- 1966-cı il martın 16-da
Xaçmaz rayonunda dünyaya gəlib.
1973-cü ildə 1-ci sinfə gedib.
1983-cü ildə Xaçmaz şəhər 1 saylı orta məktəbi bitirib.
1985-1990-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsində ali təhsil alıb.
Sonra pedaqoji fəaliyyətə başlayıb, müəllim işləyib.
Ailəlidir, iki övladı var.
Şeirləri “Canım Azərbaycanım”, “Turan”, “Qarabağ Azərbaycandır!”, “Zəfər”, “Xarıbülbül”, “Zirvə”, “Buta” və s. poeziya antalogiyalarında və müxtəlif ədəbi məcmuələrdə çap olunub.
Biz də Naibə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Məlahət SAHİBQIZI,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru
ZiM.Az
AZƏRBAYCAN
Səssiz qaldı bütün cahan,
Şəhidinə, köçgününə.
Otuz ildə nələr çəkdin,
Soyuqqanlı baxdı dörd yan.
Öz yaranı özün sardin,
Azərbaycan, Azərbaycan!
Sahib çıxdın torpağına
Dilə gəldi yenə hər yan.
Əsgərinə, mərd oğluna,
Damarında axan qana.
Candan keçən neçə cana,
Dünya heyran, Azərbaycan!
Yaran dərin, səbrin böyük,
Qürurlusan, vüqarlısan.
Tək yumruqda vurdu ürək
Dar günündə, Azərbaycan!
Unutmarıq dost ǝlini,
Türkə yaxın türk elini.
İndən belə dostu, yadı,
Yaxşı tanı, Azərbaycan!
Şəhidin rahat yatacaq,
Sabahın aydın olacaq,
Yenə xoş günlər olacaq,
Torpağında, Azərbaycan!
AZAD AZƏRBAYCAN
Qışın ilk günüdür, soyuq rüzgar var,
Amma ürəklərdə yaz havası var.
Sonuncu diyar da yurda qovuşdu
Qələbə sevinci birə yüz artdı.
Dinlə vətən oğlu, dinlə sözümü,
Qanınla, canınla tutdun sözünü.
Hər dinən dillərdə, gülən çöhrədə
Şəhid övladların sevinc payı var.
Qaldı bütün çilə, qaldı geridə,
Ağrısı, acısı xatirələrdə.
Alınan torpaqlar, qovuşan diyar
Sağalmaz yaraya məlhəm olacaq.
Unutmaz bir daha namərd düşmənin
Əsirlərlə olan mənfur niyyətin.
Bütün rəqiblərə meydan oxuyan
Qüdrətli Ordusu var Vətənimin.
Qur, yarat, abad ol, bu gündən belə
Azad Azərbaycan, mübariz Vətən.
Həm canından keçən, həm də Yaradan
Xalqı ucaldacaq uca zirvəyə.
QƏLƏBƏ
Bu gün zəfər günüdür, sinəmdə durmur ürək,
Dostlar bayram eləsin, bütün yer kürəsində.
İlk əvvəl şəhidlərin ruhunu yad eylǝyǝk,
Şah dağın zirvəsindən Xəzər sahilinədək.
Şuşanın məscidindən ilk azan səsi gəlsin,
Bütün Turan elinə sədaları yüksəlsin.
Nakam dünyadan gedən şəhidlərin ruhuna,
Qarabağ torpağında təziyələr edilsin.
Asta gǝz üzərində, ey Vətən övladları,
Müqəddəsdir, əzizdir, Qarabağ torpaqları.
Şəhidlərin ruhu var onun hər qarışında,
Bu torpaqlar altında yatan ruhlar oyanar.
Oxu, yanıqlı səslə "Qarabağ" şikəstəsin,
Avazı illər sonra dağı-daşı inlətsin.
Canlansın Cıdır düzü, xarıbülbül oyansın,
Səsimizə səs versin, Araz çayın o tayı.
Haqqındır, hayqıraraq dünyaya car çəkəsən,
Bütün türk ellərinə xəbəri yetirəsən.
Ey üçrəngli bayrağım zirvədə dalğalan ki,
Xocalı yaraları az da olsa dinəcək.
Vətənim Azərbaycan, adın göylərə qalxdı,
Mübariz əsgərini bütün dünya tanıdı.
Bir təşəkkür borcum var, Ali Baş Komandana
Yetirdi öz xalqını ən böyük arzusuna.
Bir bayrağın altında birləşən millətimiz,
Yeni dastan yaratdı, bəşərin tarixində.
Yaşa-yaşa xalqımın ey mübariz ordusu,
Qarşınızda baş əyir, qürur ilə xalqımız.
VƏTƏN TALEYİ
İnanmazdım heç zaman, inanmazdım ürəkdə,
Doğulduğun torpaqlar taleyindir deyəndə.
Yanıldığım fikrimə, düşüncəmə qalanan,
Bir yenisin də gördüm, görmək istəməsəm də..
Bitməyir müharibə, dinməyir ki, acılar,
Xain düşmən üzündən gözü yaşlı analar
Hardan gəlib toxumu düşdü el-obamıza,
Zəhərli ilan olub, qəfil bizi sancdılar.
Mətindir, mübarizdir Vətənin oğulları
Gözünə yuxu getmir, qoruyur torpaqları
Elinə, obasına, necə xəbər yollansın,
Ağırdır əcəl adı-şəhid sənin övladın..
Nə yaman böyük oldu Vətən, iztirabların
Sənə açılan atəş görən nə vaxt bitəcək,
Meydanda igidlərlə olsaydı üzbəüz tək
Düşməndən zərrə qalmaz, tərk edərdi çaqqaltək.
QALİB BAYRAĞIM
Bayraq namusumdur, bayraq şərəfim,
Bayraq-Vətənimin nüfuz kimliyi
Ay-ulduz möhürlü üçrəng bayrağım,
Dost baxıb sevinir, düşmən qəhr olur.
Vətən, torpağın da, daşın da ulu
Övladın Babək tək cəngavər ruhlu,
Yadlara göz dağı, dosta arxadır
Bu gün, Qalib Bayraq zirvədə durur.
Öpüb bayrağını qoyub sinǝyǝ
Vətən, oğulların döyüşə getdi,
Bu yolda gediş var, dönüş olmayır
And içib bayrağa ölümü seçdi...
Çiynində yaralı əsgər yoldaşı,
Sol əldə bayrağı, sağ əldə silah
Düşmən üzərinə inadla getdi,
Getdi, dönüşündə "Zəfər" gətirdi.
Sağ qalsam, zirvədə ucalacaqsan,
Ölsəm, məzarımı bəzəyəcəksən,
Andımsan, qibləmsən, səcdəgahımsan
Başı göyə ǝrǝn-məğrur Bayraqsan.
QURBAN OLUM
Əzabına, zillətinə,
Yorğun baxan gözlərinə,
Ürəyinin qeyrətinə,
Əsgər oğul, qurban olum.
Çox yaxınsan qələbəyə,
Aman vermə namərdlərə,
Cəsarətli ürəyinə,
Qurban olum, qurban olum.
Gecə bilmir, gündüz bilmir,
Bulud gəlir, yağmur düşür.
Qış gəlməmiş, qar tökülür,
Üşüyürsən, qurban olum.
Dua edir, anan evdə,
Səhər-axşam əllər göydə,
Tanrım qoru əsgərləri,
Döyüşdədir, qurban olum.
Sülh istədik, sülh söylədik,
Vuruşmağı biz seçmədik.
Haqq yolunda olanları,
Haqq qorusun, qurban olum.
VƏTƏN YARASINI SARACAQ
Vətən, torpağının daşı, qayası,
Dil açsa tarixdən nələr danışar.
Babək və Cavanşir yetirən diyar
Yurda göz dikənin gözlərin oyar.
Sən haqqın yolunda, torpaq uğrunda,
Neçə şəhid verdin, Vətən uğrunda.
Torpaq da bizimdir, şəhid də bizim,
Əfsus ki, olana göz yumur dünya.
Yer də, göy də şahid yaşananlara,
Günahsız, xəbərsiz gedən canlara,
Evində, beşikdə məhv olanlara,
Göz yumdu, dünyanın "haqq" carçıları.
Unutma bir haqq var, yolun sonunda,
Gec gələr bəlkə də, amma sonunda,
Qisas yerdə qalmaz, qan yerdə qalmaz,
Qansızlar, bulanar öz qanlarına...
Bu gün çətin gündür, döyüş günüdür,
Yenə alnı açıq çıxacaq Vətən.
Həm qalib gələcək namərd düşmənə,
Həm də öz yarasın saracaq Vətən!..
YAZ YENİ TARİX
Tarix yazılanı unudan deyil,
Günahsız axan qan, silinən deyil,
Sandın, otuz ildir keçib üstündən
Qarabağ bir daha alınan deyil?
Mərdin əzmi böyük, səbrisə çoxdur,
Namərd müxənnətdir, hiyləsi çoxdur.
Artıq küllərindən doğan xalqımın,
Önündə düşmənlər tab edən deyil.
Yaz, ey ŞANLI ORDUM, yaz yeni tarix,
Əsirlər boyunca haqqı aradıq.
Kimsənin yurduna göz dikməsək də,
Torpağı bölünən yenə biz olduq.
Bu gün haqq yürüşü, zəfər bizlədir,
Yenilməz, mübariz ordu bizdədir,
Vətən torpağının bir qarışı da
Mənfur düşmənlərdə qalası deyil!
QARABAĞ MUĞAMI
Dinlədim Qarabağ şikəstəsini,
Titrədi könlümün sarı telləri.
Həmişə toxunar dinsə ruhuma,
Qüssəli nəğməsi, yanıqlı səsi.
Suyu zümzüməylə axar Şuşanın,
Dağları zirvədən baxar Şuşanın,
Kiçikdən böyüyə, qəlbən, həvəslə
Muğamı söyləyər yanıqlı səslə
Muğam Qarabağın şah əsəridir,
Nəsillərdən gələn xəzinəsidir.
Üzeyir bəstəsi, Xanın səsidir,
Ucalar ney səsi hey Qarabağda.
Dinləyən səsindən ayrıla bilməz,
Yadlar avazını söyləyə bilməz,
Varmı bu dünyada nəğmə muğamtək?
Eşidən, göz yaşın saxlaya bilməz.
Şuşa Qarabağın vuran ürəyi,
Muğamsa Şuşanın yanıqlı neyi,
Xarıbülbül görən gözü, bəbəyi,
Tərifi dastandır, gözəl Qarabağda.
TORPAQDAN PAY OLMAZ
Yenə də düşmənlər verib baş-başa,
Biz ki, daş atmazdıq özgə bağına.
Namərd gözün çəkmir, müxənnət əlin
Sarıb Vətənimin dörd bir tərəfin.
Ata-babalardan qalan öyüd var
Sərvətdən pay olar, torpaq - pay olmaz,
Düşmən bilə bilməz, yad bilə bilməz,
Şəhid yatan yerdə - yad dura bilməz.
Yağılar göz dikib hər qarışına
Tarix unutmayıb düşmən hiyləsin.
Neçə sərkərdələr, neçə igidlər,
Sonadək döyüşüb Vətən yolunda.
Ox çıxıb yayından geri dönməyir,
Düşmən də bəllidir, dost da bəllidir.
Yalan vədələrə, boş kəlmələrə
Bir daha xalqımız aldanan deyil.
Yaxşı bax, keçdiyin zəfər yoluna,
Neçə şəhid yatır, yolunun üstə.
Ayıq ol, sayıq Vətən uğrunda,
Qoy rahat uyusun yatan şəhidlər...
YAZ KOMANDAN
Yaz komandan, qızıl xətlə
Azərbaycan tarixinə,
Qələbənin nidasını
Qarabağın Xankəndinə!
Yaz ki, Zəfər nəğməsindən
Bütün dünya çalxalansın,
Düşmən kədərə qərq olub
Dost ürəyi qürrələnsin.
Yaz komandan, yaz eşidək
Şanlı himnin sədasını,
Qalib Ordu addımlasın
Əlində Zəfər Bayrağı.
Yaz ki, qələbə sonrası,
Abadlaşsın Qarabağım
Üzü gülsün millətimin,
Aydın sabahlar açılsın.
Yaz komandan, yaz tarixə
Millətimin birliyini,
Ölümə meydan oxuyan
Şəhidlərin qeyrətini.
Yaz ki, qələbənin əzmi
İnsanlığa ibrət olsun,
Haqsızlığa hayqırışın
Haq səsi, haq sözü olsun.
Yaz komandan, qızıl xətlə
Azərbaycan tarixinə,
Qələbənin nidasını
Qarabağın Xankəndinə!
VƏTƏNİM
Yurduma Xəzərdən boylanır günəş
Batacaq, hər axşam dağın başından,
Nə gözəl məkanda bərqərar tutmuş
Tarixlər şahidi can-Azərbaycan.
İsmində səslənən can kəlməsində
Şəhid oğulların- canı toplanıb,
Vətən torpağının hər qarışında
İgid övladların izləri qalıb.
Dörd yanın yad ellər, dostunsa təkdir
Canına can deyən, yalnız türklərdir,
Soyumuz, kökümüz eyni nəsildən
Amma, dörd yanımız yad ellilərdir.
Qoru vətənimi, qoru ilahi
Dostu tək, düşməni çoxdan da coxdur
Haqqı düz, addımı doğru olanın
Başında min dərdi, bəlası çoxdur.
Torpağı qanıyla sulanan vətən,
Qanından gül-çiçək bitirən vətən,
Düşmən çox olsa da, namərd olsa da
Sənin kölgən olub qalacaq, Vətən.
ERKƏN PAYIZ
Sıralanıb qatar-qatar,
Durna yenə köç eyləyir
Necə keçdi baharla yay,
Payız gəlib, yer eyləyir.
Bulud sardı dörd tərəfi
Yağmağa fürsət gözləyir,
Sürmədik ki, səfasını
Yağmuru tüğyan eyləyir.
Ümid qalıb yenə yaza
Başqa bahar, başqa yaza
Necə gələr, nə gətirər
Çarə qalıb təkcə səbrə..
Səbrin də bir qərarı var
Gözü yorar, ürək vurar,
Təsəlliyə bel bağladıq
Ümid deyir, yaxşı olar.
Əyri otur, doğru danış
Xeyirə aç sabahını,
Atalar belə söyləyib
Zamanla hər şey durular.
Yağacaqsa-yağsın yağış
Axar su da bulanacaq,
Boşaldıqca qara bulud
Həyat yenə canlanacaq.
Payızın son yarpağı tək
Budaqlardan düşür tək-tək
Ömrümüzdən, günümüzdən
Bir il də ötüb gedəcək..
SÖZSÜZ MUSİQİ
Gəlir qulağıma həzin ney səsi,
İnləyir bərabər kamanın səsi
Sən toxun mizraba, mənsə dinləyim,
Canlansın gözümdə gözəl mənzərə.
Çal oğlum, çal qızım, dillərsə sussun
Yalnız musiqinin ahəngi ötsün
Yeddi səs, yeddi not qəlbdən-qəlblərə
Deyilə bilməyən duyğu ötürsün.
Hər kəsdən, gözlərdən uzaq məkanda
Nə sözə, nə dilə ehtiyacı var,
Həzin musiqinin sədalarında
Qəlbimin tək sənə ehtiyacı var.
Görən hardan gəlir bu yanıq nida
Yanıqlı qəlblərin səsidir bəlkə,
Çəkib nəfəsinə, çəkib siminə
Dilsiz-ağızsızın sözüdür bəlkə.
Dərin nəfəsinlə, sehirli əllə
Yaranır ecazkar, yanıqlı nəğmə,
Necə qəlbsiz olsa, necə ürəksiz
O da sükut ilə dinləyər, məncə.
İnləyən səsinin heyranıyam mən,
Sözsüz musiqinin vurğunuyam mən,
Ustad nəfəsində, ustad əlində
Bir ömür sükutla dinləyərəm, mən.
Çal kaman, inlə ney qəlbim titrəsin,
Ürəyin ritmi də sənlə köklənsin,
Yorğun illərimin, yorğun ömrümün
Bütün nisgilini söküb aparsın...
PAYIZIN ASTANASI
Çəkir əllərini yayın istisi,
Hər gün bir az daha sərin meh əsir
Yay sonu- payızın astanasında,
Qəlbimə çox qərib duyğular düşür.
Hələ yarpaq yaşıl, budaqlar yaşıl
Üzümü, alması bağlarda daşır,
Quşlar köç etməyə hazırlıq görür
Sübh şehi -payızdan xəbər gətirir..
Əvvəldən belədir, bilmirəm niyə
Təbiyyətə bağlı ruhum, əhvalım,
Tək çiçək üzümü güldürə bilsə
Üzülər, bir damla göz yaşı ilə.
Son bahar-yarpaq tək titrək varlığım
Qışda üşüməyir, inan heç zaman,
Təkcə bir anına təşəkkürüm var
Payızda göz açan qız övladım var.
Bəlkə də ürəyin gizli yerində,
Özüm də bilmədən heyranlığım var
Eh payız, görəsən sənin şəninə
Sevmədən söylənən neçə misra var?
YAŞAR ŞƏHİDLƏR
Torpaq üçün sinəsini siper eyləyən
Şəhid oğul, VƏTƏN səni unutmayacaq.
Ömrünün baharında xain gülləsi
Tuş gəlsə də, ölməzliyə ruh qovuşacaq.
Sənin kimi oğulları fəda eyləmək,
Vətənimə, torpağıma inan ağırdır.
Hər şəhid xəbərin xalqım alanda
Düşmənlərə nifrətimiz bir az da artır.
Kor olası yağı düşmən, əli qanlıdır,
Yaranışdan varlığı da qanla bəslənib.
Nəhayət ki, öz qanının qǝltanı olub,
Bütün şəhidlərin bu gün, qisası dinib.
Azərbaycan var olduqca yaşar şəhidlər,
Can kəlməsi şəhidlərin qanına fəda.
Azad torpağımızda rahat uyuyanlar
Tarix boyu varlığın VƏTƏNLƏ olacaq.
ŞƏHİD ANALARI
Qarışıq duyğularda, iki hiss arasında
Qalmışam, sevinc ilə nisgilin arasında.
Bir gecədə qocalan şəhidlər anasına,
Düşünüb söz tapmıram, qanayan yarasına.
Baxıram Vətənimin azad torpaqlarına,
Sevinirəm ürəkdən, amma gülə bilmirəm.
Nə qədər çətin imiş qanla yazılan yazı,
Bir tərəf azad Vətən, bu yan şəhid anası.
Sözün bitdiyi yerdir, ağlar şəhid anası
Ömür boyu unutmaz, torpaq övladlarını.
Bilirəm Azərbaycan şəhid analarının
Ləyaqətlə saracaq bütün ağrı, acısın.
İstənmədən gedilən haqq yolu, həqqin yolu,
Şəhid itkiləriylə, ağır sınaqla dolu.
Vətən, sonuncu olsun köksünün yaraları,
Bir daha dərd görməsin, yurdumun anaları...
ANAMIN XATİRƏSİNƏ
Zaman ötüb gedir, fərqinə varmam,
Gözlərim dikilir, boşluğa sarı.
Nə zövqü səfası, nə də dadı var,
Necə keçir sənsiz, bir bilə bilsən.
Darıxır ürəyim, darıxır yenə,
Dərdi-sərimi də bölmürəm sənsiz.
Bir bilə bilsəydin, üzü axşama
Yerin çox görünür, necə də sənsiz.
Könlümdən keçəni həmən duyardın,
İndi nə danışıb, nə də dinirəm.
Töküb misralara, bəzən ürəyi,
Çaxan şimşək kimi tez gurlayıram.
Əllərimi ovub, qaşımı çatmaq,
Həzin, rəvan səslə dinib-danışmaq,
Yaş neçə olsa da, həyalı olmaq,
Səndən keçib mənə, bir bilə bilsən.
Necə bir hikmətsə, mən də bilmirəm,
Bənzəyir taleyim, qismən də sənə.
Gün ötüb keçdikcə çox düşünürəm
Alın yazısımı, bir bilə bilsəm...
Hərdən yada salıb dinən gözləri,
Gileymi var idi, yoxsa kədərmi,
Bir az ala idi, bir qədər yaşıl,
Yoxsa yanılıram, bir bilə bilsəm.
Mən ki, həkk etmişdim baxışlarını
Yaddaşa, ǝqlimə, hafizələrə.
Çöhrəni, alnının qırışlarını,
Yuxutǝk anıram, bir bilə bilsən...
BAYATI-ŞİRAZ
Aparır, başqa bir dünyaya məni,
Dinlədiyim muğam, Bayatı-şiraz
Vətən sevgisinin ahəngi hopub,
Ürək tellərində çalınan avaz.
Bayağı sevgiyə yazılan nəğmə,
Bax gör, sevgi nədir, məhəbbət nədir
Hələ neçə illər keçsə də belə,
Dinləyən, sehrindən ayrıla bilmir.
Fərqlidir Vətənin muğam avazı,
Qəhrəmandır oğlu, ismətli qızı,
Dillərdə dastandır nəgməsi, sazı
Yoxdur, heç bir yerdə kaman havası.
Nə zaman oxunsa bayatı-şiraz,
Quşlar qanad salar, göydə dayanmaz
Ana torpağımın bağrından qopub,
Hay çəkir dağlara inləyən avaz..
Tanrının yurduma bənzərsiz payı,
Yoxsa, Vətənimin yanıq harayı,
Sızıb torpağına, sızıb suyuna
Dil açır, ürəkdən gələn harayı.
Min illik tarixin acısı sığıb,
Bəlkə də Vətənin ağrısı sığıb,
Şair kəlməsindən qopan üsyanla
Car çəkir dünyaya bütün əzabı.
Yurduma heç zaman ayaq basmayan
Vətəni görməyən, dil anlamayan,
Bir kərə rast gəlsə muğam səsinə
Ömürlük həkk olar hafizəsinə.
Hələ, indən belə səs salacaqdır,
Yaxın da, uzaq da dinləyəcəkdir,
Vətənin bənzərsiz mədəniyyətin
Bəşər, tariximi tanıyacaqdır.
Mugamı dərindən öyrənmək üçün,
Bir ağız avazın söyləmək üçün,
Yurdun, çeşməsindən su içmək gərək
Vətən torpağında doğulmaq gərək.
Fəxrim, vüqarımsan ana diyarım,
Çoxdur mənim kimi söz söyləyənin
Yığılsa dünyanın söz yazarları,
Bənzəməz sinəndən qopan nəğməyə..
Zamanla bəlkə də azalar, ancaq
O da etinasız, laqeyd olmazsaq,
Od düşən ocağın odun söndürsək,
Bəlkə, qaysaq tutar yaralar bir az.
Mümkünü olmayar təsəllinində
Nitqimiz quruyar əcəl önündə,
Ömrü yarım qalan şəhid oğulu.
Nəğmədə yaşadaq, o, olmasa da..
Bu gün, MÜBARİZİN GÜNÜdür
Düzü, sevməyirəm bayağı sözü,
Hiss edib ruhunu, duyğularını,
O qısa ömrünü tək-tək yaşayıb
Bütün varlığımla yazmaq istərəm,
İsminə dastanlar qoşmaq istərəm...
Vətən qəhrəmanı, yurdun mord oğlu,
O günədək, o anadək tanımırdı xalqın səni
Fəqət, səni tanıyanlar atan, anan, yaxınların
Yaxşı bilib köksündəki Vətən boyda ürəyini.
Bu qədərmi təsadüflər bir araya gələ bilər
Sən dünyaya gələn günü nədən başqa adlar kimi
İsa, Ömər, Yusif kimi dilə dastan,
Tarix boyu yad ellərdən sızıb gələn isimlərdən
Na hikmətsə heç biri də sənə uyğun görülmədi.
Yaşanacaq varlığını, xislətini duymuş kimi,
Mübariztək yaraşmırdı əzəmətli baxışına
Ana dilin, ata yurdun "Mübariz" ifadəsi,
Qızıl hərflə möhürləndi sənin alın yazına...
Bəzən susqun, bəzən dalğın, hərdən isə od püskürəm baxışların.
Xəbər verib qəlbindəki "Vətən" adlı fəryadından,
Tay-tuşların naz-nemətlə, sığal ilə böyüyəndə
Sənin məğrur ürəyində "Vətən" boyda bir qığılcım böyüyürdü.
İllər keçib, boy atdıqca adındakı dərin mə'na
Damla-damla, zərrə-zərrə hopdu sənin ürəyinə.
Gəzmədiyin, görmədiyin Qarabağın qara bəxti
Sağalmayan bir dərd oldu köksündəki ürəyinə...
Tək sevdan da Vətən idi, Qarabağdır ürəyində
Xəbərsizdin, gizlin-gizlin sənə baxan baxışlardar
Anan qədər yollarını yəqin o da çox gözləyib, əzizləyib,
Anan dedim, dərd halına səndən də çox yanan dedim.
Nə bir cümlə, nə bir kəlmə ovutmayar onun qəmli ürəyini,
Atan isə kədər, qürur bir arada, həsrət ilə yola baxır,
Görən oğul, yaşananlar həqiqətmi yoxsa nağıl?
Ürəyini oxuyan da, səni ən çox tanıyan da atan oldu.
Sən səssizcə təkbaşına düşmən ilə savaşanda,
Komandirin həyəcanla səni evdən soruşanda,
Aramayın, oğlum heç vaxt xidmətindən qaçan deyil,
Mən bilirəm, ön cəbhədə düşmən ilə savaşdadır, yaxşı baxın...
Tək başına savaşmağı kitablardan, filimlərdən seyr etmişdik,
Əsər deyib, nağıl deyib çox da ciddi görməmişdik.
Bir gecədə şücaətin əfsanəvi dastan oldu,
Yağı düşmən torpağında qisas oldu, matəm oldu...
Gedişindən xəbər tutan silhdaşın, dostun Fərid
O da səntǝk Vətəninə sadiq olub, şəhid oldu...
Şəhidliyin, şəhadətin qulağıma ilk gələndə,
Rəsimlərin, şəkillərin göz önündə görüləndə,
Cəsarətin, şücaətin sərhədləri aşıb keçdi,
Vətənini sevən hər kəs, qürur ilə səni andı.
Söyləmişdim, sonda yenə söyləyirəm, dönə-dönə:
Adın kimi, duruşun da əzəmətli mübarizdir,
Baxışların şəkillərdən hayqıraraq Vətən deyir.
Sənin kimi on, iyirmi igid bəsdir,
Ana yurdun hər qarışın ləyaqətlə geri alaq...
İnanıram, ruhun yenə hey dolanır
Vətənimi İgid oğul rahat uyu, unutmayır Vətən səni...
ŞUŞANIN FATEHLƏRİ
Bir gecənin içində millət ayağa qalxdı,
Yer-göy lǝrzəyə gəlib, qəzəb nifrətə döndü,
Alovlandı dalğası Vətənimi bürüdü
İgidlər birlik olub ön cəbhəyə yürüdü.
Səbrimiz yanıltmışdı, yaxını da, yadı da
Müharibə ölümdür, salmırdıq biz heç yada,
Çalışdıq əldə edək, dinc yolla torpaqları
Biz döyüşə hazırdıq, təki torpaq qayıda..
Ön cəbhə, arxa cəbhə bir yumruqda birləşdi,
Saatlarla, günlərlə torpaqlar ələ keçdi,
İtkisiz müharibə, ağrısız döyüş olmaz,
Ürəyinə daş basıb, Vətən buna da dözdü
Qələbəyə gedən yol, döyüşlərin sorağı.
Sürətlə Yer üzünə, dörd bir yana yayıldı.
Dayanmadan, durmadan yalnız irəli getmək,
Vətən torpaqlarını düşməndən azad etmək,
Aclığı, susuzlugu hiss etmirdi igidlər
Durmadan yol gedirdi, gecədən sabahadǝk..
Payızın son günləri, şaxtalı bir gecədə
Ölümü gözə alıb Şuşaya yollandılar..
Göy üzü buludludur, dağları duman alıb,
Çətin şərtlər altında qayalara dırmanıb,
Ölüm-qalım savaşı, bu gecə son gecədir
Vaxtı itirmək olmaz, zamanımız daralıb,
Duyuq düşər, birləşər, bütün nankor düşmənlər,
Yaxşı bilir el oğlu, dörd yanda naxələflər...
Zaman çox qiymətlidir, yürüdü qaranlıqda..
General, komandiri hamısı ön cəbhədə
Bir-birindən seçilmir o gecə döyüşlərdə
Əl ilə, dırnaq ilə sıldırım qayalara,
Soyuq, zülmət içində ip ilə dırmananda
De hansı hisslər keçdi ürəyindən ay oğul?
Ananmı yada düşdü, yoxsa beşikdə çağa?
Ay gizləndi buludda, səni qorumaq üçün
Analar dildə dua, əli göylərdə gəzdi,
Bilsən, necə böyük bir fədakarlıq göstərdin
Ölümə meydan deyib, qanlı döyüşə getdin,
Vətəni-vətənində düşməndən azad etdin..
Əlbəyaxa döyüşdə düşmənə sinə gərdin
Həftələrlə gözünə bəlkə yuxu getmədi,
Təəssüf, çox heyif ki, yağının gülləsinə
Neçə-neçə nər igid döyüşərkən tuş gəldi..
Qubadan, Naxçıvandan, Lənkərandan Oğuzdan,
Bir sözlə ana yurdun toplanıb hər yanından.
El bir olub qatili vətənimdən sürüdü,
Belə döyüş əsirdə hələ görülməmişdi
Güllə yarası alıb, yenə də dayanmadı,
Düşmənin boğazından yalın əllə yapışdı
Azad etdi Şuşanı, dərindən nəfəs alıb,
İlk kəs-sonuncu kərə, nəzər saldı Şuşaya,
Kimisi gözlərini əbədi yumdu göyə.
Yaralı olanlar var, yuxusuz qalanlar var
Bəlkə də ac-susuzdu, hər tərəf qarlı dağlar,
Əlində Vətənimin enməz üçrəng bayrağı
Şuşanın zirvəsinə qürur ilə sancdılar...
Otuz ildir baxımsız Şuşanın məscidində
İlk əzanı, namazı elə o an qildilar.
Gözlərin aydın Vətən, gözün aydın Qarabağ,
Nəhayət azadlığa, doğma yurda qovuşdun.
Düşmənlər məhv edildi, qara bulud dağıldı,
Başı dumanlı Şuşa ilk kəs vüqarla baxıb
Dağların zirvəsində o gün yenidən doğdu.
Vətənin şəhidləri, Şuşanın fatehləri
Qəlpələrdən bədəni bölünmüş qaziləri,
Bütün xalq, bütün ölkə qarşınızda baş əyir,
Nəinki Azərbaycan, türk xalqı, türk dünyası
Azərbaycanı sevən neçə dostu, yaxını,
Sevinc ilə qürurla qələbəni qeyd edir,
Vətən, səni sevməyən neçə-neçə rəqibin
Etiraf edib hətta, hünərindən danışır.
Hələ yaramız çoxdur, viran qalan torpaqlar,
Dağıdılmış kənd, şəhər, qaysaq tutmuş yaralar,
El bir olub zamanla onu da atlatacaq,
Bax o zaman yurdumuz, bölgədə, lap dünya da
Parlaq səhifəsini silib başdan yazacaq.
ÜRƏK AĞRISI
(Nailə Mirməmmədliyə xatirə)
Atma ürəyinə dərdi sərini,
Ürəkdə yer edər ağrıya dönər.
Baxma diqqət ilə parlaq günəşə,
Atəşdən yoğrulub, gözü kor edər.
Əvvəldən belədir, qanuni-qayda,
Azı məlhəm olar, çoxu dərd olar.
Dil dönər söyləyər, demədiyini,
Yigar ürəklərə, ağır yük olar.
Dilin söylədiyi qalmaz yadında,
Səpilər boşluğa tez unudular.
Amma köksündəki çırpınan ürək,
Yaxşını da saxlar, pisi də saxlar.
Deyilən dərd olmaz, deyilməyənlər
İşlər damarına, işlər qanına.
Söyləsə olmayır, söyləməsə də
Ürəyi dağıdıb, qubar eylǝyǝr...
Yığılar ürəkdə, bir dağa dönər,
Nə azala bilər, nə dinə bilər.
Sonunda dözməyər, günün birində
Dayanar, əbədi susquna dönər...
ÇIXAQ SƏFƏRƏ
Çıxaq payız günü uzaq səfərə,
Yol boyu uzansın gözəl mənzərə
Başımız üstündə durna qatarı,
Günəşsə, buludlar ardında qalsın.
Qoruyaq quşların boş yuvasını
Yagışdan, küləkdən, dəcəl uşaqdan
Mövsümlər tez keçər, yaxşı bilirsən,
Yenə gələn bahar yuvaya dönər.
Toplayaq yabanı giləmeyvəni,
Soyuq qış axşamı ilac kimidir,
Yağışdan islansaq, tez sığınmağa
Ağacın koğuşu əlac kimidir.
Addımı ləng edib, bir az da dayan,
Göbələk toplayım, münbit torpaqdan
Ləzzəti başqadır, dadı başqadır,
Tələsmə, qoy dərim, birgə qayıdaq.
Qəfildən səmada göy guruldasin,
Bir az şimşək çaxıb, səs-küy yaratsın
İslanıb yağışda, narazı qalıb,
Günahkar axtarsan-səbəb mən olum.
***
Kəssin yağan yağış, bulud dağılsın,
Açılsın göy üzü, tərtəmiz olsun,
Elə bil əl ilə çəkilmiş kimi
Rəngli göy qurşağı aydın görünsün..
Səndə nə rüzgarlar, nə fırtına var,
Demə qocalmışam, ey gidi dünya.
Üzüntü olmasa əgər həyatda,
Bax gör, ürəyimdə nə arzular var...
***
Gəlsin yenə bahar, gəlsin yenə yay,
Yürüyüm dənizin sahillərində
Dǝysin ayağıma sərin ləpələr,
Həm mən gülümsəyim, həm mavi Xəzər.
Çəkilim kölgəli, sakit guşǝyǝ,
Dinləyim dənizin dalğa səsini
Ürəkdə kəlmələr şeirə dönsün,
Mənim nəğməmi də dəniz dinləsi.
Qiy vursun, qağayı sahillərində
Dəniz mürgüləsin öz çənbərində
Dalğalar dönüşsün qumlu lǝpǝyǝ
Günəş şəfəq saçsın, xoş mənzǝrǝyǝ.
Rəngini masmavi göylərdən alır,
Hərdən sahilini xəzrisi sarır,
Həm könül oxşayır, həm göz oxşayır
Gah qucar sahili, gah da qayıdır...
SƏN DƏ UNUTMA
Mən unutmam, söz söyləyən baxışları,
Mən unutmam, sükut ilə danışanı.
Göz yaşını ürəyinə axıdanı,
Sinəndə ürək varsa, sən də unutma.
Gündüzü gecələrə dönənlər bilər,
Üzündə təbəssümü donanlar bilər,
Qiyma, qəm-qüssələrə qərq olub bitsin
Kədəri bölüşərsək birgə, azalar.
Yayındırma gözünü baxıb üzünə,
Bacarsan, ifadədən anla halını.
Dinməyə nə taqəti, nə də sözü var,
Baxışlar danışarkən, dillər lal olar.
Çətindir ifadəsi ağrı-acının,
Zülmətə qərq olanın açmaz sabahı,
Təsəlli olmayacaq təsəllini,
Söyləmə, söyləyərsən artar acısı.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.