcək..



Sözsüz musiqi

Gəlir qulağıma həzin ney səsi,
İnləyir bərabər kamanın səsi
Sən toxun mizraba, mənsə dinləyim,
Canlansın gözümdə gözəl mənzərə.

Çal oğlum, çal qızım, dillərsə sussun
Yalnız musiqinin ahəngi ötsün
Yeddi səs, yeddi not qəlbdən-qəlblərə
Deyilə bilməyən duyğu ötürsün.

Hər kəsdən, gözlərdən uzaq məkanda
Nə sözə, nə dilə ehtiyacı var,
Həzin musiqinin sədalarında
Qəlbimin tək sənə ehtiyacı var.

Görən hardan gəlir bu yanıq nida
Yanıqlı qəlblərin səsidir bəlkə,
Çəkib nəfəsinə, çəkib siminə
Dilsiz-ağızsızın sözüdür bəlkə.

Dərin nəfəsinlə, sehirli əllə
Yaranır ecazkar, yanıqlı nəğmə,
Necə qəlbsiz olsa, necə ürəksiz
O da sükut ilə dinləyər, məncə.

İnləyən səsinin heyranıyam mən,
Sözsüz musiqinin vurğunuyam mən,
Ustad nəfəsində, ustad əlində
Bir ömür sükutla dinləyərəm, mən.

Çal kaman, inlə ney qəlbim titrəsin,
Ürəyin ritmi də sənlə köklənsin,
Yorğun illərimin, yorğun ömrümün
Bütün nisgilini söküb aparsın...

Payızın astanası

Çəkir əllərini yayın istisi,
Hər gün bir az daha sərin meh əsir
Yay sonu- payızın astanasında,
Qəlbimə çox qərib duyğular düşür.

Hələ yarpaq yaşıl, budaqlar yaşıl
Üzümü, alması bağlarda daşır,
Quşlar köç etməyə hazırlıq görür
Sübh şehi -payızdan xəbər gətirir..

Əvvəldən belədir, bilmirəm niyə
Təbiyyətə bağlı ruhum, əhvalım,
Tək çiçək üzümü güldürə bilsə
Üzülər, bir damla göz yaşı ilə.

Son bahar-yarpaq tək titrək varlığım
Qışda üşüməyir, inan heç zaman,
Təkcə bir anına təşəkkürüm var
Payızda göz açan qız övladım var.

Bəlkə də ürəyin gizli yerində,
Özüm də bilmədən heyranlığım var
Eh payız, görəsən sənin şəninə
Sevmədən söylənən neçə misra var?

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: