Müşfiq Əliyev (1974)

Müşfiq Əliyev (1974) Müşfiq Mürşüd oğlu Əliyev - 1974-cü il oktyabrın 31-də
Füzuli rayonunun Saracıq kəndində anadan olub.
Orta məktəbi fərqlənmə ilə bitirib. 1993-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində ali təhsil alıb.
1995-ci ildən "Xalq sözü" qəzetinin redaksiyasında öncə korrektor, sonra isə xüsisi müxbir vəzifəsində işləyib.
Hazırda Təhsil şəbəsində çalışır.



GƏL, DARAYIM TELLƏRİNİ...

Sevgi adlı nəfəsimlə,
Gəl, darayım tellərini.
Sənə qaçan ürəyimlə
Öpüm şeir əllərini.

Bu eşqimlə gizli- gizli,
Gözlərimə çəkim səni.
Səni sevən bu könlümə
Bir ömürıük büküm səni.

Gəl, bu gecə gəl, ruhuma,
Gəlişinlə bir də toxun.
Qoy hey axşın şirin- şirin
Ürəyimə o gül qoxun.

ƏN ŞİRİN YUXUM OLASAN

Bir ay kimi gecələri,
Yuxuma qonaq gələsən.
Gözlərimdən axan yaşı
Gəlişinlə sən siləsən.

Gül ətirli bir meh kimi,
Hey axasan ürəyimə.
Bir dərman, məlhəm olasan
Dodağından bu qəlbimə.

Həsrət dolu bu könlümüz,
Sevənlərlə kaş yarışa.
Bir gün həsrət sona yetə
Ruhum ruhunla qovuşa.

SƏNDƏN DOYMARAM...

Sən elə ətirli bir qönçəsən ki,
Hopsan ürəyimə səndən doymaram.
Vəsf etsəm bənzərsiz gözəlliyini
Sən adlı sevgidən, ləldən doymaram.

Sən elə duyğulu bir nəğməsən ki,
Eşqimə sən nəfəs güldən doymaram.
Ruhumla ruhunu sevsəm, oxşasam
Sənli gündən, aydan, ildən doymaram.

Sənsən taleyimin ümid qoxusu,
Sənsən gözlərimin şirin yuxusu,
Məni məndən alan ürək oğrusu
Bilki bu zamandan, andan doymaram.

SƏNİ DƏLİ KİMİ
KAŞ SEVMƏYƏYDİM...


Kaşki unudaydım ömürlük səni,
Mən səni ruhumla heç sevməyəydim
Sənə gətirdiyim böyük sirrimi
Boğub öldürəydim kaş deməyəydim.

Səni dəli kimi sevməyim söylə,
Hicrandan savayı nə verdi mənə?
Bəxtimə pay düşən yasaq sevgi tək
İndi bir ömürlük həsrətəm sənə.

Sevda yollarında qərib yolçu tək,
Dərdini oxuyan ozan kimiyəm.
İndi bu payızda külə çevrilmiş
Sönən ulduz kimi, xəzan kimiyəm.


SƏN BİR MƏLƏKSƏN...

Sənin gözəlliyin,
elə fərqli ki,
Sən nursan, işıqsan,
Sən bir Mələksən.
Sənin şirinliyin
elə dadlı ki,
Ruhuma nəfəssən,
sən bir sevgisən.
Mənsə səni sevən
bir dəli aşiq
Sənə divanəyəm...


SƏN MƏNİM BƏXTİMİN
SEVGİ ANISAN. . .

/ Bədahətən/


Sən mənim bəxtimin gecikən yazı,
Gecikən qatarı, sevgi anısan.
Sən mənim bəxtimin ən şirin nazı
Ən şirin səhəri bil, zamanısan.

Sən mənim bəxtimin sevda nəğməsi,
Ətirli nəfəsi, bal çiçəyisən.
Sən mənim bəxtimin bir dəniz səsi
Doğan günəşisən, gül ləçəyisən.

Sən mənim bəxtimin bir tək Mələyi,
Görən gözlərimin nur röyasısan.
Sən mənim bəxtimin ləldən lələyi
Elə məhəbbəti, bir dünyasısan.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: