Cavidan: "TANIŞ OLAQ, BU MƏNƏM!"

Cavidan: "TANIŞ OLAQ, BU MƏNƏM!" Cavidan 7 şeir kitabi, 1 sözlərinə bəstələnmiş mahnilardan ibarət diskin müəllifidir. Sözlərinə yüzə yaxin mahnilar bəstələnmiş, mahnilari dəfələrlə müsabiqələrdə qalib olmuşdur. Mahnilari Rəşidə Behbudova, Nazpəri Dostəliyeva, Sevda Və Emma Ələkbərzadələr, Nuri Sərinləndirici, Zamiq Hüseynov, Nura Suri, Rəqsanə Ismayilova, Xatirə Islam, Ruhəngiz Allahverdiyeva, Xuraman Şuşali, İlhamə Qasimova, Aysun Ismayilova, Xatun, Samir Bağirov, Samir Cavadzadə və s. Taninmiş müğənnilər tərəfindən ifa edilmişdir. Mahnilari dəfələrlə “v&v company” tərəfindən keçirilən “İlin mahnisi” nominasiyasi üzrə qalib olmuşdur.
Əsərləri türk, rus, ingilis, fars, gürcü dillərinə tərcümə olunmuşdur. Ədəbiyyata xalq şairi zəlimxan yaqub, xalq şairi nəriman həsənzadə və unudulmaz şairimiz nurəngiz günün xeyir-duasi ilə gəlmişdir.
2009-cu ildə Yeni Azərbaycan Partiyasi tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi bələdiyyəsinə üzv seçilmiş, “Gənclər, idman və turizm məsələləri daimi komissiyasi”nin sədr müavini vəzifəsində çalişmişdir. Azərbaycan Yaziçilar Birliyinin üzvü, prezident mükafatçisidir.



TANIŞ OLAQ, BU MƏNƏM!

Hisslərimdən... utanmıram!..
Eşq...
nifrət...
ehtiras... –
Bu mənəm!..
Gizlətmirəm heç nəyimi!
Birdir üzüm, astarım!
“Nəsənsə, o cür də ol!” –
budur mənim şüarım...
Mən yalanı sevmirəm!
Qəşəng, şirin yalandan
yüz min dəfə yaxşıdır
çirkin, acı həqiqət!
Məni qəzəbləndirir üzəvari ibadət,
üzəvari itaət!
Gizlətmirəm tərzi-həyatımı,
fikrimi,
sözümü...
Barama qozasında gizlənmiş tırtıl kimi
gizlətmirəm özümü!
Mən su kimi şırıl-şırıl axıram,
cığırıma düşmən daşı dolsa da!
Mən günəşin düz üzünə baxıram
parıltısı gözlərimi yolsa da!
Külək kimi əsirəm,
yarpaq kimi əsmirəm!
Mən təklikdən qorxmuram, –
taleyimdən küsmürəm!..
Döyüşkəndir,
dəyişkəndir
içimdəki duyğular! –
Dörd fəsiləm:
baharım var...
yayım var...
payızım var...
qışım var...
Aşinamdır poeziya və şərab...
Məhəbbətdir fəlsəfəm! –
Bu mənəm!..




DALĞALAR

Sevgilim, küləklə çarpışır dəniz,
dalğalar qıvrılır saçların kimi.
Gəzirəm sahili fikirli, sənsiz,
sevgimin bu küskün, bu məlul dəmi...

Sevgilim, yadıma düşürsən yenə:
havada oynadır saçını külək,
açıb qollarını qaçdıqca mənə,
elə bil, uçursan bir qağayıtək.

Səni qucaqlayıb, sıxıb sinəmə,
saçını doyunca qoxlayıram mən.
Sarmaşıq qollarım sarılıb sənə,
buraxmaq istəmir səni sinəmdən.

Sonra ayaqyalın, verib əl-ələ,
dəniz sahilini gəzirik qoşa.
Dəniz dalğalanır, xəyallar ilə
onu seyr edirik verib baş-başa...

İndi sənsiz-sənsiz xəyala dalır,
könlüm bu sahildə axtarır səni...
Elə bil, dalğalar yadıma salır
sularda qərq olan gülüşlərini.

Sənin yoxluğunun səssizliyində
necə qərib gəlir mənə dalğalar.
Dəniz sahilinin sənsizliyində
indi bir mən varam, bir də külək var.

Bu eşqdən yadigar nə qoyduq ki biz?.. –
Bu eşqin quruca nəfəsi vardı.
Qalmışdı sahildə qoşa izimiz,
onu da dalğalar yuyub apardı...


ÖLƏNMİ YAZIQDIR, QALANMI YAZIQ?!..

Get-gedə seyrəlir sıramız bizim,
bir ovuc qalmışıq... nə yaman azıq!..
Soruşaq dünyadan bəlkə, əzizim,
ölənmi yazıqdır, qalanmı yazıq?..

Ömrün əvvəlində çiçəkli bahar,
ömrün axırında qışıq, ayazıq.
Hamının dünyadan gedən günü var!..
Ölənmi yazıqdır, qalanmı yazıq?!..

Allahın işindən baş açammırıq,
biz Onun yanında xeyli dayazıq.
Ölümdən qorxuruq, amma qanmırıq
ölənmi yazıqdır, qalanmı yazıq?!..


SOKRATIN XƏLƏFİ
(elegiya)

(Zati-möhtərəm dədəm
Camal Vəli bəy oğlu Mustafayevin
unudulmaz xatirəsinə...)


Öldü... Sokratın xələfi, –
o qocaman, pirani zat!..
Sonuncu mogikan təki
öldürdü onu da... həyat!..
Soyuq, qaranqu bir gecə
ruhu uçdu bədənindən...
gözlərimin önündəcə!..
QURTULUŞ!..
Yumdu büllur gözlərini, –
daha görmək istəmədi
bu yalan-palan dünyanı...
iyrənc buqələmunları...
Nifrət etdi!..
Nifrin etdi!..
Lənətlədi!..
Karvanını çəkib getdi...
getdi Süd Yolu boyunca...
aşdı kəhkəşanları...
getdi... o işıq adam,
nur yolunun yolçusu...
Növi-bəşər deyildi sanki, Xudam!..
Bu dünyanın ən qərib,
ən qəraib insanı.
Fəza idi vətəni...
hə, fəza...
bütün fəza!..
Bu dünya – yekparə daş,
osa eynən Prometey, –
zəncirlənmişdi...
CƏZA!..
O, –
ən qədim əsatir...
ən üsyankar həqiqət...
Gözləri – teyxa düşüncə...
İdrakı başqa aləm!..
O, –
xeyir təcəssümü...
vicdan mücəssəməsi...
Allahın sufi dostu...
Dimağı dərya dədəm!..


KİŞİ SEVƏNDƏ ÖLÜR...

Çiçək solanda ölür,
balıq susuz qalanda...
Ulduz sönəndə ölür,
yağış kəsdiyi anda...
Kişi sevəndə ölür,
qadın unudulanda...


ELEGİYA

(Sevgili böyükannəm
Nanə xanımın ruhuna ithafən...)


Zaman tələskəndir, qəddardır zaman, –
nə etsən, o illər qayıtmaz geri!..
Uçdu göyərçintək ovuclarımdan
ömrümün ən xoşbəxt, ən xoş illəri!..

Ötənlər, keçənlər düşür yadıma,
bəzən pərt oluram, bəzən peşiman!..
Uzaq xatirələr yetmir dadıma
gözüm o illəri axtaran zaman!..

Bir qadın var idi dünyada bir vaxt,
saçı qarlı idi, qucağı isti.
Mənimçün dünyada ən uca bir taxt,
ən əziz bir yerdi dizinin üstü.

Başımı qoyanda onun dizinə
olurdum bəxtəvər, əziz-ərköyün...
Kaş ki, bir ləhzəlik, bir anlıq yenə
keçmişə qayıtmaq olaydı mümkün!..

Keçmişə qayıtmaq olsaydı, nə qəm!..
Fəqət bu sadəcə quru xəyaldı!..
Mənim nurieynim, mehriban nənəm,
bu dünya səni də əlimdən aldı!..

Hardasan... bir anlıq yanına qaçım,
giley-güzarımı danışım sənə!..
Sənin sığalınçün darıxıb saçım,
saçıma sığal çək, sığal çək yenə...

Kaş görə biləydim yenidən səni,
üzünə həsrətəm nəvaxtdan bəri!..
Heyif, deyəmmirəm qucaqla məni,
axı başdaşının yoxdur əlləri!..

Zaman tələskəndir, qəddardır zaman, –
nə etsən, o illər qayıtmaz geri!..
Uçdu göyərçintək ovuclarımdan
ömrümün ən xoşbəxt, ən xoş illəri!..


MƏNƏ SEVİRƏM DEMƏ!..

