AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi AMEA Naxçıvan Bölmənin Rəyasət Heyətinin növbəti iclasını giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrüfatı heyvanları və quşlarının sarcosporidiozu” mövzusunda elmi məruzəsi dinlənildi.
Məruzəçi qeyd etdi ki, Azərbaycan Respublikası əhalisinin ərzaqla etibarlı təminatına dair və ərzaq təhlükəsizliliyinin bir başa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilir. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı”na və Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı”na dair Dövlət Proqramlarınınının müddəallarına əsasən, muxtar respublikada geniş təşkilati işlər aparılır. Belə ki, muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradır.

Daha sonra AMEA Naxçıvan Bölməsində 2016-cı ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması barəsində bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun çıxışı dinlənildi.

İclasda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin vəziyyəti haqqında laboratoriya rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov məlumat verdi. Natiq qeyd etdi ki, laboratoriyada bir iş 4 mərhələdə yerinə yetirilib. Tədqiqat ilində Naxçıvan MR ərazisində yayılmış bəzi dərman bitkilərinin biomorfoloji və tibbi xüsusiyyətləri, dərman kimi istifadəsi təhlil edilməklə, inkişaf dinamikası, yayılması, fitokimyəvi tərkibi, elmi və xalq təbabətində istifadə imkanları öyrənilib. Əməkdaşlar tərəfindən ili ərzində aparılan tədqiqatlarla bağlı 10 elmi və 1 qəzet məqaləsi nəşr edilib, 9 elmi məqalə isə nəşrə təqdim olunub.

Biokimyəvi tədqiqatlar laboratoriyası rəhbərinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olundu. Müzakirədə bundan sonrakı aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün laboratoriya rəhbərinə müvafiq tapşırıqlar verildi.

İclasda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçiləri aqrar elmlər üzrə fəlsəfə doktoru Günel Seyidzadənin və biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun 2016-cı ilə aid elmi hesabatları dinlənildi.

Müzakirəyə çıxarılan növbəti məsələ dissertasiya mövzularının adında dəyişiklik edilməsi haqqında oldu. Məsələ ilə bağlı bölmənin Təhsil və kadrlar şöbəsinin rəisi Fillurə Sadıqova heyət üzvülərinin diqqətinə çatdırdı ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Dilçilik” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrində söz yaradıcılığı” və Bölmənin Təbii Ehtiyatlar İnstitutu Coğrafiya şöbəsinin kiçik elmi işçisi İlahə Seyidovanın “Naxçıvan MR-nın Arazboyu zonasında antropogen fəaliyyətin təsiri nəticəsində ekocoğrafi şəraitin tədqiqi” dissertasiya mövzularının adı dəyişdirilərək “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri”, digər dissertasiyanın adı isə “Naxçıvançay hövzəsinin təbii komponentlərinin landşaft planlaşdırılması üsulu ilə tədqiqi” adlandırılıb.

İclasın sonunda kadr məsələlərinə baxıldı.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov ictimai əsaslarla Folklorşünaslıq şöbəsinin, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov isə Ədəbiyyatşünaslıq şöbəsinin şöbə müdirləri vəzifələrinə təyin olundular.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: