AMEA-nın müxbir üzvü VƏLİ HÜSEYNOVun doğum günüdür

AMEA-nın müxbir üzvü VƏLİ HÜSEYNOVun doğum günüdür
TƏBRİK EDİRİK!..

Fevralın 1-i
görkəmli alim,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Ali Attestasiya Komissiyasının
sədr əvəzi,
fizika-riyaziyyat elmləri doktoru,
professor,
AMEA-nın müxbir üzvü
VƏLİ ALLAHVERDİ OĞLU HÜSEYNOVun
doğum günüdür.

Vəli Allahverdi oğlu Hüseynov -
1964-cü il fevralın 1-də Naxçıvan MR
Ordubad rayonunun Behrud kəndində
anadan olub.
1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini,
1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib.
1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.
Elə həmin ildən də Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, əvvəlcə müəllim, sonra dosent vəzifələrində çalışıb.
2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb.

2003-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub.
2004-2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri
kimi fəaliyyət göstərib.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb və AMEA-nın müxbir üzvü seçilib.

2008-ci ildə Elmi xidmətlərinə görə "Akademik Həsən Abdullayev adına Mükafat"la təltif olunub.

2009-cu ildə İngiltərənin Kembric şəhərindəki Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən elementar zərrəciklər fizikası və astrofizika sahəsindəki elmi nailiyyətlərinə görə "Beynəlxalq Eynşteyn Mükafatı"na layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEVin 23 fevral 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müa­vini təyin olunub.
O, eyni zamanda Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında və Qafqaz Univer­sitetinin Fizika kafedrasında professor vəzifələrində çalışıb.
2012-ci ildə proffessor elmi adını qazanıb.

AMEA-nın müxbir üzvü V.Hüseynov 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının sədr əvəzidir.

70-dən çox elmi əsərin müəllifi olan V.Hüseynovun Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub.

V.Hüseynov elementar zərrəciklər fizikası, astrofizika və kvant sahə nəzəriyyəsi sahəsində tədqiqatlar aparır və elmi işləri xarici maqnit sahəsində neytrino-lepton proseslərinin, bu proseslərdə ortaya çıxan polyarlaşma effektlərinin və spin asim- metriyalarının tədqiqinə həsr olunmuşdur. Bu proseslərdə yeni reaksiya kanal­larını, spin asimmetriyalarını, sahə və polyarlaşma effektlərini, spini 0,2 və 3 olan tək neytral bozonlann xarici maqnit sahəsində W-bozon cütünə parçalanmasını, xarici elektrik sahəsində W-bozon cütü hesabına vakuumdan spini 0, 2 və 3 olan tək neytral bozonlann doğulmasını tədqiq etmiş və həmmüəllifləri ilə birgə müəy­yən etmişdir ki, maddə və antimaddə (xüsusi halda, elektronlardan ibarət olan qaz və pozitronlardan ibarət olan qaz) neytrino və antineytrinolar tərəfindən asimmet- rik qızır, neytrino cütləri şüalandırma hesabına maddə və antimaddə asimmetrik soyuyur; Maqnit sahəsində neytrinolar (antineytrinolar) elektronlardan səpildikdə yalnız "sol" polyarlaşmış elektronlardan ibarət olan qaz və yalnız "sağ" polyarlaş- mış elektronlardan ibarət olan qaz neytrinolar (antineytrinolar) hesabına asim­metrik qızır. Qeyd olunan qazların qızma asimmetriyası hesablanmışdır. Onun tərəfindən təklif olunmuş yeni nəzəri üsullar neytrino və antineytrinoları detektə etməyə və onların növünü ayırd etməyə imkan verir.

V.Hüseynov yüksək enerjili kosmik yüklü leptonların və antileptonların yeni mümkün mənbələrini göstərmişdir.

Rəhbərliyi altında 1 fəlsəfə doktoru hazırlanmşdır.

Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb.

AMEA-nın müxbir üzvü VƏLİ HÜSEYNOVun doğum günüdür
Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından görkəmli alim,
Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının sədr əvəzi,
fizika-riyaziyyat elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü
VƏLİ ALLAHVERDİ OĞLU HÜSEYNOVu
doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: