Nailə YUSİF (1964)

Nailə YUSİF (1964)Nailə Yusif qızı Yusifova - 31 iyul 1964-cü ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə orta məktəbi bitirib.
1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb.
1990-1992-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (BSU) saathesabı müəllim işləyib.

1993-cü ildən pedaqoji fəliyyətini Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında davam etdirir. Əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.
Hazırda da həmin kafedrada baş müəllim vəzifəsində çalışır. “Azərbaycan dili və nitq mədəniyyəti”, “Nitqin elmi üslubu”, ”Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnlərini tədris edir.

Müxtəlif respublika və beynəlxalq əhəmiyyətli forum və konfranslarda iştirak edib.
Filologiya üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, “Azərbaycan dilinin üslubiyyatı” adlı dərs vəsaitinin, 2 şeir kitabının və 11 məqalənin müəllifidir.

Heydər Əliyev adına Gürcüstün-Azərbaycan Humanitar Universitetinin Akademik Şurası tərəfindən “Azərbaycan Ədəbiyyatında Əldə Olunan Yaradıcılıq Uğurlarına Görə” diplomu ilə, o cümlədən bədii yaradıcılıqla yanaşı, ictimai fəaliyyətinə görə, “SOS Uşaq kəndləri-Azərbaycan” Assosiasiyasında iştirakına və səmərəli fəaliyyyətinə görə müxtəlif təşəkkürnamə və diplomlarla təltif olunub.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti İdarə Heyyətinin üzvü, BMT yanında Zaqafqaziya üzrə Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” fəxri adı, Azərbaycan Respublikasında keçirilmiş “Bakı-2015” İlk Avropa Oyunlarında könüllü qismində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən «Təşəkkürnamə” ilə mükafatlandırılıb.

“IV Uluslararası Türk Kültür Coğrafiyasında Egitim ve Sosyal Bilimler Sempoziyumu”na Katılım Belgesilə (2018), ”Təhsilin sistemli idarə olunmasl və müəllim tələbə münasibətlərinin modelləşdirilməsi” (2019, Sertifikat) mövzusunda keçirilmiş təlim, ”Təhsildə müasir yanaşmalar” adlı elmi-praktik konfransda məruzə ilə (2020, Sertifikat) çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına uyğun olaraq 2020-ci ildə birillik xüsusi təqaüdə layiq görülüb. Rus, ingilis və türk dillərində danışır.

Yeni Azərbaycan Partiyasının (2007), Azərbaycan Yazıçılar Birliyinin üzvü və Respublika Qadınlar Cəmiyyətinin İdarə Heyyətinin üzvüydür.

Ailəlidir, iki oğlu var.

Biz də hörmətli Nailə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az


Yaralı Laçın

Dağlar arasında, cənnət məkanda
Süzürdü göyləri gözəl bir Laçın.
Ellər dayanardı tamaşasına
Çoxları istərdi bənzəsin ona,
Çoxları qibtəylə baxardı ona.
Olmazdı dünyada viran çox ellər
Özgələr payına - uzanma əllər.
Paxıllıq, ah nankor, zalım paxıllıq!
Düşmən sürün-sürün gəlib çatmışdı
Dözə bilmədi o, bu gözəlliyə
Aldı tüfəngini çəkdi tətiyi
Yaraladı mərd laçını gözündən.
Pozuldu görünən o füsünkarlıq.
Yarası dərindir, ölmədi ancaq
Su axan arxlara bir də axacaq.
Düşmənin gözü də tez oyulacaq.
Süzəcək göylərdə, süzəcək yenə
Öz gözəlliyiylə heyran edibən,
Laçın görüşünə ellər gələcək
Yaxın zamanlarda gələcək o gün,
Bilirəm, əminəm o gün gələcək.
23.09.2018.


QƏLBİMDƏ YAŞAT

Ürəyimdə dediyimi, şeirimə köçürdüm
Heç kəsə demədiyimi, qələmimlə bölüşdüm.
Tək olarkən ondan başqa, bizi heç kəs eşitməz,
O eşidib cavab verir, əgər eşidə bilsək.
*****
Qəribədir, Rəbb sakitcə səssizliklə dinləyir
Sükut ilə, vəhy ilə suala cavab deyir,
Əgər qəlbin təmizdirsə, niyyətin saf,düzdürsə
Biliki sənə, gələcəkdir bütün hacət yolları.
*****
Dərviş kimi çəkil bir an səssizlik , tənhalığa.
Yavaş- yavaş, aram-aram ürəyinə gələcək.
Gözəl Allah, mən bilirəm sən hər an bizimləsən
Aç gözümü , gözlərimi Sən bəsirət gözümü.
*****
Bu fani dünyada ərməğan edib
Sevdiyin bəndəni sən ucaldırsan.
Həm ruzi verirsən, həm yaşadırsan
Əmanət verdiyin canı alırsan.
*****
Gözündən düşəni ...ah acı heyhat
Yerlərdən yerlərə vurub nakəsi
Zavallı edibən, yazıq edirsən...
Allah, düşürməsin kimsəni gözdən
*****
Allah, öz sevgini qəlbimdə yaşat!
Bir göz qırpımında məni tək qoyma
Düşündür, daşındır ancaq tək qoyma
Bu dünyada sevgim sənədir ancaq
Ey ulu qüdrətli, qüvvətli Allah!
14.VIII.2014


VAR

Şükürlüyəm sənə bu gün, Allahım,
Verdiyin büsbütün nemətlər üçün
Nə qədər qaçsaq da çata bilmərik,
Gecəni, gündüzü dayandırmaqçün.
Dövran gərdişinə sual verilməz
Dərk edə bilmərik çox məqamları,
Hər şeyin öz vaxtı, öz məqamı var
Vaxtı sahmanlayan pərvərdigar var,
Dünyanı təməlsiz fırlandıran var,
O, mənim Allahım, mənim tanrımdır.


Xocalı Qurbanları

O, kimlərdi? – Millətimin günahsız insanları
O, kimlərdi? – Ahıl yaşlı
Dünyagörmüş ağsaqqallar, ağbirçəklər
Körpə – körpə, şirin – şəkər balalardı
Cavan – cavan, igid ərlər, xanım qızlar.
O çovğunda, o boranda üzü dağa qovulanlar.
Ilan çıxmaz yuvasından o soyuqda, o şaxtada.
Qovuldular- taleyindən, sabahından bixəbərlər
Torpağından, ocağından birdəfəlik
Qəbr evinə qovulanlar.
Canavara dönmüş yağı
İnsanlıqdan uzaq düşən naxələflər,
Heç bir qayğı, heç bir şəfqət görməyənlər.
Ana nədir, ailə nədir – bilməyənlər
Bilsəydilər, görsəydilər insanlığa qıymazdılar.
Bəs nə bilir, yağı düşmən?
Yeyib danmaq. Qapıb qaçmaq
Adətinə, xislətinə aid budur.
Qismətinə qaranlıqlar çöksün onun...
Dərdli kədər!
Bir gecənin fəlakəti, müsibəti unudulmur.
Hər an, hər gün göz yaşıyla,
Acılarla, yana-yana yad olunur.
Zaman ötür, ömür keçir
Qara hərflə qəbirlərə,
yaddaşlara həkk olunan
Xocalı insanları, Xocalı torpaqları
Heç vaxt, heç vaxt unudulmaz
Xocalı qurbanları
Xocalı qurbanları!

Yusifova Nailə Yusif,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: