ZAUR ƏRMUĞAN (1979)

ZAUR ƏRMUĞAN (1979)Zaur Ərmuğan (Zaur Eyvaz oğlu Əsgərov) - 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
2006-cı ildən şeir, hekayə, oçerk, məqalə və digər publisistik yazıları dövri mətbuatda çap olunur.
2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.
"Muğanın səsi", "Oğuz yurdu Vedibasar" (8-ci və 9-cu cildlər), "Xəzər nəğmələri" ədəbi birliyi", "Türk dünyası şeir seçkisi", "Qarabağ bizimdir",
"Zirvə", "Vətən", "Canım Azərbaycanım", "Xarıbülbül", "Rəvan", "Şərqin səsi" və s. kimi bir çox almanax, antologiya, məcmuə və toplularda, eləcə də "Azərbaycan dilinin Neftçala rayon şivələri" adlı elmi monoqrafiyada bədii nümunələri, bir sıra ədəbi-publisistik yazıları ilə çıxışlar edib.
Yaradıcılıq sahəsində qazandığı uğurlarına görə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif olunub.
2019-cu ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib.

Biz də Zaur Ərmuğana yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Ülfət NAĞIYEVA,
ZiM.Az



TANRI PAYI

Tanrı hədiyyəsi, Tanrı payısan,
Gəl öpüm, oxşayım o pak ruhunu.
Dərdin eşq dərdidir, qurban dərdinə,
Qoy qucum köksümə könül ahını.

Göz yaşım göyərdər solan ümidi,
Bir sevgi duası yazılıb ömrə.
Hicran qapısının bağlı kilidi
Açılar, vüsalım müntəzir əmrə.

Bu eşq işığına könlüm duaçı,
Boynumdan asmışam günahlarımı.
Gülüm, gəl bağışla sevgi xətrinə,
Mən girov qoymuşam sabahlarımı.

Səni gül ətrinlə gəzirəm, inan,
Nəfəsin ilahi eşq qoxusudur.
Sıyrılıb həsrətin daş pəncəsindən,
Bir gün də zülmətdən nur çıxasıdır.

Bu yerdən göylərə yüksələr səda,
Qəlbimdə dil açan duyğumdur səsim.
Səni diləmişəm, səni, əzizim,
Göz yolum müjdəçim, arzumdur səsim.

Gülüm, gəl bağışla, bağışla məni,
Odunda yandığım közə bağışla.
Qəlbində min bir yol əzizlədiyin
Hələ demədiyin sözə bağışla.

Gülüm, o yağışlı günü yada sal,
Gülüm, gəl xatırla çəni, sazağı.
Görüş yerimizi tənhalıq sarıb,
Gülüm, o göy söyüd quruyar axı.

Gülüm, yadındamı, nəğməmiz vardı,
Sevib-sevildiyin çağlar eşqinə.
Fərəhi sel olub kükrəyib coşan,
Gözləri könlündə ağlar eşqinə.

Gülüm, heç unutma olanları sən,
O dan ulduzunun şöləsi bizim.
Bir göz qırpımıdır bu ömür yolu,
Şadlığı bizimdir, naləsi bizim.

Düşüb izlərinə ləpir gəzirəm,
Səni arayıram yol ayrıcında.
Könlündə bir şirin kəlmə gizlənib,
Elə əzbərlənib dilin ucunda.

Tanrı hədiyyəsi, Tanrı payısan,
Gəl öpüm, oxşayım o pak ruhunu.
Dərdin eşq dərdidir, qurban dərdinə,
Gəl qucum köksümə sənin ahını.
15 may 2021


KÜLƏK

Nə var-nə yox, ay külək?
Niyə qanın qaradır?
Bir cavab ver, de, bilək,
Söylə, yolun haradır?

De, haradan gəlirsən?
Dağlardan, ya dənizdən?
Nə rişxəndlə gülürsən?
İncimisənmi bizdən?

Hövsələni bas görüm,
Bir azca da yat, külək.
Öldük daha, mən ölüm,
Fikri başdan at, külək.

Qum xırçıldar diş altda,
Ağaclar donqar qalıb.
Bu göylər yeddi qatda,
Halından can daralıb.

Ayağında üzəngi,
Yüyənin də boş hələ.
Yox oldu çərpələngim,
Hara baş aldı, de də...

Gəl bir nağıl danışım,
Könlünü ovudum mən.
Başım sənə qarışıb,
Tərlədim, qurudum mən.

Əynimdəki köynəyim
Əsib yelkənə dönür.
Gizlənmisən, görməyim?
Yox! Gözüm səni görür.

Bax, budağı qopardın,
Yıxdın məni, ay külək.
Topumu da apardın,
Ax-ax, səni, ay külək!

Bax, quşlar perik düşüb,
Bax, zivəmiz qırılıb.
Əlindən çəlik düşüb,
Nənəm yaman sarsılıb.

Bu qapı-pəncərəni
Bir qədər az döy, külək.
Gizlənmə, tapdım səni,
"Gizlən-qaç"da, ay külək.

Sonra çıxıb aradan,
Tindən burulub getdin.
Yol gəlmişdin haradan,
Demədin, gözdən itdin.

Bir də baxdım, yatıbsan,
Yatmış gözəl kimi sən.
Hamını aldadıbsan,
Batmış, nədən beləsən?

Hirsin soyudu yoxsa?!
Dincini alırsanmı?!
Canın uyudu yoxsa?!
Qonağım olarsanmı?!

Nə var-nə yox, ay külək?
Niyə qanın qaradı?
Bir cavab ver, de, bilək,
Yolun daha haradır?
14 iyul 2021


RUHUMU BU YERDƏ BİTİR

Dağ belində meşə yolu,
Başım üstü çətir-çətir.
Bulaqlarda buz tamı var,
Ovuc içi ətir-ətir.

Çiçəyində ləçək tel-tel,
Qaya dibi çayı sel-sel.
Havasında könlüm yel-yel
Cuşa gəlir sətir-sətir.

Şəfəq damır gün sinəsi,
Sübh əridir zər dənəsi.
Mamırlardan şeh giləsi,
Dərələrdən duman itir.

Bu yollar yol-yol izlənib,
Hər daşda min səs gizlənib.
Deyəsən, məni gözləyib,
Bu buludu əhdə yetir.

Yarpaqların rəqsi dinir,
Güzgülənir əksi, dinir.
Nəfəsində köksü dinir,
Hansı quşdur, belə ötür?

Gün dəyməmiş qaş qaralır,
Göz qırpdınmı, vaxt daralır.
Qismətdə nə var, o qalır,
Bəxtimi insafa gətir.

Məni burda ağac elə,
Məni burda yamac elə.
Məni heyrətə ac elə,
Ruhumu bu yerdə bitir.
17 iyul 2021


EŞQİN

İçimdə ah çəkmiş Məcnun ürəyi,
İçim səhraları oldu bir eşqin.
Göynər göynərtimdə Kərəm diləyi,
Arzusu gözündə qaldı bir eşqin.

Bir gülüş məlhəmdir sinə dağıma,
Taleyim əl tuta dilsiz çağıma.
Xəzan xəzəl-xəzəl düşüb bağıma,
Baharı gülündə soldu bir eşqin.

Naləm ərşdə dua, fələk Allahsız,
Zülmətdə didərgin ümid sabahsız.
Köksümə baş qoyan Leylim günahsız,
Könlünə göz yaşı doldu bir eşqin.

Eşqim dərd dağına yazdı adımı,
Bir könlüm dost sandı, aldı qadamı.
Demə aldadarmış sevgi adamı,
Əlləri qoynunda qaldı bir eşqin.

Xəyallar bir dalğın dərya kimidir,
Həsrət nəfəsim var, səhra kimidir,
Daha vüsalım da xülya kimidir,
Vədini məzarı aldı bir eşqin.

Ərmuğan, heç küsmə bəxt oyunundan,
Yermi baş çıxarar göy düyünündən?!
Sən ki dərd qanansan, bəlli suyundan,
Gözləri yolları daldı bir eşqin.
27 iyul 2021


GÖZLƏRİNİN ŞÖLƏSİ

Qəlb nurundan bir nişan
Gözlərinin şöləsi.
Kəhkəşandır, kəhkəşan
Gözlərinin şöləsi.

Odu şimşək çaxışı,
Damlası eşq yağışı.
Sevən könlün baxışı
Gözlərinin şöləsi.

Eşq heyrətdir, duyumdur,
Sinəm oyum-oyumdur.
Gerçəyimdir, röyamdır
Gözlərinin şöləsi.

Gözəlliyin özüdür,
Dünyanın dan üzüdür,
Bir ilahi izidir
Gözlərinin şöləsi.
avqust, 2019

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: