Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

 Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun (Yurdoğlu) yeni məqaləsi qardaş Türkiyədə dərc olunub. İstanbulda fəaliyyət göstərən İraq türkmənlərinə məxsus Kərkük Vakfının “Kardaşlık” (kültür-sənət-ədəbiyyat və folklor) jurnalının sonuncu, 72-ci sayında gənc alimin “Naxçıvan və Kərkük bayatılarında variantlılıq məsələləri” adlı araşdırma məqaləsi də oxuculara təqdim olunub.

Məqalədə tədqiqatçı türk xalqlarının ilkin folklor janrlarından biri olan bayatıların Naxçıvanda və Kərkükdə yayılan nümunələrinə nəzərə salır və onların variatlılıq məsələlərinin öyrənilməsindən bəhs edir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, məqalədə qədim türk yurdu Naxçıvanda folklor ekspedisiyalarından söz açılır. Diqqətə çatdırılır ki, folklor ekspedisiyaları zamanı muxtar respublika ərazilərində ayrı-ayrı insanlardan xeyli yeni bayatılar toplanılıb, sistemləşdirilib, çap olunub. Və həmin bayatıların bir çoxu Kərkük xoyratları ilə istər mövzu, istər məzmun, istərsə də janrın poetik sttrukturu baxımından yaxınlıq təşkil edir. Məqalədə Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad, Şahbuz, Kəngərli və digər rayonlarından toplanılan bayatılarla İraq türkmənləri arasında yayılmış Kərkük bayatılarından nümunələr verilir. Göstərilir ki, Naxçıvan və Kərkük bayatılarının variantlılığında əsasən dialekt və ləhcə fərqləri, regionallıq, ən əsası isə uzun əsrlər budan əvvəllərə gedib çıxan tarixilik xüsusi rol oynayır. Eyni zamanda hər iki bölgədə tarix boyu yaşanmış ictimai-siyasi hadisələr bayatılarda da variantlılığa gətirib çıxaran amillərdən biri kimi xarakterizə edilir.

Məqalədə Kərkük və Naxçıvan bayatılarını sistemli, ardıcıl və mövzular üzrə quruplaşdıraraq variantlılıq prinsipləri baxımından araşdırılmasına böyük ehtiyac olduğu nəzərə çatdırılır.

Üç dildə (türk, ingilis, ərəb) işıq üzü görən jurnalda gənc alimin məqaləsi Türkiyə türkçəsində oxuculara təqdim olunub.

Müşfiq BORÇALI,
ZiM.AZ



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: