2012-ci ildə Göydərə kənd tam orta məktəbində birinci sinfinə gedib.
Hazırda həmin məktəbin onuncu sinfində oxuyur.
Sevgi Polad qızı dərslərini yaxşı oxumaqla yanaşı, həm də poeziya vurğunudur.
Özü də şeirlər yazır. "Tarix yazanlar" adlı ilk şeirlər kitabı "Borçalı" nəşriyyatında çap olunub.
Ədəbiyyata yeni addımlar atan Sevgi Polad qızının Ana Vətən sevgisinin, Müqəddəs Torpaq məhəbbətinin təzəhüründən doğan ilk şeirləri bu kitabda cəmlənmişdir.
Sevgi Poladqızının ürək dolu misraları onun kiçicik qəlbinin nə qədər böyük zəngin olduğundan xəbər verir.
Naxçıvan torpağının havasını udub, suyunu içən Sevginin qələmindən süzülən şeirlərində 44 gündə qələbəni qazanan bir elin qızının necə vətənpərvərlik ruhunda böyüdüyünün şahidi oluruq.
“Cənab Prezident” adlı şeirində bir oğulun atasına verdiyi sözləri, ata vəsiyyətini necə qürurla yerinə yetirməsindən danışır.
“Atasının sözlərin,
O, yerinə yetirdi.
Otuz illik həsrəti,
44 günə bitirdi!”
Bir başa şeirində yazır ki,
Bu dünyada siz mənə,
Elə ana göstərin ki,
" Vətən, oğul mənim yox!
Sənin oğlundur" - desin.
Sevgi Poladqızının şeirlərinin ruhu, yuxarıda qeyd etdiyim kimi, Vətən və torpaq sevgisindən yoğrulub.
Şəhidlərin qanı damla-damla qələmindən şeirə süzülüb.
İgidlərin qəhrəmanlığı, cəsarəti qürurla misralara düzülüb.
Biz də bu yolda Sevgi Poladqızına yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
SEVDA İBRAHİMLİ,
“Qızıl qələm” mükafatı laureatı,
şair-jurnalist
ZiM.AZ
VƏTƏNİN GÖZƏLLİYİ
Azərbaycan kəlməsi,
Mənə candan əzizdir!
Azərbaycan kəlməsi,
Cənnət kimi təmizdir!
Onun kimi müqəddəs ,
Başqa yer tanımıram.
Onu çox sevənləri,
Bununçün qınamıram.
Naxçıvandan söz açsam,
Cənnətin mərkəzidir!
Ürəyidir Qarabağ,
Bakısa şöhrəridir.
Şuşa həsrət yeridir,
Gəncə görən gözüdür,
Sumqayıtsa vətənin,
Danışılan sözüdür!
BAYRAĞIM
Çox qanlara bulanan,
Qələbəyə inanan,
Bir ürəkdə alınan,
Cəsarətdir bayrağım.
Neçə döyüşlər görən,
Qələbədə sevinən
Qeyrətiylə bilinən,
Ədalətdir bayrağım.
Dalğalanan bir hilal,
Şöhrətidir istiqlal,
Sən daim zirvədə qal,
Güc bizimdir, bayrağım.
GÖYDƏRƏ İGİDLƏRİ
Culfa Rayonunun Göydərə kəndi,
Yolladı döyüşə on dörd igidi.
Hər igid sonacan vuruşdu orda
Onlar kəndimizin uca fəxridi.
Məhv edib düşməni geri döndülər
Salamat qayıdıb sevinc verdilər.
İgidlik göstərib seçilən biri
Həsən Xuduyevdən dastan dedilər.
Qarabağ uğrunda gedən döyüşdə,
Dayandı qarşıda yalnız bir amal.
Döyüşdü, vuruşdu vətən uğrunda
Göydərə igidi Məmmədov Kamal!
Qızğın döyüşlərin getdiyi zaman
Vuruldu Rahilimin bir ayağından.
Çox şükür sağalıb o da qayıdıb
Ona minnətdarıq vətən adından.
Güllələr açıldı başının üstdə
Şəfa Mustafayev az qaldı ölə
Vətənin qürurlu məğrur balası
Çox şükür qayıtdı salamat evə.
Əliyev Fəzli, Xızır qardaşları
Onlarla fəxr edirdi yoldaşları,
Sevinirdi Qarabağın daşları,
Atəşlərdən ağrısada başları.
Qarabağın səmasında gəzərək,
Nifrət hissiylə döyündü ürək.
Düşmənə göydən yağdırırdı atəş,
Pərvizə baxaraq çıxırdı günəş.
İgid Adəmdə gəzdi arşın-arşın,
Çünki candan çox sevirdi qardaşın.
Əyyubla getmişdi müharibəyə,
Əhsən olsun bu iki cəsur bəyə.
Cəfər,Qoşqar,Emil,İlqar və Ərşad,
Sağ olmalarına oldu hamı şad.
Göydərənində bu on dörd igidi,
Saldılar Qarabağ tarixinə ad.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.