*
Gəl, gəl, gəlişində,
yar, diləyim var!
Gəl, ömür bağçamda
sənsiz nəyim var?!
Yetiş aşiqinə,
sənə hədiyyə
Eşqinlə döyünən
saf ürəyim var!
*
Həsrətin sinəmdən
daşar, gözəlim,
Kədərin köksümdən
aşar, gözəlim,
Hicrin könlümüzdə
yaxşı ki varmış,
Aşiqin bu qəmlə
yaşar,gözəlim!
*
Sən ömrə yazılan
ömürsən,gözəl,
Düşün ki,ömrümdən
dönürsən,gözəl,
Gəl,qəlbə şö'lə saç
eşqin odundan,
Niyə parlamamış
sönürsən,gözəl?!
*
Hər şuxə meyl etmə,
gəl,axar su tək,
Çəmənlərdə bil ki,
çoxdur tər çiçək.
Loğman kimi axtar,
öz tayını tap,
Aşiq bir yar sevsin
ömründə gərək.
*
Adın hər nəğmədə,
hər dastanda var,
Hər sevda bağında,
gülüstanda var,
Kaş mən sənin kimi
olaydım,ey gül,
Sənin təmiz adın
bu cahanda var!
*
Zaman hey dolanar,
gözləməz bizi,
Sular da bulanar,
gözləməz bizi,
Ömür günəşimiz
qüruba enər,
Son şəfəqlə yanar,
gözləməz bizi.
*
Könül,selıər kimi
coş, dur,bu yolda,
Cəsarətlə yaşa,
xoş dur,bu yolda!
Həqiqət yolçusu
olduq əzəldən,
Ölüm də bizlərə
xoşdur,bu yolda!
*
Deyərlər,gülərlər
bir gün də mənsiz,
Çiçəklər açılar
çəməndə mənsiz.
Qızılgül nərgizə
bənzəməz heç vaxt,
Mənə əvəz olmaz
aləmdə mənsiz!
Yusif RZAYEV,
şair-tədqiqatçı,
Oğuz şəhəri.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.