
Hazırda Babək rayonunu Sirab kənd tam orta məktəbində və "Təhsil kursları"nda ixtisasım üzrə müəllim işləyir.
04.10.2022-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllim"i fəxri adına layiq görülüb. Ailəlidir
Yadulla Mirzəyev gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Onun şeirləri və hekayələri müxtəlif mətbuat orqanlarında, “Vətən”, “Ziya”, “Turan”, “Turan ellərinə salamlar!” və s. ədəbi məcmuələrdə çap olunub.
Biz də hörmətli Yadullah müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
ZiM.Az
Bayramınız mübarək!
Bu yaz bir başqa yazdır!
Bahardan müjdə verir göydə durnalarımız,
Təzələnir ruhumuz, açır arzularımız.
Silib qəlbdən nisgili, xoş gəlir baharımız
Haqq yolunda payladıq, qəbul olan niyazdır,
Bu yaz bir başqa yazdır!
Həsrət platformada durdu vüsal qatarı,
Azad Qarabağımda qarşıladıq baharı.
Üzlərdə sevinc, fərəh, gözdə şərəf, vüqarı
Hamı gülür, sevinir, əhval-ruhiyyə sazdır,
Bu yaz bir başqa yazdır!
Kəsdik Vətəndən kökün ermənitək qanqalın,
Əlvan güllər bəzədi hər yamacın, hər yalın,
Qaladıq Cıdır düzdə bu il zəfər tonqalın.
Otuz illik həsrətdən doğan şirin murazdır,
Bu yaz bir başqa yazdır!
Duyğular dilə gəlir, hər üzdə bir gözəllik,
Hər baxışda bir ümid, hər ürəkdə sərinlik,
Şəhidlərin ruhu da bu bahar tapdı dinclik.
Yadullah, sən builki yaza nə yazsan azdır,
Bu yaz bir başqa yazdır!
20.03.2.21
MÜBARƏKDİR QALİBIYYƏT ZƏFƏRİN!
İgidlərin kəsib düşmən ayağın
Ana yurdum, gəlir gözəl sorağın.
Dalğalandı o üçrəngli bayrağın
Müjdələrlə açıldı al səhərin
Mübarəkdir qalibiyyət zəfərin!
Gözün tökdün torpağa kəc baxanın,
Diz çökdürdün cızığından çıxanı.
Qovdun iti qovan kimi dığanı
Düşmənlərə göz dağıdır hünərin
Mübarəkdir qalibiyyət zəfərin!
Oğulların, Vətən, səndən güc aldı
Yağıları rəzil etdi, öc aldı.
Bütövləşdin, ucaldıqca ucaldın
Azad oldu hər kəndin, hər şəhərin
Mübarəkdir qalibiyyət zəfərin!
10.XI.2020
MƏNİM ARZUM
Bu mənim içimdə cücərən arzum
Yağsın axşamüstü həzin bir yağış.
Oxşayım telini, əlindən tutum
Sevgi ömrümüzə qoy salsın naxış.
Yağışın altında əl-ələ gəzək,
Yağsın başımıza göydən eşq nuru.
İslanlb beləcə cücəyə dönək
Qalmasın bədəndə bircə yer quru.
Ürək bu sevdanın oduna yansın
Canı qurban deyək nazlı baxışa.
Bu iki xoşbəxtlik birgə yaşansın
Mən sənə qovuşum, yer də yağışa.
QUL OLMAYASAN
Büdrəyən görəndə qoldan yapış ki,
Özün yıxılanda çul olmayasan.
Nahaqqa baş əymə, haqqı danış ki,
Şərin xəncərinə qol olmayasan.
Önünə gələni ağzına tıxma,
Halal ruzi qazan, harama baxma.
Boğazda ilişər hər haram loğma
Çalış öz nəfsinə qul olmayasan.
Qorxu olmaz ellə gələn xatadan,
Nə tufandan, nə də qarlı şaxtadan.
Yadullah, uzaq gəz riya, saxtadan
Yaltağa, yamana yol olmayasan.
BƏLASI SƏNDƏN
Qoşa baxaq bu sevdanın yoluna
Gözlər məndən olsun, ziyası səndən.
Çoxalsın yaşamaq, sevmək həvəsi
İlqar məndən olsun, vəfası səndən
Qoyma dərd əlindən qəlbim qarala,
Yollara baxmaqdan gözüm sarala,
İncitmək istəsən, özün yarala
O can məndən olsun, bəlası səndən.
Sev Mirzəni, qış eləmə yazını,
Tanrı yazıb bu qisməti, yazını.
Sənin kimi bir dilbərin nazını
Çəkmək məndən olsun, ədası səndən.
ZALIM
Qarşımda bitirsən, üz tutsam hara,
Hər ötən günümü etmisən qara.
Çevrilib kədərə qarabaqara
Düşübsən arxamca izimə, zalım.
Ömrümə fırtına, talan sən oldun
Sevinci əlimdən alan sən oldun.
Məni bu hallara salan sən oldun
İndi də gülürsən üzümə, zalım.
Siyah saçlarıma çox tez qar atdın,
Yaramın üstünü deşdin, qanatdın.
Mirzənin həyatın elə qaraltdın,
Çəkirsən sürmətək gözünə, zalım.
ÖZÜNƏ GÜVƏN
Ocaq haqdan yansa, heç zaman sönməz
Haqq yoldan sarpanın izi bilinməz.
Qonşuda od yansa canın isinməz
Ocaqda közərən közünə güvən.
Sənə can-can deyən yoldaş olsa da,
Səsinə hay verən sirdaş olsa da,
Arxanda dayanan qardaş olsa da
Hamıdan birinci özünə güvən.
Yadullah, qala tik, söz olsun daşın,
Qurunun oduna yanmasın yaşın.
Dönmə amalından, ucalsın başın
Sinəndə çağlayan sözünə güvən.
ZiM.Az
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.