Nə vaxtsa ayrılacaq əllərin əllərimdən
ağacdan qopub düşən ikicə yarpaq kimi.
Nə vaxtsa sənin üçün yanacağam, gülüm, mən
bir damcı suya möhtac qupquru torpaq kimi.

Sən özün yanımdasan, cüt göyərçin gözlərin
uçub gedib uzağa... aşiyanı bəllidir.
Mənə sevirəm demə, bilirəm ki, sözlərin
ürəksiz və nidasız adi bir təsəllidir!


ƏBƏDİ SÜBH AŞİQİ...

(Görkəmli şair-publisist
Nurəngiz Günün xatirəsinə...)


Ah!.. O qadın –
tanrıçadır qaliba!..
Təcəllası bərq vurur...
Gözləri –
əsrarəngiz...
gözləri –
dərin fəza...
düşüncə xeyməgahı...
Didələri teyxa nur...

* * *
Yorğun gözləri sanki
yol gəlib ta Misirin
ucqar qədimlərindən...
papirus üzərindən...
Nefertiti misalı...

* * *
“Dodağında təbəssüm”,
beretli,
kübar bayan...
Simsiyah gözlərinin ipək üfüqlərində
ulduz seli parlayan...
küsüb getdi bu yalan,
bu hoqqabaz dünyadan!..
Getdi...! –
Susqun bir üsyan!!!

* * *
Əllərini göyə açdı...
GÜNƏŞƏ...
qanad oldu əlləri...
Ayağını yerdən üzdü...
qanadlandı...
uçdu...
uçdu...
uçdu getdi...
göy üzündən o yana...

* * *
İndi onun məskəni –
göy üzündən yuxarı
yamyaşıl, büllur ŞƏHƏR...
Hisarında ürkək gül salxımları.
Ağacları, çiçəkləri nadidə,
sakinləri bəxtəvər...
Nə sürgün var, nə göz yaşı, nə hicran...
nə qəriblik, nə təklik...
İndi əcdadı, nəsli, istəkli adamları
onun yan-yörəsində.
Nə müqəddəs xanədan!..
Sevinir, qanadlanır, –
əziz-xələfdir yenə.

* * *
Dizlərini qucaqlayıb əyləşib
akasiyalar altında.
Gözləri-
cüt göyərçin...
uçur göylər tərəfə.
Göy qübbəsi bərq vurur
çilçıraqlar, avizələr içində.
Gülümsəyir gözləri...
Nə dərin bəxtiyarlıq!..
Necə dinc bir sükunət...
Qırpılır kirpikləri.
Ətrafında uçuşan bəmbəyaz kəpənəklər,
meh əsdikcə titrəşən ətri ənbər çiçəklər,
yarpaqları rəngbərəng, hündür boylu ağaclar
və “qəfəssiz bülbüllər”...
ruhunu sığallayır...
SƏADƏTDİR!
Yuxu deyil,
HƏQİQƏTDİR!
İlğımlar orda qaldı...
Orda...
ölümdən əqdəm...
Ruyində nə məşəqqət,
nə üzüntü var, nə qəm...
İndi o arxayındır,
indi onun üzündə
parıldayır təbəssüm şəfəqləri...–
Allahın yanındadır!..
İndi hər gün, hər səhər
günəşin saptək incə
tazə şəfəqlərindən
geyinir əlbəsələr.
Hər səhər ehtiramla
günəşi salamlayır
o şeir gözlü qadın –
ƏBƏDİ SÜBH AŞİQİ...

ELEGİYA

(Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə...)


Oh, nə güclü, nəhəng vücud! –
Çiynində ərşi-fələk
və salxım-salxım kəhrəba şəfəqlər...
dəryaların, dənizlərin üzərindən keçərək
gedir üzü göylərə...
işıq səltənətinə!..
Və şəfəqlər içində alovlanır saçları.
Gedir günəşləşməyə...
İgidim, hey!..
Şəhidim, hey!..
Əlvida...
Fövqəlbəşər Mübariz!..
Şanlı cəngavər!..
Əlvida...
Xudaya-xudavənda!
Aç qoynunu, aç ona!
Qəribsəyib səninçün!..
Qollarını sallayıb,
tək-tənha
və əliboş gedir üzü göylərə...
Köksündəki güllələrdən savayı
heç nə aparmır, Xudam!
Uçur yan-yörəsində
ağ göyərçin dəstəsi...
pərqular qan içində.
Gedir göylər adamı,
gedir üzü göylərə...
İgidim, hey!..
Şəhidim, hey!..
Ölümü öldürən OĞUL, –
əbəda ölməyən diri!..
Yaşa!.......................................
Yaşa!.......................................



ƏN GÜNAHSIZ FAHİŞƏ

Gecədir...
küçədəki lampaların kədərli işığında
bir qadının silueti görünür
və getdikcə uzaqlaşan kabluk səsi
çəkic kimi asfaltı döyəcləyir...
Çiliklənir küçənin buz sükutu.
Bu, odur. O...
ən günahsız fahişə...
istibdadın pəncəsində çırpınan
tül qanadlı kəpənək...
iztirablı, müztərib!..
Eheyy... zalım zorbalar!..
Laübalı adamlar –
yeriyən heykəllər,
daşürəklilər!..
Eheyy... maskalanmış vəhşilər,
yırtıcılar,
MÜQƏSSİRLƏR!..
Eheyy... mənəvi fahişələr, –
vicdanını, şərəfini pula satan
pulpərəstlər,
dünyagirlər!..
Eyş və şəhvət düşkünləri, –
kefçilər,
tiryəkilər,
tüfeylilər!..
Qəhr olun!!!
Sizdə vicdan nə gəzər!..
Öncə onu çeynədiniz, əzdiniz, –
onun bəkarətini, ismətini pozdunuz...
sonra onu daşladınız,
lağa qoyub güldünüz...
siz, əvət siz!..
Qəhr olun!!!
Əcəba,
zər-zibalı, forslu xanımlarınız
bilirmi ÇARƏSİZLİK, ACLIQ, EHTİYAC nədir?!..
Zənn etməm!
Ax, nadanlar,
qudurğanlar,
dübbələr!..
Həyat sizə əyləncə!..
Həyat ona MƏŞƏQQƏT,
ƏZAB,
CƏFA,
İŞGƏNCƏ!..
Ürəyində fırtınalar, üzündə gülüş maskası...
nələr çəkir yaşamaqçün!..
Eh... siz hardan biləsiniz?!
Sizin üçün o sadəcə
bir oyuncaq, bir əyləncə!..
Onun da sizin kimi
ətdən, qandan ibarət
bir İNSAN olduğunu
unutmusunuz fəqət!
“Öyüd”lər, “nəsihət”lər,
qınamalar, söyüşlər...
şillə kimi sifətinə çırpılan
kinayəli gülüşlər...
Off! Həqarət... həqarət!..
İnsanı ruhən əzmək –
ən dəhşətli CİNAYƏT!..
Hamı “Allah adamı”,
hamı “səhvsiz”, “günahsız”...
bircə odur müqəssir?!..
...İyrənin, nifrət edin,
hətta tüpürün ona...
Sizi görsəydi yəqin
qəhqəhəylə gülərdi
Mariya Maqdalena.1

1 Mariya Maqdalena – İsa peyəmbərin sədaqətli davamçısı, xristianlıqda müqəddəs sayılan bir qadın. Rəvayətə görə Mariya fahişəliklə məşğul olmuş, İsa peyğəmbəri gördükdən sonra peşəsindən əl çəkərək Onun ayağını yumuş, saçları ilə silmiş, sonra isə arxasınca getmişdir... (red.)


ÇƏHRAYI ARZULAR

Payızın çənində, qışın qarında
açacam qoynumu sənə bahartək.
Səmavi eşqimin qanadlarında
çəhrayı arzular çiçəklənəcək.

Çətirli ulduzlar süzəcək bizi,
biz - dəli-divanə iki sarmaşıq...
Xəfifcə örtəcək üzərimizi
gecənin mehtabı - nurani işıq.

Baxışlar... dodaqlar... çılpaq əzalar
şəstlə bir-birinə toxunacaqdır.
Dünyada sevgidən müqəddəs nə var? –
Kim deyir, sevişmək, sevmək günahdır?!

Payızın çənində, qışın qarında
açacam qoynumu sənə bahartək.
Səmavi eşqimin qanadlarında
çəhrayı arzular çiçəklənəcək.


NƏSİHƏT SAYAĞI

Özgənin səhvinə tənə edərkən
öncə öz səhvini mizana vur sən.
Dünyada ən axmaq kəsdir ki, o kəs
özgəyə don biçər, özünü görməz.


EŞQ VƏ MƏKR

Necə qəribədir qadın xilqəti! –
Eşqində mələkdir o qəlb hakimi.
Bir iblis məkrindən qorxmuram qəti
bir qadın məkrindən qorxduğum kimi!

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: