HƏCƏR QƏBƏLƏ

HƏCƏR QƏBƏLƏ Əziz oxucularım!
Mən Həcər Mahmudova (Həcər Qəbələ) - qədim Odlar yurdu Azərbaycanın qədim, gözəl və əsrarəngiz diyarlarından olan Qəbələnin Çüxür Qəbələ kəndində anadan olmuşam.
Elə həmin kənddə orta məktəbi müvəffəqiyyətlə bitirmişəm
və sonra təhsilimi tibb sahəsi üzrə davam etdirmişəm.
Sənətim tibb bacısı olsa da, uzun illərdir ki, mən hərbi sahədə çalışıram.
3 evladım - 1 oğlum, 2 qızım var.

Hələ orta məktəb illərindən bədii ədəbiyyata böyük marağım olub.
Elə kiçik yaşlarimdan şeirlər, məqalələr yazmağa başlamışam. Yazdıqlarım dövrü mətbuatda müntəzəm olaraq çap olunub.
Mən ədəbiyyat dünyasını tam dərindən öyrənmək üçün, bir çox məclislərin üzvü olmuşam. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Eyni zamanda, Vahid poeziya evinin, Aşıq Qurbani məclisinin, Ocaq, Araz, ədəbi birliklərinin, qardaş ölkə Türkiyənin Sivas Yazarlar Birliyinin üzvüyəm.
“Geleneksel uluslararası diploma”na layiq görülmüşəm.
"Azərbaycan bayraği" fəxri diplomu ilə təltif olunmuşam.
5 kitab müəllifiyəm:
"Bir şamın gözündə yaş olmasaydım" adlı ilk kitabim 2007-ci ildə işıqüzü görüb
"Yaxşi ki, dünyamda sən də var idin" adlı ikinci kitabımı 2009-cu ildə,
"Qəlbimin qəm çiçəkləri" adlı üçüncü kitabımı 2012-ci ildə,
"Tənhalığın göz yaşlari" adlı dördüncü kitabımı 2014-cü ildə və
"Yaman yordu yollar məni" adlı beşinci kitabımı 2019-cu ildə dəyərli oxucularıma təqdim eləmişəm.
Şeirlərim 30-dan çox müxtəlif kitabda, almanax və ədəbi məcmuələrdə də çap olunub.
Güman edirəm ki, bundan sonra da yazdığım şeirlərimlə oxucularımın qəlbini, ruhunu oxşayacağam.

REDAKSİYADAN:
Biz də hörmətli Həcər xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini təqdim edirik.


Püstə RƏVAN,
ZiM.Az



QADIN

Bülbül gül götürər, qarğalar zibil,
Hər canlı bir dünya əzabıdı bil.
Qəlbinin aynasın qırsa acı dil,
Ruhundan yanağa süzülər qadın.

Gözəl qadınların "çirkin" əlləri
Görüncə qaralar xatirələri.
Hər ləkə üstündə xəyanət yeri
Yaralı köksündə üzülər qadın.

Sirləri xatirə xəzinəsində
Toplanar sükutun bir guşəsində.
Harayı gecənin dar qəfəsində
Əngin səmalara düzülər qadın.

Güləndə gülüşü günəşə bənzər
Kədəri bihudə öpüşə bənzər.
Bəzən "yas içində", bəxtiyar gəzər
Bəzən yad baxışdan əzilər qadın.

Xəfif qayğıların pərdəsi sərin
Zamanla silinir düşüncələrin.
Hərdən bir, bir-iki söz yazan Həcərin,
Çəkilər qoynuna, büzülər qadın.
30.01.2021.


GETMƏDƏN

Bir gün mən də gedəcəyəm,
Dinlə məni, qal, getmədən.
Sənə gizli bir sirrim var,
Verim sənə al, getmədən.

Sökülər dan gecəsindən,
Kimsəsizlər küçəsindən.
Buz tökülür nəfəsindən,
Ört üstümə şal, getmədən.

Əzilir bəyaz duvağım,
Zəncirdə ruhu dustağım.
Ayağin altda torpağım,
Çək üstündən, yol, getmədən.

Gündüzlər həsrətin çəkdim
Gecələr incilər tökdüm.
Könlümü bir gülə bükdüm
Götür, bir vüsal, getmədən.

Gün keçdi ay Həcər, oyan!
Varmi heç anlayan, duyan?
Yol uzaqdı, bir az dayan!
Vermə, çox sual, getmədən.
12.01.2021


YORULMAMISIZ?

Ey, ALİ savadlı, iş axtaranlar
Ey, susuz çaylara, körpü salanlar.
Ey əyri dünyanı, düz dolananlar
AY evdə qalanlar, Yorulmamısız?

Şəhid məzarında boyun buranlar
Gözünün yaşını qıfıllayanlar.
Şaxtada, sazaqda, cəbhə quranlar
Keşikdə duranlar, Yorulmamısız?

Ey, könül uçurub, qəlb oğruyanlar
Qızıldan dam qurub, göz dağlayanlar.
Ruhumu sarıyan, xəstə loğmanlar
Əcaib şeytanlar, Yorulmamısız?

Ay Həcər, çox gəzmə, viranələri,
Axtarma özün tək, divanələri.
Hər gün eşitdiyin bəhanəlıri,
Dərmansız böyüdür, saxta yalanlar.
Heyy alıb, satanlar, Yorulmamısız?


QƏZƏL


Bir həzin yel apara, könlümü gülzarə tərəf,
Ola bülbül aşiqi baxmaya gül, xarə tərəf.

Gecələr atəşinə dolandım pərvanə kimi,
Nədəndi can atıram yandıqca o, narə tərəf.

Üz tutdum bir rəssama, dedim; həyat rəsmimi çək,
Fələk öz fırçasıyla çəkdi üzü qarə tərəf.

Yığıldı payız buludu gözlərimin keçməsinə,
Yağdı buzlu göz yaşım, axmadı baharə tərəf.

Köç etdi qərib durnalar, dönmədi ömrün qatarı,
Nə tez getdin Həcərim, sən üzü məzara tərəf.
27.01.2018.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: