Hər an sənə minnətdaram

Hər an sənə minnətdaram MÜŞFİQ BORÇALIYA

Xeyirxahlıq xoş məramın,
İnsanlıq baş tacın olub.
Elin toyu xoş sevincin,
Dərdi ağrı-acın olub.

Sən bu xalqın ürəyində,
Əbədi yuva qurmusan.
Dosta qarşı öz sözündə,
Həmişə sadiq durmusan.

Sənətinlə bu həyatda,
Zirvələrə ucalmısan.
Xalqın, elin qüdrətindən,
İlhamlanıb güc almısan.

Uğurların gündən-günə,
Ömrünü nura bələyir.
Tanrı özü başın üstə,
Hər gün gül-çiçək ələyir.

Doğruldub Müşfiq adını,
Ürəklərə hopa bildin.
Elm, sənət yollarında
Öz yolunu tapa bildin.

Bir ziyalı ocağından,
Sən göz açdın bu dünyaya
Biri darda olan zaman
Çatdın dada, yetdin haya.

Nə qədər ki, ömrüm vardır
Yaxşı dosta daim varam
Səbahətəm, Müşfiq müəllim,
Hər an, sənə minnətdaram.


Səbahət Lənkəranlı,
14.06.2019

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: