GÜLÜSTAN HİLAL

GÜLÜSTAN HİLAL Gülüstan Həmid qızı Mehtiyeva
Qazax rayonun Aslanbəyli kəndində anadan olub.

Sumqayıt Dövlət Tibb Məktəbini bitirib.

Uzun müddət aptekdə əczaçı işləyib.

Ailəlidir. 2 övladı - 1 oğlu, 1 qızı, 4 nəvəsi var.

Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.

Biz də Gülüstan xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..


Məlahət SAHİBQIZL,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru

ZiM.Az


SƏNSİZ

GÜLÜSTAN HİLAL
Qoşa gəzdiyimiz yerləri sənsiz,
Gəzməyə bilmirəm gəzə bilmirəm.
Ürək dözmə deyir ağıl döz deyir
Zərif kürəyimdə çəkdiyim yükə,
Dözməyə bilmirəm dözə bilmirəm.
Niyə yaşayıram mən niyə sənsiz
Sən orda mənsizsən mən burda sənsiz
Yarpağı tökulmüş budaq kimiyəm,
Səni arxa dayaq bilmişdim axı,
Məni bu dünyada qoydun kimsəsiz
Sən orda mənsizsən, məm burda sənsiz.


GEDİR

Sənə neynəmişdim, ay zalım fələk
Gözümün yaşını silənim gedir.
Dözüb dayanmayıb oğul dağına,
Bir gündə min dəfə ölənim gedir.

Əlləri uzalı gözü yollarda,
Dağ da dözəmməzdi o dözən dərdə,
Gözünün yaşını gizlədib mənnən,
Üzümə xəfifcə gülənim gedir.

Əcəl köhlənində hazırdı yəhər
Özünü toplayıb yenə birtəhər
Üzülmə yaxşıyam yaxşıyam deyib
Əlləri əlimdə gözü ğözümdə
Çiçək tək saralıb solanım gedir.
Ana əvəzim,
Anamnan sonra,
Olanım gedir,
Qalanım gedir,


LALƏLƏR

Mən sizi görəndə gözlərim dolur,
Şehli yanaqları allı lalələr,
İlk məhəbbətimin şahidi sizsiz
Hanı o günlərim hanı lalələr.

O mənim könlümün sevgi payıydı
Lalələr açanda görmüşdüm onu
Ömrümün çat verən divarlarına
Bir qala bir səngər hörmüşdüm onu.

Getdi elə getdi izi də yoxdu,
İzimi qoyaydım izinin üstə,
Elə boylanıram gedərgəlməzə,
Əllərimi qoyub gözümün üstə.


HEYİF

Yollarına baxıb çox ağlamışam
Gözlərimnən axan yaşıma heyif.
Ömrümü gör kimə sərf eləmişəm
Baharıma heyif qışıma heyif.

Bilindi kimliyin zaman içində
Yox oldun gözümnən yalan içində
Sənə vurulmuşdum bir an içində
O gözəl məhəbbət anına heyif.

Suyum bulanmışdı axdım duruldum
Gözümü könlümə sıxdım duruldum
Sənin cazibənnən çıxdım duruldum
Günlərim keçibmiş boşuna heyif.

Sən bir heç imişsən heçliyə getdin
Bil niyə gəlmişdin bil niyə getdin
Elə bilirdin ki gəlməyə getdin!!??
Arxanda yol bağlı qarşında…
Heyif… Heyif…


YADA DÜŞÜR...

Sənli günlər düşür yada,
Kədərlə yüklənirəm,
Əlim çatmır özünə,
Xatirənə köklənirəm.

Hər kəs evə çəkilincə
Səs səmir kəsilincə
Sükutu ruhumu sıxan
Boş otağın işgəncə.

Gözlə, gözlə, gələcəm,
Bir gün həsrət bitəcək,
Onnan sonra
Məzarına gedən yol
tamam itəcək
Ayaq izlərimin yerində
Sarı çiçəklər, göy otlar bitəcək.


ALLAH, MƏNİ BAŞDAN YARAT

Allah, məni başdan yarat,
Bu ağıl bu başnan yarat
Ağımda qaranı bilim
Yaxşını yamanı bilim.

Allah, məni başdan yarat
Uzaq durum namərd kəsdən
İşıq gələnə getməyim
Qorxmayım it hürən səmtdən.

Allah məni başdan yarat
Başımı başlara qatım
Aşımı suya qatmayım
Aşımı aşlara qatım.


AXTARIRAM

İtirmişəm özümü
Özümü axtarıram.
Dilimdə düyün düşən
Sözümü axtarıram.

Gözüm görmür dünyanı
Gözümü axtarıram
Canıma təpər verən
Dözümü axtarıram.

Tükənmişəm bitmişəm
Öz içimdə itmişəm
Yeddi yol ayrıcında
Tək çinar tək birmişəm.

Açması bir tapmaca
Sonu yoxdu bu şeirin
Sonu tapılanacan
Sonu çatacaq ömrün.



Səni ürəyimdən çoxdan silmişəm

Sən mənim gözümün qəminə baxma,
Saqraq qəhqəhəl gülüşümə bax
Səni ürəyimdən çoxdan silmişəm,
Gözümün içində saxlayıb Allah.

Səni ürəyimdən çoxdan silmişəm
Kövrək bənövşələr üzümə gülmür
Qışda çiçəkləmir dahaa gilənar
Qışda qaranquşlar qapımı döymür.

Məni bu sakitlik yaman qorxudur
Dənizin də üzü tufanqabağı
Beləcə tərtəmiz beləcə səssiz
Qumlu sahillərə sığınıb durur
Məni bü sakitlik yaman qorxudur.


DARIXMA

Yəqin qoynundadır yenə əllərin
Gəlmək gümanıma marağın keçib
Zülmət qaranlığa axıb tellərin
Gözündən könıündən axan sellərin.

İlıq sularından dodağın içib
Yastığın islanıb çırağın keçib
Günlərin bir günü yuxun çin olar
Pəncərən alışıb yanar darıxma.

Əllərim qoşaca göyərçin olub
Üzünə saçına qonar darıxma.


DEYİLƏM

Bir gəldim yaşadım nə verdi mənə
Bir də bu dünyaya gələn deyiləm
Gəldim özü boyda dərd verdi mənə
Bir də bu dünyaya gələn deyiləm.

Oğlumu qızımı yerbəyer etdim
Çox vaxt ürəyimin əksinə getdim
Bu son dayanacaq tükəndim bitdim
Bir də bu dünyaya gələn deyiləm.


TAXTIMDAN ENMƏRƏM DÜNYA DAĞILA...

Taxtımdan enmərəm dünya dağıla,
Baxtıma göz dəydi taxtım yerində,
Yuxuda hər işim nizama düşür,
Yuxular çin olar günün birində.

Qönçə arzularım çiçəkləyərlər
Üzümə gözümə nur ələyərlər
İstəməyənlərim baxıb deyərlər
Taxt da həmin taxtdı,
Baxt da həmin baxt.

Əyləşib yenə də Sultan yerində
Xanə həmin xanə xan da yerində
Ayağım yerdədi əlim göylərdə
Bəxtim ayaqdasa yolum açıqsa
Əzrayılın özü qarşıma çıxsa
Mənə gücü çatmaz şükür Allaha
Sağlığım yerində ağlım yerində
Taxt da həmin taxtdı
Baxt da həmin baxt.

Əyləşib yenə də sultan yerində
Xanə həmin xanə, xan da yerində!...

***

BİRCƏ XAHİŞİM VAR

Əlini uzatma əlimə dəyər,
Ürəyin bir anlıq aldana bilər.
Sən allah adımı çəkmə heç yerdə
Adın adım ilə hallana bilər.

Mənim o kitabım çoxdan bağlanıb
O ocaq sönübdü tüstüsü qalıb
Yüz il bundan belə ömr eləsəm də
O mahnı oxunub qurrtarıb çoxdan
Simləri qırılıb bəstəsi qalıb.

Mənə bel bağlama, uzaq dur məndən,
Hər ötəri duyğu tərpətməz məni.
Elə batmşam ki qəm dənizində
Fırtına qopsa da tufan qopsa da
Sən olan sahilə heeç atmaz məni.

Mənim ömrüm günüm qırış qırışdı
Ütülü əynimə başıma baxma
Hər nə itirmişəm qarşına çıxsın
Sən allah bir daha yoluma çıxma get,
Bircə xahişim var, arxaya baxma.


BƏNÖVŞƏ

Yenə bahar gəldi güllər açıldı,
Güllərin sultanı xanı bənövşə,
Səni sevdiyinlə qol boyun gördüm
Bəs mənim sevdiyim haanı bənövşə.

Sevən sevdiyini qəlbində saxlar
Yarın həsrətindən ürəyim ağlar
Viranə qalıbdı sən görən bağlar
Bağlar o bağdımı tanı bənövşə.

Əlin əlimdən üzdü o gözəl
Gözümə göz yaşı düzdü o gözəl
Hamıdan gözəldi düzmü o gözəl
Yolunda qoymuşduq canı bənövşə.

Bəxtinə qəm düşən təkcə mən oldum
Anamın südüylə dərd əmən oldum
Sağ solum namərddi mərd də mən oldum
Döşünə döyənlər hanı bənövşə.

Gəl dəstə bağlayım telimə düzüm
Yollardan çəkilsin həsrətli gözüm
Əlin əllərimdə gözündə gözüm
Dünyada nə varsa fani bənövşə.


MƏN İNSAN OLMAQDAN BEZMİŞƏM

Məni torpaq elə, məni daş elə,
Mən insan olmaqdan bezmişəm,
Allah!
Məni yarpaq elə məni quş elə
Mən insan olmaqdan bezmişəm,
Allah!
Məni torpaq elə çiçək bitirim
Məni daşa döndər başdaşı olum
Məni quşa döndər qanad ver mənə,
Uçum durnaların yoldaşı olшum
Bəlkə dediklərim günahdı günah
Sən məni bağışla, ey böyük Allah,
Mən gördüklərimi görsəydin vallah,
İnsan yaratmaqdan bezərdin, Allah!


HƏQİQƏTİ BİLƏNDƏ

Bircə kəlmə söz dedin,
Səni tanıdım.
İçində gizlətdiyin
"Məni" tanıdım.
Heyf sənə verdiyim,
Dəyər uçdu dağıldı.
Bundan sonra
Nə desən,
Elə biləcəyəm ki,
Uydurmadı, nağıldı.
Əfsus mənim zəndimə,
Mən adam tanıyandım,
Bircə kəlmə sözünlə,
Elə bil yatmış idim
Yuxudaydım oyandım,
Elə bil,
Allah gözümü açdı,
Həqiqəti biləndə,
Başımın üsündən səma,
Ayağımın altından
Yer qaçdı.


SOL YANIM YAMAN AĞRIYIR

Sən elə bir vaaxtda tərk etdin məni,
Yaş o yaş deyildi yenidən sevim.
Ya başıma yığıb oğul uşağı,
Nağıllar danışım nənəlik edim.
Hə, uzaqdaydı yaşın soyuğu,
Ürəyin istisi can yandırırdı.
Gözümə dikilən bir göz görəndə,
Abır, ismət məni dayandırırdı.
Bu sənin günahın deyildi axı,
Fələyin əlindən de kim qaçdı ki?
Hələ yaşayıram sağam amma ki,
O vaxtdan sol yanım yaman ağrıyır.


ÖLÜRƏM

Ölmək də cürbəcür olur,
Mən gündə bir az ölürəm.
Qışı yola verə bilsəm,
Bəlkə də bu yaz ölürəm.

Dərd çiynimdə yüküm ağır,
Yollarıma kədər yağır,
Əzrayıl anamı çağır,
Bir ağız bayatı desin.

Deyim, ana, döz ölürəm,
Nə çəkdim kimsə bilmədi.
Üz güldü ürək gülmədi,
Bilin ki, indi ölmürəm,
O torpağa qoyulannan
Görmürsünüz siz???
Ölürəm !!!!


AY EV YİYƏSİ

Bilirəm haçansa bir qış axşamı,
Göylərdən quşbaşı qar ələnəndə,
Soyuq otağıma qor ələnəcək.
Qapı çalınacaq,
Bir səs gələcək,
- Ay ev yiyəsi...
Necə tanış gəlir, bu səs, ay allah
Necə tanış gəlir...
Elə bil illərin bağrını yarıb,
Elə bil hicranın belini qırıb,
Özünü yetirib o kəs, ay Allah,
Axır ki həsrətdən hicrannan bezib,
Uzaq diyarları dolanıb gəzib,
Ya axşam, ya sabah, ya gecəyarı,
Qapımı çalarsan,
- Ay ev yiyəsi!..
Boşuna çağırma çox gecikmisən,
Səkillərdən baxır evin yiyəsi...


UNUTMA

Gedirəm, yetişib ayrılıq dəmi,
Yerişim, duruşum gözündən itir.
Gedirəm sakitcə gəldiyim kimi,
Könlündə xatirə çiçəyi bitir.
Özüm də bilmirəm, getdiyim yolu,
Dərdimi sərimi bir kimsə bilməz.
Gedirəm bu dünya adamla dolu,
Bir qapı döyməyə gümanım gəlməz.
Sən kövrək könlümə yazdığım istək,
Bu dəli istəkdən göyərər daş da.
Sən sevdiyim könul, sevdiyim ürək,
Gəl məni qısqanıb odlara yanma.
Yaşamaq başqadı, dolanmaq başqa,
Gedirəm bacarsan bu dərdi daşı.
Sən allah, kövrəlib qolumdan tutma,
Dolanmaq dərdinə qarışar başım.
Gedirəm, bəlkə də qayıdammadım,
”Əlvida!” demirəm, məni unutma.


ZiM.Az

.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: