Sevda Seyidqızı (1965)

Sevda Seyidqızı (1965)Sevda Seyid qızı - 1965-ci il dekabrın 2-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Qızılhacılı kəndində anadan olub.

1983-cü ildə Qızılhacılı kənd orta məktəbini
əla və yaxşı qiymətlərlə bitirib.

Vaxtilə atası Seyid kişi özü poeziya həvəskarı olmuş və şeirlər yazmışdır. Atasının şeirlərini oxuması, onlara böyük maraq göstərməsi Sevda xanımda da ədəbiyyata, poeziyaya böyük həvəs oyatmışdır.
Elə buna görə də, Sevda xanım gənclik illərindən özü də şeirlər yazmağa başlamışdır.

Sevda xanım ailəlidir, iki övladı və üç nəvəsi var.


Biz də Sevda xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik.


Zemfira AYVAZOVA,
ZiM.Az



ATA

Yazmaq istəyirəm-yaza bilmirəm,
Yozmaq istəyirəm-yoza bilmirəm,
Dözmək istəyirəm-dözə bilmirəm,
Ölümün dağ çəkib sinəmə, ata!

Fikrim qarışanda ağlım da çaşır,
Gözüm qan ağlayır, dilim dolaşır,
El-oba hər zaman səndən danışır.
Ölümün dağ çəkib sinəmə, ata!

Yaman göynəyirəm doğma qız kimi,
Yaman sızlayıram qəmli saz kimi,
Qardaşın yarası bizə az kimi,
Ölümün dağ çəkib sinəmə, ata!

Ata övladların yarağı imiş,
Ömür yollarının çırağı imiş,
Min yerdən qaynayan bulağı imiş,
Ölümün dağ çəkib sinəmə, ata!

Fələk aramıza ayrılıq saldı,
Şadlığı, sevinci əlimdən aldı,
Sevda bu dünyada atasız qaldı,
Ölümün dağ çəkib sinəmə, ata!


Sınıq Könlüm

Sındırma bir daha sınıq könlümü,
Səndən çox uzağam, aralıyam mən!
Duz basıb göynətmə açıq yaramı,
Solumdan, sağımdan yaralıyam mən.

Dağ başını qara bulud alıbdır,
Bağrın başı para-para olubdur,
Ağlamağa buz ürəyim dolubdur,
Sinəsi yaralı həm dağlıyam mən.

Bu dünyada hələ nələr görmüşəm,
Dözə bilmədiyim dərdə düşmüşəm,
Ağrı, acılara çox öyrəşmişəm,
Çünki həm ağlıyam, həm qaralıyam mən.

Demə mənə gəl ah çəkmə ürəkdən,
Xəbər gözləyirəm əsən küləkdən,
Ayırmaq olarmı gülü, çiçəkdən,
Biliynən onlara çox bağlıyam mən.

Ata istəyirəm əlim çatmayır,
Üzüm gülsə belə içim ağlayır,
Bil ki, dost-tanış da məni qınayır,
Neyləyim atama çox bağlıyam mən.


Ay insafsız

Həsrətindən xəstə düşdüm,
İnsafa gəl, ay insafsız!
Aşıq kimi səni seçdim,
İnsafa gəl, ay insafsız!

Aşiqini itiribsən,
Dərdi cana yetiribsən,
Ömrü-günü ötürübsən,
İnsafa gəl, ay insafsız!

Var Sevdanın əsli-soyu,
Mərd dolanıb ömrü boyu,
Eşqimizə qazma quyu,
İnsafa gəl, ay insafsız!
İnsafa gəl!...


Gözün

Baxışlar özgədir, duruşlar özgə,
Qəlbimi odlara salandı gözün.
Dünya bir yanadır, sənsə bir yana
Ağlımı başımdan alandı gözün.

Gözündən dünyaya şölə saçıldı,
Qəlbimi oxşadın könlüm açıldı,
Eşqin yuvasında ocaq çatıldı,
Daha inanmaram yalandı gözün.

Sanki bülbül kimi danışır, dinir,
Kədəri qüssəni könüldən silir,
Yerlərin, göylərin sirrini bilir,
Eşqimin yağısı olandı gözün.

Sən idin eşqimdə sirrim, həmdəmim,
Tökülüb , ay Sevda, başımdan qəmim,
Küsüb taleyimdən sevincim, dəmim,
Əfi ilan kimi çalandı gözün.
...çalandı gözün.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: