Röya Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, 2019-cu ildən isə Azərbaycan Res-publikası Təhsil Nazirliyinin nəzdində istedadlı tələbələr üçün təşkil olunan SABAH qruplarının Hüquqşünaslıq ixtisasının tələbəsi olub. Bakalavr pilləsini 2022-ci ildə ixtisas birinciliyi və fərq-lənmə diplomu ilə başa vurub. Hazırda təhsilini magistratura səviyyəsi üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət hüququ ixtisasında davam etdirir və hüquqşünas vəzifəsində çalışır.
Röya həm də bədii yaradıcılıqla məşqul olur, orta məktəb illərindən şeirlər yazır.
“Röyalar içində röyaya daldım” adlı ilk şeirlər kitabı bu günlərdə “Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Bu münasibətlə Röya Mirtalehqızını ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şerini oxucularımızın ixtiyarına veririk.
ZiM.Az
DÜNYA
Hərdən düşünürəm, fikrə dalaraq,
Bu dünya bu günə qalıbdır niyə?!
Doğması doğmaya qazarkən quyu,
Amma can yandırır özgə özgəyə.
Məhv olub, elə bil, mərhəmət hissi,
Uşaqlar daş dövrü haqda öyrənir.
Əslində daş dövrü indi başlayır:
Bütün ürəklərdə daşlaşma gedir...
Bir ucda güllələr səsi baş yarır,
Bir ucu məskəndi davul, zurnaya.
O coşğun, gur sellər təsəlli vermir,
Göz yaşı sellərə dönən anaya...
Daha sevmək üçün deyil bu dünya,
Dindirsən, dad edər daşı, qayanı.
Neçə nakam arzu köçür ürəkdə,
Daha arzular da sevmir dünyanı…
21.08.2016
DƏNİZ
Dəniz,
Niyə danışmırsan, susqunsan belə,
Mən sənə baxıram, yoxsa sən mənə?
Uzaqdan səsini duyub gələnlər,
"Din" deyə yalvarır ləpələrinə...
Yox səni duyanlar, yox anlayanlar,
Eləcə deyirlər, səssizdir dəniz.
Görünmür dibində qopan tufanlar -
Səninlə necə də bənzəyirik biz...
Əlləşdin, vuruşdun, bacarmadın sən,
Dəyişə bilmirəm mən də yerimi.
Sənə də dar gəlir yəqin sahilin,
Mənə bu kainat dar gələn kimi.
Küsmə insanlardan, barış, din, danış,
Qoy qatil desinlər can alanda sən.
Səni danlayanda unudur onlar,
Neçə canlıya da nəfəs verirsən...
Dalğaların Günəşəcən çatardı,
Sənin dalğaların - sənin əllərin.
Günəşə əl verdin dost olmaq üçün,
O isə suyunu qurutmuş sənin...
Bu nədir, yenə də vardır düşmənin,
Suyunu bir az da onlar çəkirlər...
Sərhədin bildiyin, evin bildiyin,
O torpaq dənələr, o qum dənələr...
Ah dəniz, nə məsum, nə safsan belə,
Günəşə qoynunu yummursan heç vaxt.
Səni incidənə qucaq olursan,
Səndən can alana verirsən həyat...
Biz səni görəndə yayda, baharda,
Bəlkə də, dibində qarlı qış idi...
Bəlkə, öz dərdini deyirdin bizə,
O gur nəğmələrin yalvarış idi...
Gördün yox duyanın, anlayanın yox,
İndi səssizliyə yoldaşsan, dəniz!
Daha "din" demərəm, "danış" demərəm,
Səninlə necə də bənzəyirik biz...
19.07.2022
YANDIRAN YAĞIŞ
Üstümə bir damla su damcılandı,
Yağan yağışdırmı, ya nədir görən?
Bənzəmir yağışa - bu su qəm dolu,
Nədir həzin-həzin göylərdən enən?..
Yağış ki kədəri yuyur, aparır,
Bu su kədərimi çoxaldır mənim.
Toxunur dərimə, dəyir əlimə,
Buz kimi damcılar yandırır əlim...
Bəlkə, bir insanın gözündən düşüb,
Bəs necə yurd salıb göydə, səmada?
Bəlkə də, qəlbini qırıblar onun,
Göylərə qalxanda ahı yolüstü,
Özüylə qaldırıb göz yaşını da...
O qəlbin sahibi bir vaxt hər kəsə,
Günəş gözlərilə gülümsərdi hey.
İsti bir qucaqdı gələn, gedənə,
Nə qədər incisə, etməzmiş giley...
Qoymayıb üşüsün bir kimsə, onla,
Paylaşıb qəlbinin isti odunu.
O od verdikləri onun verdiyi,
Od ilə yandırıb yaxıblar onu...
Mən indi anladım, nədən, nə üçün,
Əlimi yandırır o buz damlalar:
Daha isti baxa bilmir o gözlər,
Buz gözdən tökülən yaş da buz olar...
Nə çoxdur qəlbinin odu soyuyan,
Ya soyuq göz yaşı od olub yaxır.
Beləcə hər şeyi dəyişir həyat:
İndi şimaldakı buzlar əriyir,
İndi səhraya da yağışlar yağır...
Kim bilir, əlimi yandıran yağış,
Hansı yandırdığım gözdən tökülür...
Mənim də göz yaşım dönüb yağışa,
Od olub kiminsə üstünə düşür...
17.05.2022
HAKİM PALTARINI
MƏN DƏ GEYƏCƏM
Bir başqa məqsədim yox bundan belə,
Ürəyim çırpınır bu niyyət ilə,
Məlum olsun hər obaya, hər elə,
Hər yanda, hər yerdə bunu deyəcəm,
Hakim paltarını mən də geyəcəm!
Bəlkə də, çox insan inanmır buna,
Deyirlər, düşübdür həvəs oduna,
Çoxları vururlar qulaq ardına,
Özümü onlara sübut edəcəm,
Hakim paltarını mən də geyəcəm!
Qoy insanlar sözlərimdən yorulsun,
İstəyir yolumda min tor qurulsun,
Oxumaqdan qoy gözlərim kor olsun,
Razıyam, hər şeyi qurban verəcəm,
Hakim paltarını mən də geyəcəm!
25.08.2018
ONA SEVDİYİNİ SÖYLƏMİŞMİSƏN
Bir anlıq əlində saxla işini,
Bir dəfə olsa da, can demişmisən?
Fikirləş, əzizim, sonra gec olar,
Ona sevdiyini söyləmişmisən?
Geriyə döndərmək olmur ki vaxtı,
Qoyma sonralara vay-vayı, ahı,
Bəlkə, heç bu günün yoxdur sabahı?!
Ölümü, yoxluğu düşünmüşmüsən?
Ona sevdiyini söyləmişmisən?
Gəl inad eyləmə, düşün dərindən,
Ziyan gəlməz o xoş kəlmələrindən,
Cansız vücudunun qulaq pərindən,
Ha qışqır, eşitməz, heç bilirmisən?!
Ona sevdiyini söyləmişmisən?
Get sarıl, qucaqla, oxşa boynunu,
Bir anlıq kənara at qürurunu,
Bilmirsən, telinin hər qoxusunu,
Sabah da qoxlaya biləcəkmisən?!
Ona sevdiyini söyləmişmisən?
Al onun könlünü, ovutmaq üçün,
Nifrəti məhv edib soyutmaq üçün,
Gəl çalış, nə olar, qurtulmaq üçün,
Dilində bitəcək o “kaş” sözündən,
Ona sevdiyini söyləmişmisən?
Saxlama sonraya ürək sözünü,
Ayrıl bu dünyadan, bağla gözünü,
Bir anlıq sükuta qərq et özünü:
Ona sevdiyini söyləmişmisən?..
18.05.2021
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.