Dilarə Süleyman Zahidqızı: "Ana Vətən, gözlə bizi, gəlirik!.."

Dilarə Süleyman Zahidqızı: "Ana Vətən, gözlə bizi, gəlirik!.." Dilarə Süleyman Zahidqızı (Hacıyeva) - 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk dəfə şeiri 2003-cü ildə "And" "Sərbəst düşüncə"
qəzetlərində çap olunub.
Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Qara-arxac", "Şah dağı", "Ləlvər dağı" və "Rübailər" ədəbi məcmuələrində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.

Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Zemfira ASLANQIZI,
ZiM.Az



Ana

Bətnində gəzdirib, qanın yedirib,
Həyatın həsr edib, canın yedirib,
Gecə-gündüz ömrün-günün yedirib,
Daim gözü yolda qalandı ana!

Qəlbini yandırıb verir odunu,
Heç nə verə bilmir övlad dadını,
Hamı unutsada sənin adını
Hər saniyə yada salandı ana!

Sevər təmənnasız, nazını çəkər,
İncitsən qüssədən boynunu bükər,
O uca varlıqkən olsa da nökər
Özgə balasıyçün yalandı ana!

Mənim məbədimdi, mənim pirimdi,
Tanrı sevgisində böyük sirrimdi,
Qoynu ən güvənli, əziz yerimdi,
Sevərək qadanı alandı ana!

Dilarə həsrətin çəkər o nurun,
Həqiqi sevginin, müqəddəs yarın,
Günəş şəfəqitək sarıb qolların
Bahar buludutək dolandı ana!


Oy

Qara teli ağ kəfənə büründü,
Üzün cırdı,qan ağladı Vətən, oyy!
Şəhidlərin dərdi dağdan ağırdı
Dağlar basdı ürəyinə itən, oyyy!

Laçın fəryadını göndərdi göyə,
Cavanlar qocaldı cann Şuşa deyə,
Ağladı gözümüz baxıb Gəncəyə,
Qana bələn raketləri atan, oyyy!

Dünya baxır bizə kardı,kordu, lal,
İrəvan sızlayır: - Qisasımı al!
Xocalıda soyqırımı yada sal
Ayağa dur, əli silah tutan, oyy!

Yuyur elin oğulları qanıyla,
Geriyə qaytarır şirin canıyla,
Kimsə sevinməsin adı, sanıyla,
Ayağa qalx, papaq altda yatan, oyy!

Rədd olsun ölkəmdə qalan hər dığa,
Burnunuzdan gəlsin, olsun sadağa,
Tülkü verib azğın itin qabağa,
Üzə gülüb, arxasından satan oyy!

Anaların bağrına dağ basıldı,
Ocaqlardan gülüş səsi kəsildi,
Bayraq olub şərəfimiz asıldı
O bayraqçün torpağa can qatan, oyy!

Hər parçası qovuşmağı gözləyir,
Ana Vətən həsrət ilə sızlayır,
Qədim yurdlar oğulları səsləyir,
Mamır olub qayasında bitən, oyy!


Mən körpəyəm

Mən körpəyəm....
Sarsıdılan bir raket zərbəsiylə
Dünyaya üsyan edirəm
Sükutumun səsiylə.
Bir günahım yoxdur mənim
Vətənim işğaldadır
Haqqın tərəfindəyik
deyə başım qaldadır?
Uçubdur ev-eşiyimiz
Xəyallarım taptanıb
Mənfur erməni dığası
Vicdanı, arı danıb
Dünya kordu bu vəhşətə
Dünya kardı bu dəhşətə.
Hansı xain, hansı namərd
Qərar verdi bu dəhşətə?
Anam,atam qan içində,
Utan ey dünya, ahımdan
Bu günümü masalarda
oğurladın sabahımdan.
Mən körpəyəm haqqım vardı
Dinc yatmağa yatağımda
Oyuncaqla oynayarkən
Ölüm gəzir otağımda.
Şikayət etdim Allaha
Ahım, haqqım çatar mənim,
Alın mənim qisasımı!
Yoxsa qanım batar mənim!


Heyy

Dünya qorxuya düşüb, Turan havası gəlir,
Çingiz,Teymurləng, Babək, Mehmet balası gəlir.
Türkün birlik vaxtıdır, igidin xası gəlir
Daşan səbrin yağını qabağına qatır, heyyy!

Azərbaycan,ey qədim tarixi olan Vətən!
Sənə meydan suladı illərlə yoldanötən,
Ləzgin, türkün, talışın, bir yumruqdur, bir bədən
Yəhudin, avarın, tatın canına can qatır, heyy!

Müqəddəs şəhid qanı yumuş hər qarışını,
İnadla rədd edirik düşmənin barışını,
Qırılır əsarətin, dik tut artıq başını
Oğullar silahlanıb imdadına çatır, heyyy!

Yoxx unutmaz nəslimiz ağır cinayətləri,
Pusqudakı dövlətlər və alçaq niyyətləri
Yaşatdı cənnətməkan yurduma dəhşətləri,
Elə çək ki, nərəni qulaqların batır, heyyyy!

Ey Xəlilin,Məmmədin,Bəxtiyarın harayı,
Məmmədəmin arzusu,şanlı ulduzu,ayı!
Vulkan kimi püskürüb kül eylə sərhədd boyu!
Qədim torpaqlarından düşmən izin itir, heyy!

Şəhriyar həsrətinin qisasına az qalıb,
Bütöv Azərbaycanın sevdasına az qalıb.
Od salarıq düşmənin yuvasına, az qalıb
Hər əsir parçan bu gün birliyə can atır, heyyy!

Dilarə Süleymanın ömrü buna çatarmı?
Ölsə torpağın olsun,bir ovucun artarmı?
Qələbə gözləyərkən yorğun gözlər yatarmı?
Haqq yolunda irəli get Allaha xatir, heyyy!


Şirin eylə

Əlində güc yoxdusa dilini şirin eylə
Beşdən-üçdən "hörmət"et yolunu şirin eylə.

Sağkən baxma üzünə, öləndə aç kisəni,
Ellər qınayar səni, ölünü şirin eylə.

Tələsirsən batmağa,nazın yoxdu satmağa?
Tikanını gizlədib, gülünü şirin eylə.

Dilarə, can yandırıb neyləmisən odunla?
Yellər sovurar səni, külünü şirin eylə.


Gəlirik

Başı qarlı dağlarına müjdə ver,
Ana Vətən, gözlə bizi gəlirik!
Düşmənləri can evindən vurmağa,
Ana Vətən, gözlə bizi, gəlirik!..

Koroğlunun nərəsini gətirib,
Babək, Nəbi həvəsini gətirib,
Qələbənin havasını gətirib,
Ana Vətən, gözlə bizi, gəlirik!

Dağlarının çəni bizə can olsun,
Yamacların al-qırmızı qan olsun,
Qələbəmiz dillərdə dastan olsun,
Ana Vətən, gözlə bizi, gəlirik!

Koroğlunun nərəsini gətirib
Babək, Nəbi həvəsini gətirib
Qələbənin havasını gətirib
Ana Vətən, gözlə bizi, gəlirik!

Şəhidlərin qanın almağa gəldik,
Ulu yurdda məskən salmağa gəldik,
Sən bizimsən, sənin olmağa gəldik
Ana Vətən, gözlə bizi, gəlirik.

Koroğlunun nərəsini gətirib
Babək, Nəbi həvəsini gətirib
Qələbənin havasını gətirib
Ana Vətən, gözlə bizi, gəlirik!


Gəncə dərdi

Gəncənin dərdi yoxmuş
Gecələr sükut olardı,
Sabahı aydın olardı...
Gəncənin dərdi yoxmuş...
Körpələr sakit olardı
Binaların həyətində
Çox uşaq,qadın olardı..
Göyərçinlər uçuşardı
Qorxusuzca səmasında
Bağrımızın başı imiş
Bizim bu haqq davasında.
Gəncənin dərdi yoxmuş,
Xəbərsizdi gələcəkdən
Gözəlliklə tanıdırdı
Və gurultu qopdu bərkdən...
Gəncənin dərdi yoxmuş
bu günəcən...
Bağrında qopdu dəhşətlər,
Qana bələndi neçə can.
Ata tapmadı balasın,
cansız cismin qucaqlasın
Mələklər tutubdu yasın
Yer ağlasın, göy ağlasın!
Kitabları oxunmamış
Kitabları cırıq-cırıq
Oyuncaqlar sahibsizdi
Bələyində günahsız can
Ananın laylası susmuş
Deyən yox balama qurban.
Gəncənin dərdi yoxmuş
Dərd gəlibdi yığın-yığın,
Körpə ruhlar sızıldayır
Cismimdən torpağı yığın!
Nalələr çıxıbdı ərşə,
Susdurmayaq hirsimizi!
Qisas üçün qəzəb gərək
Allah kəssin səbrimizi!
Odumuzdan alovlanıb
bir yumruğa dönməliyik!
Bölüşdürək Gəncə dərdin
Qisası alınanacan
BİZ HAMIMIZ GƏNCƏLİYİK!

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: