Şeirə, poeziyaya maraq tələbəlik illərindən özünü biruzə verib. Bu üzdən Allahdan verilən vergini dəyərləndirib, "Xəzan" təxəllüsiylə seirlərini qələmə alıb. Ailəlidir, 1 övladı var.
Biz də Vüqar Xəzana yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.
Məlahət SAHİBQIZL,
AYB-nin və AJB-nin üzvü, "Borçalı" nəşriyyatının redaktoru
ZiM.Az
ŞƏHİDLƏR ÖLMƏZ
Güllənin səsindən bezardı çox can,
Qorxudan, təlaşdan süzülür yaşlar.
Hüzünlü olsa da,bil Azərbaycan,
Düşmənə igidlər yağdırıb daşlar.
Qorxmayıb ölkəmiz qanlı ölümdən,
Geriyə çəkilməz çətin zülümdən.
Şəhidlər fəxrimiz düşməz dilimdən,
Öldürüb yağını qoparıb başlar.
Hamıya səbirli günlər diləyək,
Əlimiz göylər də dua eliyək.
"Amin"kəlməsini birgə söyləyək,
Ölməzdir şəhidlər, ölməz qardaşlar!
TARIN SƏSİ
Gəlir qulağıma sədası tarın,
Çoxdandır həsrətəm yarın səsinə.
Düşüb təsirinə puç arzuların,
Göy üzü ağlayır tarın səsinə.
Həzin musiqidə notlar düzülür,
Göz yaşım yanaqdan tək-tək süzülür.
Səbr elə deməkdən ürək üzülür,
Göy özü ağlayır tarın səsinə.
Bir gözün ağlayır, bir gözün gülür,
Bir sevinc güləndə,bir hüzün gülür.
Bir üzün səbr edir, bir üzün gülür,
Göy üzü ağlayır tarın səsinə.
Tar dilə gəlibdi,tar fəryad edir,
Dərdimin əlindən sanki dad edir.
Mizrabı elə bil yarı yad edir,
Göy özü ağlayır tarın səsinə.
Xəbər göndərəydim yara buluddan,
Bir nişanə gəlir tara buluddan.
Narın yağış yağır qara buluddan,
Göy üzü ağlayır tarın səsinə.
MÖHTACAM
Həyat məni bəzən çəkir sınağa,
Dərd-kədərdən düşmüşəm mən qınağa.
Həsrət qaldım o gülüzlü yanağa,
Gözlərində gülən gözə möhtacam.
Həyat davam edir,dövr edir zaman,
Fəryad diləyirəm aman ay aman.
Cahanda pisliklər çoxalır yaman,
Mənə ümid verən sözə möhtacam.
Tənhalıqdan könlüm yaman sıxılır,
O,səbəbdən qəmli gözlər baxılır.
Ayaqlarım büdrəyib də yıxılır,
O,yollarda qalan izə möhtacam.
İndi zamanıdır söz deməyimin,
Daha faydası yox gözləməyimin.
Qürur imkan vermir gizləməyimin,
Yalnışlar içində dözə möhtacam.
XƏYALLAR
Küləyə öpücük əmanət etdim,
Üzünə əsəcək öpüşüm dəysin.
Çevirmə üzünü söyləyib getdim,
Sevgiylə,ehtiras qəlbdə inləsin.
Səni özüm deyil gözlərim seçdi,
Kipriyin bulaqdı gözüm su içdi.
Sevgi körpüsündən eşqimiz keçdi,
Həzin sevgimizi könül dinləsin.
Yağmurlu gecədə yanına gəlsəm,
İslaq saçlarımı düzəldə bilsən.
Qoxulu köksündə sevincdən gülsəm,
Bir qədəh öpüşün sərxoş eyləsin.
Sevgi romandısa ehtiras sonu,
Canlı əfsanədi hisslərin donu.
Sevəndə sürülür eşqin faytonu,
"Sevirəm" kəlməsin qəlblər söyləsin.
PAYIZ QOXULU
Köksündə bitirim xəzan yarpağı,
Ən gözəl sevgilər payız qoxulu.
Canlandır sevginlə eşqin torpağı,
Mürgülə sevgimdə olaq yuxulu.
Sən yağış damcısı, mənsə xəzanam,
Sevginə cığıram yol tək uzanam.
Payız sevincini özüm qazanam,
Ən gözəl fəslimin sənsən nağılı.
Payız gözəllikdi, yarpaq xışıltı,
Könül sevgisiylə hisslər pıçıltı.
Kürən saçlarında payız parıltı,
Məst edir saçların alır ağılı.
Payız küləyində öpüşlər sərin,
Şıltaq sevgimizdə olum sərsərin.
Süzülür ləbindən narın kövsərin,
Çayımın şirini, şəkər noğulu.
QOCALIRAM MƏN
İllər ötüşsə də dövr edir zaman,
Saçlarım ağarır,qocalıram mən.
Qaçaraq dayanmır,hey gedir yaman,
Saçlarım ağarır,qocalıram mən.
Uşaqdım,heçnəyi mən dərk etmirdim,
Həyatda var-yoxu sayıb seçmirdim.
Dərd adlı bulaqdan mən su içmirdim,
Saçlarım ağarır,qocalıram mən.
Nə edim saçlarım vaxtsız ağardı,
Hər addımım qarşısında divardı.
Dərd-kədərdən canım qəlbim qübardı,
Saçlarım ağarır,qocalıram mən.
Həyat hər bir kəsə fələk oxudu,
Doğru xalçasına kələk toxudu.
Elə bil ki,bu olanlar yuxudu.
Saçlarım ağarır,qocalıram mən.
Vaxt gələr dünyadan Vüqar da gedər,
Çalışar hər kəsə köməklik edər.
Bu fani dünyada yaşamaq hədər.
Saçlarım ağarır qocalıram mən.
ADDIM-ADDIM
Girdin ürəyimə asıldın simə,
Ağrımı acımı sənlə unutdum.
Qəlbin açarını vermə heç kimə,
Çünki,mən sevgini səninlə daddım.
Əllərim saçında darağa dönsün,
Alovlu eşqimiz dodaqda sönsün.
Səssizcə hissimiz danışsın,dinsin,
Eşqin dəryasında vüsala çatdım.
Yol olum addımla mənim yolumda,
Ruhun rahatlanır başın qolumda.
Sevgidən titrəyir adın solumda,
Sən şirin yuxumsan sarıldım yatdım.
Sevgi marşımıza külək ney çalır,
Yağış öz rəqsiylə hay-haray salır.
Duyğu gəmisində hisslər tək qalır,
Yetişdik limana biz addım-addım.
KƏDƏR SUYU
Son dəfə baxarsan batan günəşə,
Baxanda isitməz yorğun ruhumu.
Mənsizlik kədərmi,yoxsamı nəşə,
Məhv olan gülüşüm qəmin huyumu?
Sən dəli yağmursan hər ilk baharda,
Ən gözəl sevgilər yağışda,qarda.
Ac qalan sevgimiz öldü naharda,
Qəlbim suya həsrət boş bir quyumu.
Sərt rüzgar qaranlıq gecəni sevər,
Həzin musiqimiz sevgi duyumu.
Sevgi süfrəsində bal oldu zəhər,
Bir udum içilən kədər suyumu?
GÖRÜNÜR
Nə üçün gözlərin qəmli görünür?
Qəmlilik heç kimə xeyir gətirmir.
Elə bil səhrada ilan sürünür,
Susamış birinə suyu yetirmir.
Üzündə cizgilər kədərli əsər,
Saçların küləkdi gecələr əsər,
Dilin şaxtadırsa,sözümü kəsər,
Qoyduğun nöqtələr cümlə bitirmir.
Yağışlı ömrümə çətir bilirdim,
Yazan qələmimə sətir bilirdim.
Qoxulu gül idin ətir bilirdim,
Daha o bağçalar gülü bitirmir.
Düşünmə əvvəlki ssenari ola,
Mənsiz çox baxarsan getdiyin yola.
Baxarsan gah sağa,gahdakı sola,
Mən olan yerlərə səni götürmür.
ÜRƏK-DİRƏK
Kövrəlmə ürəyim düşəcək yerə,
Səs salan şüşənin qırıntıları.
İçində saxlama söylə bir kərə,
Daim gəzdirdiyin sıxıntıları.
Balaca ürəkdə gör nələr yatır,
Çatmamış arzuya yarımçıq catır.
Ruhum yük gəmisi dolduqca batır,
Doldurma ürəyə at tullantıları.
Günahım sevməksə edamım cəza,
Sevgilim hakimsə işgəncə yaza.
Gözlər vurularaq törətdi qəza,
Qəlbin hərarəti eşq çırpıntıları.
Sevgi əlifbasa bizik baş hərfi,
Sən şəxs əvəzliyi,mən miqdar zərfi.
Duyğun incəliyi ruhun zərifi,
Hiss elə səsləri o pıçıltıları.
ƏZİZİM
Elə kövrək açılıbdı səhərim,
Sevən qəlbi gəl incitmə Əzizim.
Qəm olmasın boğulmasın qəhərim,
Əllərində qalıb isti əl izim.
Nə olsun ki,hava çiskin dumandı,
Bizi bizdən alıb gedən zamandı.
Ürəyimi xəstə etmə amandı,
Dalğalanmaz sənsiz sevgi dənizim.
Gündüz sənə,gecə aya baxıram,
Sevgi dolu şimşəyinəm çaxıram.
O,gözlərdə əriyirəm axıram,
Şəhla gözlüm qar kimi ağbənizim.
Dərdin çoxsa dərdlərini alan var,
Qayğına da,qeydinə də,qalan var.
Gül bağında güllərimdən solan var,
Sən solmayan ətirli gül nərgizim.
Acı deyil bilməyənə zəhərdi,
Səsin ruhu oyandıran səhərdi.
Mənə baxan gözlərin bir təhərdi,
Olar baxım bir icazə,bir izin:
O,gözlərə vurğun oldum ƏZİZİM!
SEVGİLİDƏN ŞİKAYƏT
O qədər maskalı üzlər görmüşəm,
Göz yaşın yalandan tökür üzünə.
Süni gülüşləri asan bilmişəm,
Bələdəm hərənin tək bir sözünə.
Məqsədi,məramı bəlli olmayır,
Varlığı o yeri heç doldurmayır.
Saymayıb sənidə vecə almayır,
Yanmadan dilinin düşdü közünə.
İnsanı pis vərdiş gözdən salarmış,
Məhv olub bir anda tez saralarmış.
Edilən səhvlərin izi qalarmış,
Artıq gecikmisən döymə dizinə.
Olmasın güvənin quru ağaca,
Dağda rast gəlməzsən yaşıl yamaca.
Nəfis qoymayar ki,doymadan aca,
Kədərli təbəssüm gülür özünə.
Vüqar Xəzan (Əliyev)
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.