Pərvanə Zalamlı: "QƏLƏBƏ BİZİMDİR"

Pərvanə Zalamlı: "QƏLƏBƏ BİZİMDİR"Pərvanə Zalamlı (Ağayeva) - 1977-ci ildə
Qəbələ rayonunun Zalam kəndində anadan olub.
İki qardaşın yeganə bacısıdır.
Poeziyaya həvəsi uşaq yaşlarından qəlbində baş qaldırıb.
Hələ məktəbdə oxuyarkən müxtəlif mövzularda şeirlər yazaraq, istedadı ilə həmişə seçilmişdir.
"Qəbələ" qəzetində mütəmadi olaraq şeirləri dərc olunan gənc şairənin şeirləri çox keçmir ki, antalogiyalarda dərc olunmağa başlayır.
Onun Vətənə aid şeirləri müxtəlif mətbuat orqanlarında - qəzet və jurnallarda, iyirmidən çox antalogiyalarda mütəmadi olaraq işıqlandırılır.
Şairənin "Sayrışan ulduzlar" adlı ilk kitabı 2020-ci ildə oxuculara təqdim edilib.
İyirmiyə qədər mahnının söz müəllifidir.
"Qızıl Qələm" Media mükafatı laureatıdır.

Biz də bir daha Pərvanə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



XOŞ GƏLİB

Bu şeiri yolunu gözlədiyim gözəl qəlbli yazar,
Şirvan elinin, Şamaxının dəyərli, iti qələmli,
şair qızı Solmaz Şirvanlının
"AD GÜNÜNƏ" ithaf etmişəm.


Hər sözündən Vətən eşqi duyulub,
Səs-sədası. ölkələrə yayılıb,
Ucalar içində uca sayılıb
Qoy deməsin, yaşı üstə yaş gəlib,
Solmaz xanım bizim evə xoş gəlib.

Salamı var Ulu Şirvan elindən,
Düşməz Vətən, Yurd kəlməsi dilindən,
Qoymaz bir an qələmini əlindən,
Ağrıya da, həsrətə də tuş gəlib,
Solmaz xanım bizim evə xoş gəlib.

Əziz tutar doğma yurdun, torpağın,
Öpər o, üçrəngli Vətən bayrağın.
Hər ölkədən alarsan sən sorağın,
Sanki bizə bahalı daş - qaş gəlib,
Solmaz xanım bizim evə xoş gəlib.

Hər şerindən haldan-hala düşərsən,
Sanki uca zirvələri aşarsan,
Dalğa kimi köpüklənib daşarsan,
Dinlədikcə ürəklərə cuş gəlib,
Solmaz xanım bizim evə xoş gəlib.

Bizlərə ən gözəl, əziz qonaqdı.
Bir el gözəlidi lalə yanaqdı.
Xoş gəldin deməsək bizə qınaqdı,
Bəzənmiş süfrəyə plov-aş gəlib,
Solmaz xanım bizim evə xoş gəlib.

Pərvanəyəm, könlüm onun vurğunu,
Gözləməkdən gözüm yollar yorğunu,
Gəlməz olsa salacağam qırğını,
Həsrətindən gözlərimə yaş gəlib,
Solmaz xanım bizim evə xoş gəlib!
30-01-2021


AZƏRBAYCAN, TÜRKİYƏ

Bir millətik iki dövlət,
Zəfər çalldlq sonda əlbət.
Bizim üçün yoxdu sərhəd,
Azərbaycan, Türkiyə.

Bir olmuşuq yumruq kimi,
Azad quşuq Simruq kimi,
Qalmaz boynuburuq kimi,
Azərbaycan, Türkiyə.

Keçilməzdi sərhədləri,
Qoruya bilir sirləri.
Birgə keçir ömürləri,
Azərbaycan, Türkiyə.

Bəxt ulduzu haqdan doğar,
Yağışı sevgidən yağar,
Eyni dildə iki şüar,
Azərbaycan, Türkiyə.

Ucaldar haqqın səsini,
Verməz yada ölkəsini.
Kəsər düşmən nəfəsini,.
Azərbaycan, Türkiyə.

Turan eli igid, ərən,
Yayılır dünyaya nərən,
Birgə, qoşa ömür sürən,
Azərbaycan, Türkiyə.


QƏLƏBƏ BİZİMDİR

Zəfər bizimlədir, Türk oğlu Türkük,
Əsrlər ötsə də həmişə birik,
Cütlənib atılan, bir qoşa zərik,
Qələbə bizimdir bizim olacaq.

Birləşib bir olub Türkün dünyası,
Yayılıb aləmə səsi sədası,.
Heydərdi ən uca ali dühası,
Qələbə bizimdir, bizim olacaq.

Yenilməz ordudu Atatürk yurdu,
Düşmənin önündə əzmlə durdu,
Qurubdur müzəffər bir güclü ordu,
Qələbə bizimdir, bizim olacaq.

Ali Baş Komandan İlham dayağı
Gedər düşmən üstə igidsayağı,
Tutar əllərində uca bayrağı,
Qələbə bizimdir bizim olacaq.

Birləşib bir olar mərd Turan eli,
Gedər düşmən üstə çalar zəfəri,
Bu şüar olacaq dillər əzbəri,
Qələbə bizimdir bizim olacaq.


Sən bizimsən

Qarabağım,
Sinə dağım,
Qəm ocağım,
Sən bizimsən.

Qov namərdi,
Qalsın mərdi.
Vətən dərdi,
Sən bizimsən.

Xarı bülbül,
Qəm yeyir dil.
Keçsə də il,
Sən bizimsən.

Gələr bahar,
Bitər qəhər,
Nurlu səhər,
Sən bizimsən.


Bəxtiyardı elin sənin

Al qumaşdı başdan-başa,
Şuşa, Laçın bir tamaşa.
Gəz o başa, gəz bu başa,
Nəğmə desin dilin sənin,
Bəxtiyardı elin sənin.

Gül açıbdı Qarabağın,
Gerçək olub arzuların,
Gülür hər oba, oylağın,
Haqqa qalxıb əlin sənin,
Bəxtiyardı elin sənin.

Tikan solub Qarabağda,
Lalələr açılıb dağda.
Yaxınlarda, həm uzaqda,
Gülür ayın, ilin sənin,
Bəxtiyardı elin sənin.

Ana yurdum Qarabağım,
Qalxıb üçrəngli bayrağın.
Gəlir hər gerdən sorağın,
Qönçələnib gülün sənin,
Bəxtiyardı elin sənin.

Pərvanə Zalamlı,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: