Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)Aydın Nəriman oglu Əliyev - 09 yanvar 1991-ci il Sumqayit şəhərində anadan olmuşdur.
Əslən Tovuz rayonu Aşağı-Quşçu kəndindəndir.
Atası Əliyev Nəriman Salman oğlu – 1961-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Hazırda Sumqayıt Karbamid zavodunda sahə rəisi vəzifəsində işləyir.
Anası - Əliyeva Tərlan Şahniyar qızı – 1963-cü ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Hazırda "Azərikimya"İB-nin Etilen-Polietilen zavodunda aparatçı işləyir.
Ailədə bir qardaş, bir bacı olmuşdur.

Orta ixtisas təhsilliydi.
1998-ci ildə Sumqayıt şəhər 9 saylı məktəbin birinci sinfə getmiş, tam orta təhsili isə Sumqayıt şəhər 4 saylı Texniki Peşə litseyində elektrik peşəsinə yiyələnməklə başa vurmuşdur.

2010-2011-ci illərdə Həqiqi hərbi xidmətdə olmuşdur.
2011-2019-ci il müxtəlif vaxtlarda avtomobil serviz mərkəzində rəngsaz, tikinti sahəsində usta kimi fəaliyyət göstərmişdir.
2019-ci ilin iyul ayından Karbamid zavodunun Əmtəə və anbar sahəsində yükləyici işləyirdi.

29 sentyabr 2020-ci ildə könüllü olaraq II Qarabağ müharibəsinə getmiş, Fizuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirakına görə medallarla təltif olunmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə qolundan ağır yaralanmış, 07 noyabr 2020-ci ildə Bakı şəhərində hərbi hospitalda əməliyyat olunmuş, bir müddət "koma" vəziyyətində qalmiş və həkimlərin səyinə baxmayaraq 27 noyabr 2020-ci ildə şəhid olmuşdur.

Ailəli idi. Həyat yoldaşı - Əliyeva Ayşə Mübariz qızı - 1996-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Evdar qadındır.
Oğlu - Əlizadə Salman Aydın oğlu - 15 may 2016- cı ildə anadan olmuşdur.
Oğlu - Əlizadə Nəriman Aydın oğlu - 25 dekabr 2019-cu ildə anadan olmuşdur.

Əməliyyatdan əvvəl ailəsi ilə görüşən zaman deyib ki, ana, məndən nigaran olma, qolumu tez əməliyyat etsinlər, yenidən Şuşaya döyüşçü yolaşlarimın yanına qayıdıb qələbəni orada qeyd edəcəyik.
Oğlanlarının üzündən öpüb qələbədən sonra onları Şuşa şəhərinə aparacağını, vuruşduğu yerləri onlara göstərəcəyini deyib. Lakin bu ona qismət olmayıb...

Ailəsinə çox bağlı bir insan idi. Elə bir adam yox idi ki, ondan narazi olsun. Yaşının az olmasına baxmayaraq həyatda cox şeylər görmüşdü. Hələ kiçik yaşlarında ikən əmisi Əliyev Telman Salman oğlu və dayısı Tağıyev Saleh Şahniyar oğlu l Qarabağ müharibəsində şəhid olmuşdu. Bu onun xatirəsində daim canlanır və deyərdi ki, vaxt gələcək onların qanını düşmənlərdən alacam. Bəli, bu belə də oldu. Son dəfə yaralı halda zəng edəndə də "əmimin və dayımın qisasını aldım", - dedi. Nə qədər sevincli görünürdü. Qeyd ediək ki, Aydın məhs əmisi Telmanın toy günündə anadan olmuşdur.
Aydının saza–sözə, şeyir yazmağa çox həvəsi vardı. Boş vaxtlarında avtomobilində aşıq mahnılarına qulaq asa-asa dəyişiklər etməkdən zövq alardı. Şəhid olacağını sanki bilirmiş. Əlyazmalarının içində olan bir şeyir parçası ürəyimizə dağ çəkdi.

Vəsiyyət edirəm mən ölən zaman
Gözümü bağlasın mehriban anam
Yuyulub kəfənə qoyulan zaman
Qoy onda mənim bacım ağlasın.
Soyuq məzarımı qoy Qurban qazsın (yəni ən istəkli əmisi)
Baş daşımı de atam yazsın
Hamı dağılıb gedəndən sonra
Kənarda dayanıb “yarım” ağlasın.

Biz də Şəhid Aydın Nəriman oglu Əliyevə allahdan rəhmət diləyir
və aşağıda onun bir neçə şeirini dərc edirik.


Həmid ORMANLI,
ZiM.Az



ATAM

Ağ saçlarında bir məna
O, saçlar mənə görə ağarıb
Yaşında əllini keçibdi aman
Hər yaşda xoşbəxtlik var atam.

Vaxtiykən qədrini bilə-bilmədim
İndi əsgərəm deyə
Heç vaxt üzülmə güvən sən
Daima başını dik tut sən atam

Çox məsləhət verdin başa düşmədim
İndi məsləhətə ehtiyacım var
Odur ki, bağışla məni
Yaman kövrək olur əsgər ürəyi.


ANA

Ailəm mənə candan əzizdir
Mən bir damlayam o bir dəniz
Sevgi ilə doludur qəlbi tər-təmiz
Yoxdur bir günahı mələkdir anam

Bahar çiçəyimdir arzu diləyim
Kaş arzu diləyim olaydın ana
Evdəkilər düşəndə hər dəfə yada
Döyünən ürəyim olaydın ana

Atamı görəndə gözlərim doldu
Açılmış güllərim bir anda soldu
Ürəyim bir anda sevgiylə doldu
Ağlama nə olar ağlama ana.


QARDAŞ

Qardaşım getsədə bu dünyadan
Qardaş acısı bilirəm nədir.
Üzünü görmədiyim qardaş
Qardaş acısı bilirəm nədir.

Bu dünyada dostlarım çoxdu
Hər dosta qardaş demək olmur.
Kimsə qardaşına qardaş deyəndə
Qardaş acısı bilirəm nədir.

Olmasada mənim qardaşım
Qardaş qeyrətli bacım var mənim
Heç kimə deyə bilməsəm qardaş
Bilirəm başımın tacı var mənim.

Tacım gümüşdən yox qızıldandı
Qardaşsız ürəyim yandı
Ən böyük qardaş atamdı
Atam da arxamda bir dağdı.

Böyük qardaş tək öyüd verənim
Həm canım həm dəki qanım
Həm atam həm qardaşım
Həm qardaşım həm də tacım.


BACI

Üç ayın əsgərindən salam olsun sizlərə
Bacım yanımda yox idi mən əsgər gələndə
Üzünü görüb səsini eşidəndə xoşlanıram özümdə
Üç ayın əsgərindən salam olsun sizlərə.

Salamımı çatdır başı tacıma
1-ci ayda elə bil zəhər qatıb qanıma
Görən baxıb ağlayırdı halıma
Ölsəm ağliyanım olginan bacı.

Gecənin bir yarı gözümə getmir yuxu
Yatıbdı kazarmada əsgərlərin çoxu
Yatmayanlar fikirləşir ailəsin
Fikrim-zikrim sən olaydın bacı.

Şəmkirə yolun düşsə salam çatdır yarıma
Kömək eylə sən də kiçik qardaşa
Gələndə hazırlaşginən toya
Eyləyim səni “BALDIZ” bacı.

Hərdən bir dilin olsada acı
Onuda deyim azdır yaxşıların yaxşısı
Evdə var iki dənə başımın tacı
Üçüncü tacımı axtarginən bacı.


NƏ GÖRDÜM

Nə gördüm bu mənasız həyatda
Bir yandan kədər ,bir yandan sevinc
Yalnız acı xatirələr qaldı yaddaşda
Ey dost nə gördüm bu mənasız həyatda

Tənhalığa qərq oldum batıram mən
Hər gün fikirləşib xəyal edirəm
Ümid edirəm xəyallarım gerçəkdi
Ey dost nə gördüm bu mənasız həyatda


MƏNƏ DAĞDIR

Qardaş həsrəti mənə dağdır
Yada qardaş dediç ürəyim yandı
Qardaşsız həyat mənə dağdır
Qardaş həsrəti mənə dağdır.

Ömrüm puç olub cavan çağımda
Ə.Orxan yazılıb qəbr daşında
Qardaşsız can qalmayıb canımda
Tək getmədin getdi bacımda.

Cavan ikən saçıma düşübdü dən
Həm bacı həm qardaş dərdindən
Bacım da getdi körpəliyindən
O iki şəhidə qurban mən olum.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: