MƏMMƏD ƏKBƏRLİ (1957)

MƏMMƏD ƏKBƏRLİ (1957) Məmməd Əkbərli - 29 sentyabr 1957-ci ildə Azərbaycan Respublikası Naxçıvan MR-nin Babək rayonundakı Aşağı Uzunoba kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız-ingilis dili ixtisası üzrə ali təhsil alıb, Şərur Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərində ixtisası üzrə müəllim işləməyə göndərilib. Uzun müddət təhsil sahəsində çalışıb, rayonun Tumaslı, Qarxun kənd orta məktəblərində fransız dili müəllimi və Şərur Rayon Təhsil şöbəsində metodist və metodkabinet müdiri vəzifələrində işləyib.
Məmməd Əkbərli müəllimliklə yanaşı, həm də şeirlər yazıb, fransız dilindən tərcümələr edib.
Şərur rayonunda dərc olunan "İşıqlı yol" (indiki "Şərurun səsi") qəzetinin nəzdində fəaliyyət göstərən "Şərur" ədəbi birliyinin məşğələlərində onun şeirlərinə xoş rəylər verilib, mətbuatda çap edilib.
İlk şeirləri Şərurun “İşıqlı yol” (“Şərurun səsi”) qəzetində işıqüzü görüb.
Sonralar onun şeirləri “Poliqlot”, “Türküstan”, “Milli birlik”, “Savalan”, “Əsrin ziyalıları” qəzetlərində, “Herba Flora”, “Kur-Araz”, “Yurd”, “Xəzan” jurnallarında, "Şərur" ədəbi birliyinin dərc etdirdiyi "İlhamla çağlayır Şərur bu gün də" almanaxının hər iki cildində, Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" kitabında cap olunub.
İlk şeirlər kitabı "Toparlanıb, silahlanıb, gəlirəm" - 2010-cu ildə işıq üzü görüb.
M.Əkbərli hazırda Bakı şəhərində yaşayır. Fransız dili üzrə mütəxəssis kimi çalışır.
Həm də ürəyi yazıb-yaratmaq həvəsi ilə çağlayır. Yeni şeirləri, fransız dilindən etdiyi tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Biz də Məmməd müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



Gəlirəm indi

Mundir geyinmişəm oddan, alovdan,
Şuşam, görüşünə gəlirəm indi.
Bağışla, gec oldu, uydum hiyləyə,
Başına dönməyə gəlirəm indi.

Unutmam ömründən ötən illəri,
Dərd üstə qalanan ağır dərdləri,
Dağıdıb bəndləri,aşıb sədləri,
Hayları gömməyə gəlirəm indi.

Başında duman var, bilirəm, çoxdan,
Küsmüsən taledən, küsmüsən baxtdan,
Mən həsrət qalmışam sənə nə vaxtdan,
Daşını öpməyə gəlirəm indi.

O namərd düşmənin başın əzməyə,
Kəm baxan gözünə millər çəkməyə,
Qanını tökməyə, soyun kəsməyə,
Kəfənin biçməyə gəlirəm indi.

Baxışla, ay Şuşam, dönürəm sənə,
Qan verib, can verib o Azad Günə,
Səni gülüstana döndərim deyə,
Torpağın əkməyə gəlirəm indi.


Hər kəs qarabağlı, hər kəs şuşalı...

Vətənin olmayır nə solu, sağı,
Hələ ki, dardadır Vətən torpağı,
Hələ ki, dağ çəkir sinəmə yağı,
Təpədən dırnağa hər kəs silahlı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.

Dünya vurhavurda, bölhaböldədi,
Xoş arzu-diləklər hələ dildədi,
Yıxılan can verir, ölhaöldədi,
Hələ ki, çözülmür Vətən sualı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.

Demə ki, mənə nə, mən şirvanlıyam,
Demə ki, mənə nə, lənkaranlıyam,
Demə sən cənublu, mən şimallıyam,
Hələ ki, qəzəbdən millət “havalı”,
Hər kəs qarabağlı, hər kəs şuşalı.

Düşmən dostumuzdan seçilməyirsə,
Düşmən gözümüzdə kiçilməyirsə,
Hələ ki, kəfəni biçilməyirsə,
Hər kəs olmalıdır bu işdən halı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.

Heç vaxt basılmayan qalası darda,
“Cıdır düzü” kimi talası darda,
Neçə əsir-yesir balası darda,
Dağılıb sarayı, talanıb malı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.

Nəğməsi ruhları qidalandıran,
Həsrəti qəlbləri yaxıb-yandıran,
Harayı damarda qanı donduran -
Şuşada yoxdursa bircə şuşalı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.

04.06.2011


Türk nəğməsi

Təbrizdəki mədrəsələrin birində
fars dilində keçirilən tədbirdə türk
uşaqları öz ana dillərində - azərbaycan
tükcəsində mahnı oxudular.

Bir nəğmə səsləndi, şirin bir nəğmə,
Oyandı duyğular, coşdu ürəklər.
Sanki bir günəşdi, doğdu qəfildən,
Nur saçdı sabaha, daşdı diləklər.

Oxudu nəğməni Mehdi qürurla,
Oxudu, səs saldı fars dilli zala.
Oxudu nəğməni sinə gərərək,
Neçə baxışdakı qorxacaq hala.

Bu, tək nəğmə deyil, ehtiraz idi,
Ana dilimizə xor baxanlara.
Bu, tək nəğmə deyil, bir çağrış idi,
Türk dili uğrunda çarpışanlara.

Oxu, əziz bala, oxu, ölməsin,
Nə ana dilimiz, nə millətimiz.
Dili öldürsələr, bil, öləcəkdir,
Ulu əmanəti – bu Vətənimiz.

Oxu, yaşat dili, apar sabaha,
Sabahkı günlərin sənin əlində.
Təkcə nəğmə deyil, bil ki, a Mehdi,
Millət yaşayacaq sənin dilində.

Oxu, kimsə danmaz türk millətini,
Uğrunda minlərlə ölüb-itən var.
Yaşat dilimizi sabahlar üçün,
Sabahda birləşmiş, bütöv Vətən var.

Təbriz - 27.07.2011


Tarixçi qardaş

Tarixçi alim Qasım Hacıyevə

Bir yarış başlanıb tarixim üstə,
Hərə bir tərəfdən hücuma keçib.
Kimi həqiqətin sorağındadir,
Kimi gözə girir, saxta yol seçib.

Ümidim sənədir, tarixçi qardaş,
Vermə bu meydanı naşı kəslərə.
Elminlə açdığın həqiqət yolu,
Nurlu çıraq olsun gənc nəsillərə.

Yar yerin bağrını, əlinə dönüm,
Oxu hər qarışda tapdığın daşı.
Saxtakar soysuzlar baş aparırlar,
Göstər bu torpağın neçədir yaşı.

Ara gizlinləri, tap, axı, görək,
Qayada yonulmuş çalada nə var?
Yerin üstündəkin çox oxuyublar,
Yerin altındakı qalada nə var?

Dilləndir hər ələ gələn aləti,
Daşı daş dilində, dəmiri dəmir.
Qoy düzü danışsın, həqiqət desin,
Baxma ki, çoxları düzlüyü sevmir.

Dilləndir daşları, dilləndir görək,
Dilləndir söz açsın ulu keçmişdən.
Dilləndir, bir görək, axı, nə deyir,
Min il bundan əvvəl olub bitmişdən?

Görək harda etdik birinci səhvi,
Kimə düşmənikən dost dedik axı?
Qol açdıq hamıya əzizimiztək,
Niyə xəyanəti görmədik axı?

Görək, hardan keçib o yol ötənlər?
Hara su çəkdirib, körpü saldırıb?
Bircə nişanəsi, izi yoxdursa,
Bəs yalan tarixi necə yazdırıb?

Axtar, heç usanma, tapdığın nə var,
Böyük mədəniyyət nişanəsidir.
Hər saxsı qırığı, hər daş parçası,
Mənim millətimin xəzinəsidir.

Nə qılınc, nə tüfəng iş görən deyil,
Qilinc da, qalxan da sənin əlində.
Çıxart həqiqəti yerin təkindən,
Yarat o tarixi tarix dilində.

Vətən tarixini sən özün yarat,
Yaxşı kimsə olmaz sənin yerində.
Millət yazmayırsa öz tarixini,
Olmaz gələcəyi yer üzərində.

07-08 avqust 2010

Niyə yaddaşımız qısadır belə?
Çox tez unuduruq olub-keçəni.
Babalar qan tökdü Vətən qorudu,
Tökülən qanlar da getdi heçəmi?


Heç olmadıq biz ayrı

Sən Təbriz, mən Bakıyam,
Bu Vətənin daşıyam,
Demə ki, mən naşıyam,
Heç olmadıq biz ayrı.

Dilimiz dillər şahı,
Dərdimiz ellər ahı,
Gözləyirik sabahı...
Heç olmadıq biz ayrı.

Ürəkdən, qəlbdən birik,
Ölməmişik, diriyik,
Sabaha yol gedirik,
Heç olmadıq biz ayrı.

Başım başına bənzər,
Daşım daşına bənzər,
Aşım aşına bənzər,
Heç olmadıq biz ayrı.

Dağın dağımca uca,
Yaşım yaşınca qoca.
Dərd görmüşük bolluca,
Heç olmadıq biz ayrı.

Alışdım, yandın orda,
Üşüdün, dondum burda,
Yaraşmaz qalaq darda,
Heç olmadıq biz ayrı.

Bizə yad deyənə bax,
Ayrı ad verənə bax,
O ağız əyənə bax,
Heç olmadıq biz ayrı.

Kələklə qəsd ediblər,
Uydururb məst ediblər,
Kəsib şikəst ediblər,
Heç olmadıq biz ayrı.

Dünya ələnəcəkdir,
Dünya bölünəcəkdir,
Haqqa bələnəcəkdir,
Heç olmadıq biz ayrı.
Olmarıq heç vaxt ayrı!

21.05.2011- Təbriz


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: