Azərbaycanın Xalq Şairi Söhrab Tahir
uzun sürən xəstəlikdən sonra bu gün -
2016-cı il mayın 5-də səhər saatlarında
dünyasını dəyişib.
Söhrab Tahir (Söhrab Əbülfəz oğlu Tahiri)
1926-cı il avqustun 6-da İranın Astara şəhərində
sənətkar ailəsində dünyaya göz açıb.
"Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra
Xalq hərəkatında fəal iştirak edib.
1946-cı ildə Bakıya təhsil almağa göndərilib.
1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və
feldşerlik ixtisası alıb.
1952-1957-ci illərdə ADU-nun
filologiya fakültəsində oxuyub.
1959-1961-ci illərdə Moskvada M.Qorki adına
Ali Ədəbiyyat kurslarında müdavim olub.
O, 1962-1966-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib,
“Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir,
“Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini,
1984-cü ildən “Azərbaycan” jurnalında redaktor işləyib.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin,
“Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü,
SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub.
1991–ci ildə bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib.
İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla,
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 709 nömrəli Fərmanı ilə
Söhrab Tahirə "Xalq şairi" fəxri adı verilib.
2006-cı ildə o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
2010-cu ildə isə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən
Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi,
800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub.
Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.
Təvazökarlıqdan uzaq olsa da, böyük fəxr və qürur hissilə qeyd etmək istəyirəm ki,
Azərbaycanın Xalq Şairi Ustad Söhrab Tahirin Xalqımızın ümummilli lideri,
Ulu Öndər Heydər Əliyevin məsləhətləri əsasında qələmə aldığı,
Azərbaycan Respublikasının Milli Ordusuna və onun Ali Baş Komandanı
Respublika Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına ithaf etdiyi
iri həcmli "ATA" Epos-poemasının ilk nəşrinin işıqüzü görməsində az da olsa
mənim də əməyim olmuşdur.
Belə ki, ilk naşiri və redaktoru olduğum "ATA" epos-poeması əvvəlcə
Baş redaktoru olduğum "Şərqin səsi" qəzetdə hissə-hissə çap olunaraq işıqüzü görmüş,
daha sonra isə rəhbərlik etdiyim "Borçalı" nəşriyyatında ayrıca kitab kimi nəfis şəkildə
oxucuların ixtiyarına verilmişdir.
Allah rəhmət eləsin!
Ruhun şad olsun, USTAD!..
Müşfiq BORÇALI.
P.S.:
Xalq şairi Söhrab Tahirlə vida mərasimi mayın 5-də saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.
O, II Fəxri Xiyabanda dəfn olunacaq.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.