Sürayyə Nəsib: "CANIM AZƏRBAYCANIM"

Sürayyə Nəsib: "CANIM AZƏRBAYCANIM" Sürəyya Nəsib qızı Yusifova - Özbəkistanın paytaxtı
Daşkənd şəhərində dünyaya göz açıb.
4 yaşı olanda ailəliklə öz doğma vətəninə - ata yurdları olan Naxçıvanın Şərur rayonundakı Axamət kəndinə köçüblər.
İbtidai təhsilini doğma kəndində alan Sürəyya Nəsib sonra təhsilini Kərimbəyli kəndindəki orta mətəbdə davam etdirib.
1973-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub.
1978-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirən Sürəyya xanım ailə qurub və Maxta kəndindəki məktəbdə pedaqoji fəaliyyətinə başlayıb.

Sürayyə xanım hələ gənc yaşlarından həm də şeirə, poeziyaya böyük maraq göstərib. Özü də şeirlər yazmağa başlayıb.
"Vəfalım" adlı ilk şeiri uğurlu olub. Şeir yazmaq həvəsi günü gündən daha da artıb.
Şeirləri "Azərbaycan", "Şərq qapısı", "İşıqlı yol", "Şərurun səsi", "Şərqin səsi", "Ziya", "Elnm və Təhsil", "Vedibasar" və s. müxtəlif qəzetlərdə, "Azərbaycan qadını", "Ulduz", ,"Söz", "Yurd" və s. jurnallarda dərc olunub, "Nurlu misralar", "Məhəbbət ocağında", "Günəş şərurdan keçir", "Uşaqlar və günəş", "İlham çeşməsi", "Zirvə", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım", Ləlvər dağı" və s. adlı poeziya almanaxlarında və müxtəlif ədəbi məmuələrdə işıqüzü görüb.
"Qayıt sevgimizə" adlı ilk kitabı 2000-ci ildə nəşr olunub.
"Mən yaşamaq istərəm", "Şam şamdana dönərmiş", "Bu necə taledir", "Yaman günün ömrü", " Mənə kasıb deməyin", "Ömrü belə yaşadım", "Bir gün axtaracaq o gözlər məni" və s. kimi kitabları oxucuların ixtiyarına verilib. Bu günə kimi müəllifin 17 kitabı dərc olunub. 18-ci kitabı da artıq çapa hazırdır.
Sürəyya Nəsib poeziya yaradıcılığına görə "Abdulla Şaiq", "Qızıl qələm", "M.Araz", "Nəsimi" və başqa diplom və mükafatlarla təltif olunub.

Biz də hörmətli Sürayə xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda bir neçə şeirini ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



AZƏRBAYCANIM

Bayrağın bayraqlar cərgəsindədir,
Özün ölkələrin gözü olmusan.
Varlığın xalqların haqq səsindədir,
Bax indi sən özün özün olmusan.

Dünyaya tanıtdı rəhbərim səni,
Yer, göy heyran olub gözəl hüsnünə.
Özümü ən xoşbəxt sanıram, yəni,
Mən də sığınmışam sənin köksünə.

Öndə addımlayır qeyrət, dəyanət,
Dünyamız adına söyləyir əhsən.
Deyirlər yox deyil, mövcuddur cənnət,
Mən isə deyirəm, elə o sənsən.

Ey Azərbaycanım, ey doğma diyar,
Azadlıq donunu geydin əyninə.
Ölkələr içində şah seçsəydilər,
Şah quşu qonardı sənin çiyninə.


ORDUMUZ

Qılıncım sıyrılıb, ümidi üzmür,
Düşməni Aslan tək yortur ordumuz.
Nadanlıq görəndə əsəbi dözmür,
Şərin, şər inadın yırtır ordumuz.

Namərd cəza alır dün etdiyindən,
Utanmır dərisin gön etdiyindən,
Ürəyin əmrini çin etdiyindən,
Ürəyə ürək tək, yatır ordumuz.

Sınaqdan keçibdir sədaqətiylə,
Kökündən oynadır dağı qətiylə,
Elinə, yurduna məhəbbətiylə,
Dünyanı ardıca dartır ordumuz.

Yurdun keşiyindən hər an hazırdır,
Odur ki, adına rəğbət yazıldı,
Budur yaman günün ömrün azaldır,
Qüdrətdə, qüvvətdə artır ordumuz.

Yağı əzab çəkir baş dikliyindən,
Onu qıracağıq ilikliyindən,
Vətənin canına and içdiyindən,
Andını kişi tək tutur, ordumuz .

Sürəyya, haqq mehi belə əsəcək,
Heç nə edə bilməz qayaya kəsək,
Hələ bu nədir ki, kökün kəsəcək,
Neyləsin sevməyir qotur, ordumuz.


ATATÜRK

O qaynar gözləri könül yaxardı.
Elə bil qayadan qartal baxardı,
Türkü darda görcək, zireh taxardı,
Millətin biləyi, qolu Atatürk.

Çatılmış qaşları yaya bənzərdi,
Onunçün İstanbul, Xoya bənzərdi.
Döyüşdə qəzəbli çaya bənzərdi,
Millətin atası - ulu Atatürk.

Ən zalım düşməni dara çəkməzdi,
Sinələr dağlamaz, qan da tökməzdi,
Bir pələ qulaqdan fəqət, keçməzdi,
Millətin biləyi, qolu Atatürk.

Söylədi hər yerdə, hər şeydən öncə,
" Dost yoxdur Türklərə Türklərdən öncə" ,
Türkü dəstəklədi darda görüncə,
Millətin atası - ulu Atatürk.


YETƏRİNCƏ

Hər sözü korlayıb, kağıza tökmə,
Elə seç, sevilsin söz yetərincə,
Olmasa, a canım, ölçmə, ya biçmə,
Utanar, qızarar üz yetərincə,

Boşuna uyuma, sevgidən uyu,
Oyna yetərincə, yas sanma toyu,
Xörəyi bişirməz , qaynatmaz suyu,
Ocaqda olmasa köz, yetərincə.

Düzgünlük olmasa, yaşam səhv olar,
Sevdasız ürəklər dərdə rəf olar,
Dünya məhvərindən çıxar məhv olar,
Olmasa insanlar düz, yetərincə.

Mənə öyrətməsin qoy şər , şər işi,
Bir adi zərbəmlə qırılar dişi,
Şərdən aciz deyil yaxşını ,pisi,
Görübdür Sürəyya qız, yetərincə,
24.09.2019.


ONDA

Belə qəmli görməmişdim dağları,
Qəmi yoxsa, nə baş verir bəs onda?
Açılıbdır bəlkə sevinc bağları,
Niyə qurub bardaşını nəhs onda?

Bir vaxt vardı sara qada verərdi,
Düşmənini qara oda verərdi,
Hər səsimə əksi-səda verərdi,
Nə olubdur, indi batıb səs onda,

Necə dağdır gur istiyə donursa,
Adi,zəif meh daşların yonursa,
Nadanlığı sel aparıb yumursa,
Nədən qoyub buludlardan fəs onda.

Ay Sürəyya atdığın nə qədəmdir,
Öz qədəmin öz kölgəni güdəndir,
Bilmirsənsə bu da bu cür gündəmdir,
Əzilərsən sus, səsini kəs onda.
23.09. 2019


OLMASIN

Qoynuna çağırır arzu kam səni,
Elə bax, baxışın ani olmasın,
Vallahi yanaram ,yandırram səni,
Qoy odum od qalsın , cani olmasın.

Deyirlər söz yoxdur, düz düşüncəmə,
Hər vaxt düz olmuşam, düz düşüncəmə,
Mən özüm qaneyəm,öz düşüncəmə,
Neyləyim kim olmur, qane olmasın.

Bilmirəm fikrimi necə söyləyim,
Az qalır göydəki quşu əyləyim,
Dünya fani olur, olsun neyləyim,
Təki eşq, məhəbbət fani olmasın.

Sürəyya nisgilə düşsə də hərdən,
Yaxşılıq ummayıb zərrə də şərdən,
Gecə də gündüz də duaçıyam mən,
Tanrım sevməyimə mane olmasın.
18.09.2019.


OLANMARAM

Haqqın carçısıyam, haqq sevirəm mən,
Mən haqqın başına çən olanmaram.
Düzdür şən olmağı çox sevirəm mən.
Amma el xar olsa şən olanmaram.

Hayqıran nəhs səsin nidasın allam,
Yalnız məhəbbətin sədasın allam,
Mərdin mərd mərdanə qadasın allam,
Namərdə, nakəsə tən olanmaram.

Nakəs, mənə dəyməz oxu ha tuşla,
Mən daşa gəlmərəm, sən atan daşla,
Ölçümü ölçərəm ağıllı başla,
Saça daraq ollam, dən olanmaram.

Nəsibəm, yaşaram pak ismətimlə,
Razıyam, qaneyəm öz qismətimlə,
Mənə mən deyirlər bu xislətimlə,
Başqa cür asalar mən olanmaram.


GÖZƏLDİR

Özəl gözəllik var Naxçıvanımda,
Sanmayın tək onun adı gözəldir.
Heydər xisləti var onun canında
Bu yerdə hər nə var dadı gözəldir.

Onda nə kədər var, nə nisgil, nə qəm,
Bəli, insanlardan uzaqdır sitəm,
Günəş harda necə yanır, bilmirəm,
Burda günəşin də odu, gözəldir.

Başqa bir aləmdir, bu diyar, bu gün,
Dərinə saplayır çinarlar kökün,
Sanki, təbiəti qorumaq üçün,
Dağlardan düzəlmiş ordu gözəldir.


XOCALI

Bir gecə dəhşətli kabus dolandı,
Görüm bu kabusa qada calansın.
Bir gecə Xocalı oda qalandı,
Bu gecə özü də oda qalansın.

Qıydı millətimə o qara kabus,
Xalqımın sinəsi dağlandı o gün,
Viranə eylədi yurdumu bayquş,
Yurdumun yolları bağlandı o gün.

Yanan ürəklərdən ah töküldü ah,
Qız, gəlin üz tutdu meşəyə tərəf,
Dedilər:-sən bizi öldür, ay Allah,
Qoyma ləkələnsin ləyaqət, şərəf.

Bir ana körpəsi ağladı bu an,
Düşmən eşitməsin, duymasın deyə,
Təki kiçilməsin namus, şərəf, şan,
Ana böyüklüyü qıydı körpəyə.

Qıydı övladına, ağladı için,
Sanmayın öz işin asan eylədi,
Min qadın ismətin qorumaq üçün,
Ana öz balasın qurban eylədi.

Qoymayaq bu işi ellər qınaya,
Olar ki, duymayan qəlblər var, küsür,
Bu anda övlada qıyan anaya
bəlkə də ən böyük mükafat düşür.


ƏR OLARAM

Ana, dərddən qəmdən ayıl,
Görürəm çox pərişansan.
Bu hal sənə yaraşmayır,
sən sevincə yaraşansan.
Gəl bəxtindən etmə giley,
Özünü al, ələ ana,
Qarabağ da alınacaq,
xeyir-dua dilə, ana.
Şəhid qanı yerdə qalmaz,
Bitməmişik, sağıq hələ,
Vətənimin arxasında,
Basılmayan dağıq hələ.
Vətən üçün, torpaq üçün,
Hər an alnı tər olaram,
Baxma məni qız doğmusan,
Yeri gəlsə ər olaram.


SEVMƏYƏNDƏ

Sevgisiz ürəkdə solar arzular,
Tarazı pozular tən sevməyəndə.
Mənim də dünyada çox sevənim var,
Ha sevsin, nə çıxar mən sevməyəndə.

Sənin atəşindir hopup ruhuma,
Acı var, şirin var, hər tam başqadır.
Bütün insanları sevirəm amma,
Sənə məhəbbətim tamam başqadır.

Sən mənim sinəmdə fərəhsən gülüm,
Gör bir səddi aşıb hara keçmisən?
Sən elə bir mahir cərrahsan gülüm,
Sinəmi kəsmədən ora keçmisən.

Sürəyya Nəsib,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: