YUSİF RZA (1951)

YUSİF RZA (1951) Yusif Rza (Rzayev) - 23 sentyabr 1951-ci ildə Oğuz rayonunda anadan olub.
Hazırda da Oğuz rayonunda yaşayıb-yaradır.
Müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə şeirləri çap olunub.

Biz də Yusif müəllimə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



SALAM, NECƏSƏN?!
(O qıza)

Bu şanlı məktubu yazıram axşam,
Salam,necəsən?!
Tənha otağımda yanır bir ağ şam,
Salam,necəsən?!

Demə ağlar könlüm kiridi sənsiz,
Hicran üzərimə yeridi sənsiz,
Ürəyimin yağı əridi sənsiz,
Salam,necəsən?!

Mən səni soruşdum açan güllərdən,
Titrək yarpaqlardan,əsən yellərdən,
Çaxan şimşəklərdən,axan sellərdən,
Salam,necəsən?!

Soruşdum göylərdə uçan quşlardan,
Gözümdən yanağa axan yaşlardan,
Məni fikirləşmə bağrı daşlardan,
Salam,necəsən?!

Uçdu otağına xəyal peykərim,
Gördünmü sən onu,gözəl ülkərim?!
Ey dərdim,dərmanım,suyum,şəkərim,
Salam,necəsən?!...
Öğuz şəhəri,
18.Vll.2021.



İNCİDİ
(O qıza)

Bir sevdiyim gözəl vardı,
Ah!Məndən o gül incidi!
Şirin dilli nəğməkardı,
Susdu şirin dil incidi!

Nə dedim ki,küsdü getdi,
Əhdi tamam kəsdi getdi,
Xəfif meh tək əsdi getdi,
Külək susdu,yel incidi!

Heç bilmədim necə oldu,
Ağ gündüzüm gecə oldu,
Yusif müəllim "Hoca" oldu,
Qələm əsdi,əl incidi!..


GETDİ
(O qıza)

Bizdən vəfa uman gözəl,
Yolum olub duman, gözəl,
Yox sabaha güman, gözəl,
Ömrüm dilim-dilim getdi!

Dili şirin,sözü qaymaq,
Olmaz belə yardan doymaq,
Bağrım başı oymaq-oymaq,
Mənə yaman zülüm getdi!

Bir bağ saldım qar apardı,
Ürəyimi qor apardı,
Caynağında sar apardı,
Zərif qönçə gülüm getdi!..
Oğuz şəhəri,
18.Vl.2021.



HEÇ DÜŞÜRƏMMİ YADINA?
(O qıza)

Yaddaşımda binə quran,
Heç düşürəmmi yadına?
Bir dərdimi minə vuran,
Heç düşürəmmi yadına?

Durna kimi uçub getdin,
Şimşək tək nur saçıb getdin,
Söylə,hara köçüb getdin,
Heç düşürəmmi yadına?

Öyrətdin özünə məni,
O şirin sözünə məni,
Yandıran közünə məni,
Heç düşürəmmi yadına?

Tər çəməndən gül üzəndə,
Tər dururmu gül üzündə?
Xəyalını gül üzəndə,
Heç düşürəmmi yadına?

Yağanda narın yağışlar,
İslananda göy yoxuşlar,
Görəndə qəmli baxışlar,
Heç düşürəmmi yadına?

Bir xoş ətir qoxuyanda,
Könlünə qəm toxuyanda,
F/b-dən şeir oxuyanda,
Heç düşürəmmi yadına?

Xatirimdən çıxmır adın,
Bəlkə daha oldum yadın?
Ey mələk dediyim qadın,
Heç düşürəmmi yadına?!..
Oğuz şəhəri,
01.Vll.2021.

D İ L Ə M Ə
(Təcnis)

Gözlərimdə səma üzür,göy üzür,
Zalım fələk göy ömrümü göy üzür,
İstəyərmi məndən fələk, göy üzür?
Yox,onlardan,könlüm,heç nə diləmə!

Çox dilədim bir nazənin,incəbel,
Bəyaz sinə,incə gərdən,incə bel,
Bu aşiqə qıymadı o İncəbel,
Şəkər dodaq,baldan şirin dil əmə!

Bəxt Yusifə xoş ruzigar qıymadı,
Oda saldı,gözlərini qıymadı,
Bağrım başı,gəl bax,qıyma-qıymadı,
Qan ağlayan,nalə çəkən diləm,əə!..
Oğuz şəhəri,
25.Vll.2021.

A X T A R M A
(O qıza)

Bivəfa dünyadan vəfa gözləmə,
Susuz səhralardan səfa gözləmə,
Cəfakeş təbibdən şəfa gözləmə,
Ondan bir şirin söz,lisan axtarma!
Tapmazsan vəfalı insan,axtarma!

Gəl bax ürəyimə,kədər yüklüdür,
Həsrətli gözlərim qəhər yüklüdür,
Göydə buludlar da zəhər yüklüdür,
Gəl büllur danəli nisan axtarma!
Tapmazsan vəfalı insan,axtarma!

Yazılmır eşqdən yeni dastanlar,
Daha unudulub köhnə astanlar,
Quruyub bağçalar,bağlar,bostanlar,
Boylanma göylərə,leysan axtarma!
Tapmazsan vəfalı insan,axtarma!

Mən vəfa görmədim bütün aləmdə,
Sevdalı ürəklər dərddə,ələmdə,
İlhamsız,duyğusuz əhli-qələmdə
Bir şərəf,ləyaqət,ad-san axtarma!
Tapmazsan vəfalı insan,axtarma!

Dərə bilməsəm də qönçə gülünü,
Səndən üzməmişəm vəfa əlimi,
Heç vaxt unutmadım şirin dilini,
Əzizim,Yusifdə nöqsan axtarma!
Sən məndən vəfalı insan axtarma!..
Oğuz şəhəri,
20.Vl.2020.



ŞƏHLA XƏLİLQIZI

Hər kəsin sevimlisi, söz ustadı, şair-tədqiqatçı Yusif Rzanın şeir dünyasına baş vuran oxucu heç vaxt əli boş qayıtmaz. Onun hər könülə oxşar şeirləri var. Biz Qəbələ-Oğuz yazarları bir yerdə olanda, həmin məclisdə Yusif müəllim bir neçə şeir oxumasa, biz elə bilirik ki, ədəbiyyatdan o, gün geri qalmışıq. Zəngin təbi və qafiyə dünyası var Yusif müəllimin. “Nizami məktəbinin davamçısı” -desək, yanılmarıq. Çünki biz onun yaradıcılığına yaxından bələd olduğumuza görə deməyə haqqımız var.
Onun şeir dünyasından yararlanan bir şagird kimi deyirəm: onun şeirləri insanı nəzirə deməyə vadar edir. Mən Yusif müəllimə ucalan zirvədən enməməyi arzu edirəm. Dünya durduqca dursun, qoy yazarlar Yusif Rza məktəbindən özlərinə dərs alsın, gözəl şeirlər yazıb, yeni-yeni səhifələr açsınlar. Dostluqda polad iradəli, gözəl ailə sahibi, nümunəvi ata, el məhəbbətini qazanmış ustad şairimizə yaradıcılıq uğurları diləyirik.
Aşağıda şairin “İncidi” (O qıza) şeirinə yazdığım nəzirəni oxucularımıza təqdim edirik.

İNCİDİ
Heç bilmədim necə oldu,
Ağ günümüz gecə oldu,
Yusif müəllim "Hoca" oldu,
Qələm əsdi əl incidi.

BOYLANIB BAXIRSAN GÖZLƏR BADAMI
(Nəzirə)

Nə yazıq sevginin yoxmuş vəfası,
Süzərək badəmə eşqin cəfası,
Mənə çox görünən ömrün səfası,
Oda salmaq üçün aldın salami,
Boylanıb baxırsan gözlər badamı.

Ümüdlər verdin sən piyalə kimi,
Alışdın qarşımda sən lalə kimi,
Oxşatdım mən səni bir jalə kimi,
Hər zaman alırdın gülüm qadamı,
Boylanıb baxırsan gözlər badamı.

Susduqca məzara gömür ürəyim,
İstəmə hicrandan qəddimi əyim,
Dağıtdın yox etdin qalıbdır nəyim,
Eşqinlə şumladın sevən canımı,
Boylanıb baxırsan gözlər badamı.

Sıçrayan damcı tək atıldın qəlbə,
Sevgi də oxşayır narkotik həbə,
O, soyuq baxışdan sancıldı qəlpə,
Yandırıb kül etməz adam-adamı,
Boylanıb baxırsan gözlər badamı.

Şəhlayam sevginlə çalmısan məni,
Çökdürsən qəlbimə dumanı çəni,
Qəlbdən çıxardası deyiləm səni,
Acılar sarıdı artıq yaramı,
Boylanıb baxırsan gözlər badamı.

Şəhla Xəlilqızı.
07.18.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: