XIDIR XIDIROV (1957)

XIDIR XIDIROV  (1957) Xıdır Xıdırov - 1957-cil dekabrın 5-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayounundakı
Yuxarı Orzuman kəndində anadan olub.
1964-197-cü illərdə Yuxarı Orzuman kənd orta məktəbində oxuyub.
1974-1978-ci illərdə Azərbycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) kimya fakültəsində ali təhsil alıb.
1978-ci ildən dogma Yuxarı Orzuman kənd orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
2005-2005-cu illərdə həmin məktəbdə direktor müavini,
2005-2010-cu illərdə isə direktor işləyib.
Hazırda da dogma məktəbində kimya-biologiya müəllimi kimi pedaqoji fəaliyyətini şərəflə davam etdirir.
"Baş müəllim" adına layiq görülüb.
Ailəlidir; 3 övladı - bir oğlu, iki qızı var. Hər üçü aliləli və ali təhsillidirlər. 9 nəvəsi var.
Xıdır Xıdırov gənclik illərindən həm də bədii yaradıcılıqla da məşqul olur.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə,
o cümlədən "Zirvə" poeziya antologiyasında, "Vətən", "Canım Azərbaycanım", "Poeziya çələngi" və s. ədəbi məcmuələrində dərc olunub.

Bu gün Xıdır müəllimin doğum günüdür!..
Biz də fürsətdən istifadə edərək,
"ZİM.Az"-ın bütün Yaradıcı Heyəti adından
hörmətli Xıdır müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, pedaqoji fəaliyyətində, eləcə də
bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza
ərmağan edirik!..


Müşfiq BORÇALI,
ZiM.Az



XIDIR XIDIROV  (1957) İKİ DÖVLƏT, BİR MİLLƏT...
QOŞA BAYRAQLAR...


Həm dövlət rəmzidir, həmdə ki, qeyrət,
Tanındı dünyada, qazandı şöhrət
Biz iki dövlətik, ancaq bir millət
Qaynayıb, qarışıb qoşa bayraqlar.

Müzəffər ordunun mərd duruşunda,
Xalqının qürurlu, sərt baxışında,
Ana yurdumuzun hər qarışında
Sancıldı torpağa, daşa bayraqlar.

Yayıldı şad xəbər dillərdən-dilə,
Azadlıq verildi xarı bülbülə,
Ali Baş Komandan zəkası ilə
Ucaldı zirvəyə, başa bayraqlar.

Hər zaman, hər yerdə haqqı arayan,
Pis iş əməlləri daim qınayan,
Çevrildi aləmdə sülhü qoruyan
Göyərçin müjdəli quşa bayraqlar...

ZİRVƏDƏDİ AZƏRBAYCAN

İbrət alın bu millətdən
Əbədi çıxdı zillətdən
Söhbət düşərsə qeyrətdən
Zirvədədi Azərbaycan.

Çox qürurlu, fəxarətli,
Torpağına sədaqətli,
Ən dəyərli, ləyaqətli
Kəlmədədi Azərbaycan.

Sinə gərdi od-alova,
Həkk olundu yaddaş-yada,
Şirin, həzin bir laylada
Nəğmədədi Azərbaycan.

Gələcəyə düz baxışda,
Həm bəzəkdə, həm naxışda,
Sökülməyən toxunuşda
İlmədədi Azərbaycan.

Ayı, günü saya-saya,
Haqq sözünü yaya-yaya,
Təsdiq etdi bu dünyaya
Bir dənədi Azərbaycan...

QEYRƏT VAXTIDIR

Ey igid oğullar, igid ərənlər,
Yağılara qəzəb, nifrət vaxtıdır.
Ana yurdu tapdaq altda görənlər,
Vətən qarşısında qeyrət vaxtıdır.

Namusu qorumaq, qüruru tutmaq,
Od, alov yağdırıb şimşəktək çaxmaq,
Düşmən səngərini dağıtmaq, yıxmaq
Sarsılmaz ordunun qüdrət vaxtıdır.

Qəhrəman xalqımın mərd duruşuna,
Qocanın, körpənin sərt baxışına
Vətən torpağının hər qarışına
Şəhidlər ruhuna hörmət vaxtıdır.

Haqqa güvənərək haqqa çatmağın,
Qəmli ürəklərə sevinc qatmağın,
Müqəddəs bayrağı uca tutmağın
Odlar yurdumuzun şöhrət vaxtıdır...

QARABAĞ AZƏRBAYCANDIR!
ŞANLI QƏLƏBƏ


Deyilən sözlərin durub qəsdinə,
Vətənsiz düşmənin hər bir dəstinə,
Od, alov yağdırıb yağı üstünə
Şimşəktək çaxmaqdı şanlı qələbə.

Ağıllı düşüncə, düzgün siyasət,
Vətənə məhəbbət, coşqun sədaqət,
Tükənməz bir qeyrət, möhkəm dəyanət
Sıxılan yumruqdu şanlı qələbə.

Saxta arşınıyla bez biçənlərə,
Özgə torpağına göz dikənlərə,
Vəhşilik törədib qan tökənlərə
Sanbanan barmaqdı şanlı qələbə.

Yolu işıqlıdı, haqqa toxdaqdı,
Hər vaxt yer üzündə sülhə ortaqdı,
Vətənə, millətə böyük dayaqdı
Möhtərəm İLHAMDI şanlı qələbə...

ENMƏYİ DƏ VAR...

Öyünmə xoş halın, xoş əhvalınla
Çoşan ilhamların sönməyi də var.
Heç vaxt qürrələnmə öz sanbalınla
İnsanın zirvədən enməyi də var.

Həyat yollarında özünü öymə,
Bəd olub heç kəsin işini əymə,
Kimisə alçaldıb xətrinə dəymə
Dinməzin qarşında dinməyi də var.

Qoru toxdaqlığı, saxla səbrini,
Möhkəm tut söhbətin, sözün qədrini,
Hər kəsin yanında açma dərdini
Düşmənin sirrini bilməyi də var.

Yayılsa şöhrətin, şanın hər yana,
Mənəm-mənəm deyib çıxma meydana,
Bir ləkə düşəndə bu ada, sana
Nadanın başına gülməyi də var...

GƏRƏK

Kimsə istəyəndə, səni çaşdıra
Onun xislətini sezəsən, gərək
İşin bəd gətirib düşəndə dara
Hər bir dolaşığı çözəsən gərək.

Nə çoxdu dünyanın yaxşı-yamanı,
İşıqlı yolların çəni, dumanı
Hər kəs tapa bilər ahı, amanı
Düşsən çətinliyə, dözəsən gərək.

Sözün tutmayanda yadla, yaxınla,
İnciyib küsəndə dostla, qohumla
Bir yara vursan da yaylı oxunla
Sonuncu sözünü biləsən gərək.

Ağılla omr edib yollar keçəndə,
Öz iş-əməlini ölçüb biçəndə
Ağı da qaradan düzgün seçəndə
Həmişə axırda güləsən gərək...

QOÇA DÜNYANIN

İnsan var ki açıb tökər aybını
İnsan da var hər an çəkər qayğını
Öz havana oyna sən öz oynunu
Havaları çoxdu qoca dünyanın.

Əsirgəmir dövlətini varını
Heç düşünmür əvvəlini sonunu
Sevindirir şadlandırır hamını
Axır payı azdı qoca dünyanın.

Ğahdan qapı açır gahdan bağlayır
Ğahdan insan gülür gahdan ağlayır
Fərqi yoxdu kimi necə saxlayır
Müdəm özü sazdı qoca dünyanın...

XIDIR XIDIROV  (1957) ANA QAYĞISI

Ən şirin musiqi, ən şirin nəğmə
Ananın bir şirin laylasındadı.
Oyaq gecələrin yorğunluqları
Ana gözlərinin qarasındadı.

Oğulun qeyrəti , qızın isməti,
Şirin arzuların hər xoş niyyəti,
Həyatın ən böyük şanı , şöhrəti
Ana ürəyinin qayğısındadı.

Ən böyük mənzərə, ən böyük sərgi,
Ən ülvi məhəbbət, ən təmiz sevgi,
Qoca təbiətin ən gözəl rəngi
Ana dünyasının boyasındadı...


GÖZƏLLİK

Köklü saxla hər vaxt ömrün sazını
Xoş avazla səslə bahar-yazını
Çəkəmməsən hər cür işvə-nazını
Səndən üz döndərib küsər gözəllik.

Tanrı bəxş eləyir belə neməti,
Yoxdu bir əvəzi, yoxdu qiyməti,
Səndən istədiyi zəri, zinəti
Ondan əsirgəmə, bezər gözəllik.

Çınqıllı, kəsəkli, daşlı yolların,
Çətin məqamların, çətin anların,
Kinli baxışların, pis insanların
Ömrünü, gününü üzər gözəllik.

Nanəcib insanlar səni anarsa,
Ruhuna bəd nəzər gəlib qonarsa,
Qəlbinə qor dolub ürək yanarsa
Üstündə meh olub əsər gözəllik.

Sən uca tutsan da ləyaqətini,
Gərək saxlayasan dəyanətini,
Qoruya bilməsən təravətini
Səndən uzaqlarda gəzər gözəllik.

Qulluğunda dayan qışı, yayı da,
Diqqətindən salma günü, ayı da,
Köçəri quş deyil gedə, qayıda
Səndən ayağını kəsər gözəllik...


GÖZƏLDİ

Ulu Borçalının bir dan ulduzu
Başkeçid başdadı, adı gözəldi
Suyunda buzu var, çörəkdə duzu
Hər bir nemətinin dadı gözəldi.

Gözəllər hər zaman təravətlidi,
Oğullar qeyrətli, məharətlidi,
Canları yanandı, sədaqətlidi
Həm dostu, həmdə ki yadı gözəldi.

Nənələr, babalar istiqanlıdı,
Uşaq da, böyük də şirin canlıdı,
Arzu-diləklidi, xoş amallıdı
Hər yurdun ocağı, odu gözəldi.

Əgər soruşsanız bunlar nədəndi,
Bəlkə bir səbəbi, gələn, gedəndi,
Bilin bircə nemət bunu edəndi
Anaların halal südü gözəldi ...


GÖZƏLLƏŞİR

Mən səni görəndə könlüm gül açır,
Sanki üzərimə günəş nur saçır,
Elə bil qəm-qüssə teylənir, qaçır
Bir xoş təbəssümlü üz gözəlləşir.

Mən səni görəndə nurlanır yolum,
Yora bilmir məni yoxuşum, yalım,
Elə bil güc alır qanadım, qolum
Qəlbimə yol salan iz gözəlləşir.

Mən səni görəndə yüksəlir zövqüm,
Baldan dadlı olur söhbətim, sözüm,
Elə bil işvə-naz axtarır gözüm
Baxışım dincəlir, göz gözəlləşir.

Mən səni görəndə dünyam genəlir,
Qəlbimin telləri zildə köklənir
Elə bil dilimə şirinlik gəlir
Dəhanımdan çıxan söz gözəlləşir.

Mən səni görəndə açılır səmam,
Silinir qəlbimdən qəm, kədər tamam,
Elə bil böyüyür nəğməli dünyam
Ruhumda xoş avaz, saz gözəlləşir.

A DÜNYA

Üzün zədələnib qat-qat olubdu
Nə vaxt töküləcək pasın, a dünya.
Kədərdən hər kəsin rəngi solubdu
Səngimək bilməyir yasın, a dünya.

Coşur dalğaların hey dəstə-dəstə,
İndi seçilməyir sağlamla xəstə,
İtir köksümüzdən quru nəfəs də
Neynədinsə, olsun bəsin, a dünya.

Çox da meyl eləmə sən tərsliyə,
Eləmək asandır, nə var pisliyə?
Öyrətmə özünü çox hərisliyə
İtsin yaddaşından nəsin a dünya.

Bəlkə ətəyindən tökəsən daşı,
Yuyula, quruya gözlərin yaşı,
Möhlət ver, millətin açılsın başı
İnciməsin heç bir kəsin, a dünya...


AY BİZİM DAĞLAR

Dağlarımızı sevənlərə


Qohumdan, qardaşdan mən yarımadım
Sən mənə qardaş ol ay bizim dağlar.
Vallah umacağım yoxdu heç səndən
Qəlbimə sirdaş ol ay bizim dağlar.

Dostdan başqa neçə düşmən, yağı var,
Hər kəsin güvənci, solu, sağı var,
Qoy desinlər arxasında dağı var
Gəl mənə soydaş ol ay bizim dağlar.

Baxanda başında dumana, çənə,
Sanki bəxş edirsən dünyanı mənə,
Minlərlə söz-nəğmə qoşaram sənə
Hər zaman çağdaş ol ay bizim dağlar.

Demirəm şərik ol dərdi-qəmimə,
Demirəm sevinc qat hər bir günümə,
Mənim innən belə qalan ömrümə
Vəfalı yoldaş ol ay bizim dağlar.

Səni sevənləri salma nəzərdən,
Xeyir-düan gəlsin hər söhbət-sözdən,
Sən bizə bəxş eylə doxsandan, yüzdən
Özünsə min yaş ol ay bizim dağlar...


BU DAĞLAR

A dostlar, yolunuz qoy açıq olsun
Yaman intizarda qalıb bu dağlar.
Unutmur heç zaman düz ilqarını
Həsrətdən kövrəlib, dolub bu dağlar.

Gedib- gələnləri azalan gündən,
Elə bil küsübdü bizim ellərdən,
Keçmiş dövranından, keçən illərdən
Şırin xəyallara dalıb bu dağlar.

İlhamı dağlardan alan kəslərin,
Hər günü yadına salan kəslərin,
Yolları bağlanıb qalan kəslərin
Çoxundan nigaran olub bu dağlar.

Bu il tez duyulur yazın havası,
Çoxalır dağların nazı, ədası,
Sanki söz-söhbəti yadda qalası
Çoxlu ismarıclar alıb bu dağlar...


A B A D O L S U N...

BU ŞEİRİMİ, YARADICI İNSANLARA
HƏR ZAMAN MƏNƏVİ DƏSTƏK OLAN,
DƏYƏRLİ ZİYALIMIZ, GÖZƏL İNSAN
MÜŞFİQ BORÇALIYA HƏDİYYƏ EDİRƏM.


Necə dəyər verim mən bu zəhmətə,
Layiq olsun hər bir şərəf, şöhrətə,
Ruhunda toplanan milli qeyrətə
Alqış deyənlərin könlü şad olsun.

Qəlbində yurd salan arzu-niyyətdə,
Ünvanına gələn sözdə, söhbətdə,
Halalca tapdığı hər bir nemətdə
Zövqünə xoş gələn şirin dad olsun.

İnsanlıq naminə olan hörməti,
Özünə layiqli dəyər qiyməti,
Həyatda ən gözəl varı, sərvəti
Büllurtək saf olan təmiz ad olsun.

Dostlar, unutmayın bu söhbət-sözü,
Qəlbə hakim edin düzlüyü, düzü,
Müşfiq Borçalının hər yolu, izi
Şərəfli ömründə qoy abad olsun...

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: