Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ"

Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ" Nəhayət Məhəmmədqızı
(Nəhayət Şirinova) -

1981-ci il yanvarın 6-da
Quba rayonundakı Tülər kəndində
ziyalı ailəsində dünyaya göz açıb.
ADPU Quba filialının əməkdaşıdır.
Fəal ictimaiyyətçidir.
YAP Quba Rayon Təşkilatının
Qadınlar Şurasının sədr müavinidir.
İnklüziv təhsil üzrə təlimçidir.
Ailəlidir, 3 övladı var.
Nəhayət Məhəmməd qızı həm də poeziya vurğunudur.
Hələ orta məktəb illərindən şeirlər yazır.
Şeirləri müxtəlif poeziya antologiyalarında,
o cümlədən, "Zirvə", "Vətən", "Canım Azərbaycanım",
"Xarıbülbül", "Buta", "Rəvan", "Poeziya çələngi", "Şərqin səsi"

və s. ədəbi məcmuələrdə, "Şərqin səsi", "Elm və təhsil"
və s. mətbuat orqanlarında dərc olunub.
Hazırda biri şeirlər, digəri isə publisistik məqalələr olmaqla
"Borçalı" nəşriyyatında iki kitabı çapa hazırlanır.
Azərbaycan Jurnalistlər Birliyinin və
"Borçalı" nəşriyyatının Redaksiya Heyətinin üzvüdür.
Eyni zamanda, "Şərqin səsi""Elm və təhsil" qəzetlərinin şöbə müdiri,
"ZiM.Az" "Zirve.info" saytlarının Quba rayonu üzrə bölgə müxbiridir.
"Abdulla Şaiq", "Araz", "Zirvə" və "Qızıl Qələm" mükafatları laureatıdır.
"XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.
Bir neçə dəfə Fəxri Fərmanla təltif olunub.

Biz də Nəhayət xanıma yeni-yeni uğurlar arzulayır
və onun bir neçə şeirini aşağıda dəyərli oxucularımıza
təqdim edirik.


ZiM.Az


Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ" Azərbaycan!

Adınla bağlıdır bütün zəfərlər,
Ey odlar diyarım, Azərbaycanım!
İgidlərin yolunda can verərlər,
Ey gözəl diyarım, Azərbaycanım!

Adın sanın bəllidir hər millətə,
Az yaşınla çatmışam bu ülfətə,
Örnək oldun sən minlərlə dövlətə,
Sən ey qalib yurdum, Azərbaycanım!

Ulu Heydər dühasından güc aldın,
Müstəqillik zirvəsinə güc aldın,
Zəfərinlə sən dünyaya səs saldın,
Qalibiyyət yurdu, Azərbaycanım!

Sərhədləri aşdı səsin, sorağın,
Qan tökməyə yoxdur sənin marağın,
İlham Əliyevdır Ali Baş Komandanın!
Qələbə müjdəli, Azərbaycanım!

GÖZÜN AYDIN,
XARI BÜLBÜL


Xarı bülbül gözün aydın,
Yurdun-yuvan azad oldu.
30 ildir viran olan,
Cıdır düzün azad oldu.

Boynu bükük qönçələrin,
Cərgə-cərgə çiçək açdı.
Xankəndindən Qubayadək,
Ləçəklənib ətir saçdı.

Yallı tutdu oğlun-qızın,
Qarabağa qurşaq kimi,
Əyilməzdir, vüqarlıdır,
İgidlərin qartal kimi.

Gözün aydın Xarı bülbül,
Yurdun-yuvan azad oldu.
30 ildir viran olan,
Cıdır düzün azad oldu.


QİSAS QALMAZ QİYAMƏTƏ

Qisas qalmaz qiyamətə,
Qarabağda qara qalmaz.
Torpaqları qusul alar,
Analarda yara qalmaz.

Şuşa İsa bulağına,
Qonaq edər gözəlləri.
Zəfər çalar igidləri,
Dolaşar hey söz elləri.

Şuşamızda yuva qurar,
Qaranquşlar budaq üstə
Zəfər günü yallı gedər,
Ərənləri dəstə-dəstə.

Qisas qalmaz qiyamətə,
Vətən bağı əlvan olar.
Qürurlan şəhid anası
Qarabağ Azərbaycan olar!


ANA

Adın müqəddəsdir, adına qurban,
Ömrünü bizlərə sərf edən Anam.
Halal zəhmət ilə böyütdün bizi,
Bizə həyat verən mehriban Anam.

Qəlbinə dəysək də sən hey “can” dedin,
Bizə bizdən də çox yananım Anam.
Öz canını sən bizə qurban verdin,
Bizə həyat verən mehriban Anam.

Ömrün uzun olsun, canın sağ olsun,
Arzumdur ki, anam hət an var olsun.
Ürəyin bizlərdən fərəhlə dolsun
Bizə həyat verən mehriban Anam.

Yuxusuz gecənə qurbanam, Ana,
Bizimlə rəng qatdın sən öz dünyana.
Borcumdur ki, hər cəfana dayanam,
Bizə həyat verən mehriban Anam.


QUBA

Adın-sanın səs salıbdı hər yana,
Cənnət məkan olan diyarım Quba.
Şimal paytaxtısan sən bu ölkənin,
Xoş gəlir sorağın, sənin ay Quba.

Şah dağından ilham aldım daima,
Xınalığın gözəlliyi bir yana.
Minarədə tamaşaya dayana
Hər gələn qonağın, sənin ay Quba.

Ağ çay ilə Qara çayın bacıdır,
Baxıram hər tərəf bağdır, bağçadır,
Təngaltı dərəsi bir tamaşadır,
Nurludur çırağın, sənin ay Quba.

Bir tarix qalası deyim mən sənə,
Səlnamə yazmısan sən bu cahana,
Qəcrəşin havasın çəkdim sinəmə
Adına qurbanam sənin ay Quba.


DOĞMA UNİVERSİTETİM

ADPU Quba filialının
30 illik yubileyinə həsr edirəm


Qucaq açdın, sığındıq isti sinənə,
Alışdıq, qaynadıq,canına hopduq.
Doğma ana kimi isitdin bizi,
Doğma bala kimi mehriban olduq.

Neçə müəllimə həyat yolusan,
Yolların müqəddəs, yolların pirdir.
Saysız tələbəyə həyat dolusan,
Hamıya açılan qolların birdir.

30 il sən bizi əzizləyirsən,
30 il biz sənə nəğmə deyirik.
Sən bizi elmli, müdrik edirsən,
Biz sənə tərtəmiz sevgi veririk.

30 uncu ad günün, bu gün qeyd edir,
Müdrik Pedaqoji universitetim.
Sənlə bölüşürən sevinclərimi,
Sənlə idraklaşır hər dərdim, sərim


GÜLÜM

Yollarım narahat, qəlbim pərişan,
Mən sənə çatmağa acizəm, gülüm.
Həsrətin qəlbimi didib parçalar,
Mən sənsiz bir heçəm, bir heçəm gülüm.

Unutmaq carədir, başqa cür olmur,
Gərəkdir qurtaraq biz bu zillətdən.
Əzaba dözməyə tabım qalmayıb,
Bir dəva görmədik bu məhəbbətdən.

Yollar qovuşmayır ha yazsaq, pozsaq,
Yazanın yazısın pozmaq olmayır.
O, qədər yuxuma gəlirsən inan,
Yuxunu tərsinə yozmaq olmayır.

Yolların uzaqdır, məndə pərişan,
Mən sənə de hansı yolla qovuşum?
Qismətin kəndiri boynumdan incə,
Gərək qismətimə gedim qovuşum.


GİZLƏ MƏNİ ÜRƏYİNDƏ

Gizlə məni ürəyində,
Aman yada satma belə.
Bir əğyara uyub bir gün,
Çıxarıban atma belə.

Qovuşmasaq giyelənmə,
Uzaqların sevgisi ol.
Öz içində yad olsan da,
Sən gəlbimin doğması ol.

Uzaq tutma məni səndən,
Ürəyində məhbəsə al.
Qoy qəlbində dustaq olum,
Cəzamı da ömürlük sal.


QIZIMIN TOY GÜNÜNƏ

Sən ömür bağçamda açan çiçəksən,
Arzumdur xoşbəxt ol hər zaman qızım.
Həyatda nə qüssə nə qəm görəsən,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Bu gün başladığın bu yeni yolun,
Sənə sevgi dolu çələng yetirsin.
Arzumdur yarınla çox xoşbəxt olun,
Həyat sizə xoş müjdələr yetirsin.

Sən mənim gözümə tək dolan sevinc,
Sən dünya içində dünyamsan qızım.
Sən ilk növbaharım, sən ilk baharım,
Xoşbəxtlər xoşbəxti olasan, qızım.

Güllərdən gözəlsən, şirin sözlümsən
Ürkək baxışlımsan, gözəl gözlümsən
Dövlətim, varımsan cah cəlalımsan
Bəxtin də donun tək ağ olsun, qızım.


Axtarıram mən Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ"

Sənsiz keçən günüm, gün deyil ömrüm,
Sənli günlərimi axtarıram mən.
Sənə bir zamanlar dediyim, gülüm,
Şirin sözlərimi axtarıram mən.

Mən oldum səninçün haqqa əl açan,
Sənin görüşünə quş təki uçan.
Tanrıya səninçün yüz yol əl açan,
Göydə əllərimi axtarıram mən.

Danış bir yalançı söylədiklərim,
Sənlə bir olmağdı yalnız istəyim.
Bil hər an sızlayır, fəqan ürəyim
Sənli illərimi axtarıram mən.

Sanki yox olubdur,o, günlərimiz,
Yetim tək boynunu bükdü sevgimiz,
Üst-üstə düşmədi istəklərimiz
O, nakam qisməti axtarıram mən.

Hara baxıramsa səni görürəm,
Sənin xəyalınla qala görürəm,
Qalada şahzadə səni görürəm,
İtkin xəyalları axtarıram mən.

Əlimi tutmağa əl tapmıyanda,
Qəlbimi odlayan dil tapmıyanda,
Heç kəsin yanında yer tapmıyanda,
Heyy səni gəzirəm, axtarıram mən!
Hey səni gəzirəm, axtarıram mən!


Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ"Ürəyimi açıram

Sirli ürəyimi sənə açıram,
Qəlbimin niskili boşalsın deyə.
Riyadan, yalandan uzaqlaşıram
Qorxuram gün gələr başımı əyər.

Gözümün gülüşü aldadır səni,
Mən kədər yeyirəm çörək yerinə.
Özüm də bilmirəm necə dözürəm,
Sinəmdə daş vurur, ürək yerinə.

Gah dönür həyatım zülmət gecəyə,
Ömür yollarında gah sökülür dan.
Soyuğ ocağımı isitsin deyə
Bir çırağ görünür sanki uzaqdan.

Elə bil həyatım nağıl kimidir,
Bax hər kəs dinləyir mənim dilimdən,
Ay dostlar, bəlkə siz deyəsiz bilim
Mən hara üz tutum fikrin əlindən?

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: