XALİDƏ NURAY
(1962)
Xalidə Nuray (Xalidə Qələndər qızı İsmayılova) - 1962-ci ildə Naxçıvan MR, Şərur rayonundakı Oğlanqala kəndində dünyaya göz açıb. 1979-cu ildə orta məktəbi, 1985-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsil Pedaqogika və Metodikası) fakültəsini bitirib. Bir neçə il orta məktəbdə ibtidai sinif müəllimi, 5 il Bağça müdiri, 2 il Ali Tətbiqi Elmlər Kollecində müəllim işləyib.
Hazırda “Azad qələm” qəzetinin redaktorudur.
Xalidə xanım həm də istedadlı şairə kimi tanınır. 2018-cil də “Xəyallarımın göz yaşı” adlı şeirlər və hekayələr kitabı Bakıda, 2019-cu ildə “Ruhum sızlayır” adlı ikinci kitabı İran İslam Respublikasının Təbriz şəhərində əski əlifba ilə işıq üzü görüb. "Vərəqlərin günahı"adlı 3-cü kitabı çap ərəfəsindədir. Türkiyədə türk dilli ölkələrin şairlərinin Cukurova Ədəbiyyat Dərnəyinin “Şairlerden bir demet” antologiyasında (II və III cildlərdə), Azərbaycanda Nəsiminin 650 illiyinə həsr olunan "Cahana sığmazam" adlı almanaxda, "Turana açılan könüllər" (III cilddə) antalogiyasında, "Zirvə", “Buta”, "Canım Azərbaycanım", “Vətənim”, "Poeziya Çələngi" və s. ədəbi məcmuələrində şeirləri dərc olunub.
AJB-nin, İraq Türkmen Edebiyyatçı və Yazarlar Birliginin üzvüdür. 2019-cu ildə Türkiyədə "Elbistan" redaksiyası tərəfindən "2019-cu ilin EN-ləri" arasında yer alıb və Mərkəzi Asiyanın "Yeni Avaz" Yazıçılar və Tarixçilər Birliyinin və Əmir-Teymur OBF-nun təsis etdiyi "Turan Birliyi" medalı ilə mükafatlandırılıb.
2020-ci ildə Azərbaycan KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə "İlin Şairi" Media mükafatı layiq görülüb.
2021-ci ildə isə "Azərbaycan ziyalısı" Fəxri diplomu ilə, “Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları ilə təltif olunub.
Ailəlidir, üç övladı, dörd nəvəsi var.
Biz də "ZİM.Az"-ın bütün Yaradıcı Heyəti adından hörmətli Xalidə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..
Müşfiq BORÇALI,
ZiM.Az
BƏLKƏ MƏNİ SEVƏSƏN
Yollarında həsrət olub bitərəm
Gözlərində sevgi olub itərəm
Bir meh olub ürəyini öpərəm,
Bəlkə məni sevəsən...
Yağış olub tellərinə ələnim
Baxışımla vüsalına bələnim
İlahidən sənə sevgi dilənim
Bəlkə məni sevəsən...
Nəfəsimdə yaza dönüb bu sevda
Ürəyimi oda qalayıb, oda
Dilim yansın, əgər desəm əlvida
Bəlkə məni sevəsən...
Gülüşündə gülüş olub dincəlim
Bu sevgidən gül çiçək dərsin əlim
İcazə ver bu gün görüşə gəlim
Bəlkə məni sevəsən...
Məni vurdu bu sevdanın küləyi
Neyləyirəm sənsiz olan ürəyi,
Bacarmadım bəlkə səni sevməyi,
Bəlkə məni sevəsən...
2019.
RUHUM SIZLAYIR
Ruhum sızıldayır, qəlbim ağlayır,
Həsrətin sazağı dərd sığallayır,
Sənli xatirələr könül dağlayır,
Gəl al bu qəhərin əlindən məni...
Ürəyim gizlədi dərdi özündə,
Sinəmdə dil açıb, yanan közüm də,
Səni tapammıram artıq özüm də,
Gəl al bu kədərin əlindən məni...
Qurdum ilmə-ilmə taxt sarayımı,
Uçurdum əlimlə baxt sarayımı,
Susdura bilmədim eşq harayımı,
Gəl al bu dərd-sərin əlindən məni...
Könlümdə qurduğun könül üşüyür,
Dərib gətirdiyin o gül üşüyür.
Yanan o dodaqlar, o dil üşüyür,
Gəl al bu rüzgarın əlindən məni.
İlahi yazdığı gözəl qismətin,
Dəyərin bilmədik ilk məhəbbətin,
Sevda qələmiylə yazdı nifrətin,
Gəl al bu qədərin əlindən məni..
18.08.2019.
İDEAL QADIN
(Çox sevdiyim mələk simalı Məryəm xanıma həsr edirəm)
Könüllər həmdəmi, huri-mələksən,
Rəhminlə sevilən, sevən ürəksən,
Təbib tək, loğman tək xalqa gərəksən,
Qalandın oduna doğmanın, yadın,
İDEAL QADIN!
Bir Zəm-Zəm suyudur könül bulağın,
Mərhəmət soraqlı pirdi ocağın,
Şəfqətdi qəlblərə ümid çırağın,
Səbrinlə hər zaman, hər an sınandın-
İDEAL QADIN!
Vaxtsız ayrılıqlar sıxdı qəlbini,
Ələdi ömrünə dümanı, çəni,
Qara saçlarında görünən dəni,
Özünün fərəhi, sevgisi sandın
İDEAL QADIN!
Gəzdi ürəkləri sözün-söhbətin,
Üzünə nur səpdi abır-ismətin,
Məlhəmdi hər kəsə xoş xasiyyətin,
Allaha bağlıdır saf əhdin, andın,
İDEAL QADIN!
Sən könül evimin şah əsərisən,
Hər kəsə etibar, güvənc yerisən,
Xalidə Nurayın ömür zərisən,
Qəlbimə yazılıb o Məryəm adın,
İDEAL QADIN!
İNSANOĞLU, DÜŞÜN SƏN
Ürək yanğısıyla ümidsizlərə
Baxıb korun-korun içdən yanmışam.
Qəlbən bəslədiyim doģma qayģımı,
Mərhəmət ətirli əməl sanmışam.
Dərdinə sarılıb çox çarəsizin,
İnsanlıq xətrinə oldum əlacı.
Bəzisi düşündü elə borcumdu,
Xeyir əməlimi yozdu qıyqacı.
Üz-üzə gəlmədim görüb utanar,
Sığınıb səbrimə sonun gözlədim.
Dost, tanış yanînda yeyib haqqımı
Sanki günahkar tək gizli izlədim.
Görən insanoğlu heç düşünürmü?
Bir insan haqqına girmək günahdı.
Zəhmətdən tökülən hər alın təri,
Halaldan yoģrulan, nalədi, ahdı.
Gəl günah qazanma günah içində,
Qəflət yuxusundan ayıl,oyan sən.
İnsanlıq evinin çırağı ol ki,
Haqqın dərgahında şam kimi yan sən.
Haqqı sürükləmə öz günahına,
Yalanın yer tutar,amma yeriməz.
Düz ol doğru danış olma nainkor,
Bil ki,haqsızların işi yürüməz.
21.02.2021
ŞƏRUR ELİMİZ
Ağrıdağ boylanır Heydərbabaya,
Araz ağı deyir əsən səbaya,
Yurdunu güvənməz yetən gədaya,
Dildə dastan olub Şərur elimiz.
Mərdi-mərdanədi,saf ürəklidi,
Qonaqlı-qaralı duz-çörəklidi,
Haqqa söykənibdi haqq diləklidi,
Ləldə dastan olub Şərur elimiz.
Yallısı səs salıb elə-obaya,
Halay çəkən qızlar bənzər sonaya,
Kərəm yanğısını sazla oxşayan,
Teldə dastan olub Şərur elimiz.
Qıy vurar çağlayar dağ şəlaləsi,
Min dərdə şəfadı bir piyaləsi
Sürməli gəlin tək xallı laləsi,
Güldə dastan olub Şərur elimiz.
Qanla göyəribdi tarix daşında,
Ərənlər iz qoyub ər savaşında,
Baş qoyub Vətənçün hər qarışında,
Eldə dastan olub Şərur elimiz.
27.04.2021.
SON VİDA
Elə bil ömrümün sonudu vallah,
Son vida söyləyir pıçıltılarım
Ümidim çırpınır bir anım üçün.
Qəlbimi göynədir sızıltılarım.
Ömür yarpaqlarım xəzana dönüb,
Səpildi yoluma səssiz-səmirsiz.
Aylarım illərə əlvida dedi,
Hər anım ömrümə məndən xəbərsiz.
Azıram didərgin xəyallarımda,
Hıçqırıq səsləri içimi yeyir.
Boğulur ümidlər göz yaşlarımda,
Əyilməz qəddimi özündə əyir.
Daha ay işığı düşmür otağa,
Mənə həyan olan bircə şam yanır.
Əriyən damcılar qəflətə yetir,
Bu anda şam sönür qəlbim dayanır.
Soyuq divarlara çökür nəfəsim,
Üzgün xatirələr daşır,çağlıyır.
Ruhum da mənimlə son vidasına,
Oğlumla, qızımla birgə ağlıyır.
16.04.2019.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.