Sənli günlər sorağında...

Sənli günlər sorağında...
Gedin deyin Xan çobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.


Bu dəfə dağ çayının seli yox, maşın karvanının seli Roza adlı bir mələyi aldı caynağına apardı aramızdan. Təkcə Rozanımı?! Yox, bu dəfəki faciəmiz daha ağır oldu, bir neçə türfə gözəllərimizin və həyat eşqı ilə yanan nər oğullarımızın ömür yolunu yarımçıq qoydu bu vaxtsız ölümlər. Yanar işıqları sönər oldu nənə-babaların, ata – anaların, bibi-dayıların. Ah-nalələri boy verib boylandı tələbə dostlarının, rəfiqələrinin. Belə də vaxtsız-vədəsiz ölümmü olardı, ilahi? Ölüm mələyindən isə hələ ki, heç kim sığortalanmayıb, gələndə də sayseçmələri aparır aramızdan. Bu sayseçmələrdən biri idi Roza. Aydın baxışı, yerişi, duruşu, dünyagörüşü, ədəb-ərkanı ilə seçilirdi bu mələktimsallı qız. Qonum-qonşu, qohum-əqrəba, onu tanıyanlar onu elə mələk timsalında görürdülər. Bu zavallı gözəlin qaynar həyat eşqi, sevdaları, arzuları gözlərində qaldı, son dəqiqələrində istəklisi, nişanlısı Zakirə bu sətirləri pıçıldadı:

Boynu bükük lalə görsən,
Ləçəyində jalə görsən,
Kədər görsən, nalə görsən,
Bil ki mənəm ...

Bir gün məni xatırlasan,
Sevən ürəklərdən soruş.
Üzü dağlara tərəf
Əsən küləklərdən soruş...
(Ş.Vəfadar).


Babaları-nənələri Səmərqənd baba, Roza nənə elə dağlardan, Qarakilsə ellərindən, Gığı kəndindən süzülüb gəlmişdilər Bakı şəhərinə. “Qarabağ” mehmanxanasının yaxınlığında məskunlaşdıqları evdə 1997-ci ildə dünyaya göz açan Roza Xəzərin mavi sularına baxa – baxa böyüdü, yaşa doldu. 2014-cü ildə orta məktəbi yüksək qiymətlərlə bitirib Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinə qəbul olanda doğmaları, ata-anası, Səmərqənd baba, Roza nənə, Baba kişi, Sara nənə nə qədər sevinmişdilər, İlahi! Yaxın vaxtlarda əslən Cəbrayıl rayonunun Dağmaşanlı kəndindən olan, Allahverdiyevlər ailəsinin yetirməsi Zakirlə Rozanın tanışlığı, bir-birinə könül vermələri bu sevincli günlərə əlavə bir rəng qatmış oldu. Sevdalı anlar, günlər yaşadılar. 2016-cı ilin qarlı-çovğunlu bir payız günündə Bakıda “Arzu” şadlıq sarayında toylu-büsatlı bir nişan məclisi quruldu. Muradovların, Allahverdiyevlərin sevincinə qoşuldular dost-tanışları, Eynullayla Billurəyə, Zahidlə Xəzangülə gözünüz aydın olsun dedilər, babalar-nənələr qol götürüb oynadılar, şadyanalıq etdilər, bu qohumluğa çox sevindilər, zatən yaraşırdı bu qohumluq onlara. Bu cütlüyün xoş günləri yenicə başlayırdı, xoş ovqatlıydı bu günlər. Yeni ilin gəlişi ilə Rozanın ad gününü də təmtəraqla qeyd elədilər, dostlar-qohumlar xoş günlər arzuladılar bu cütlüyə. Xoş günlərin sorağı ilə qoşa addımladılar Zakirlə Roza. Təbiətin qoynuna üz tutdular, tər çiçəklərdən lalə, nərgiz, tər bənövşələri dərib saçlarına düzdülər.
Xoşbəxt adamlara nə yay, nə qış, onlar üçün həmişə bahardır. Onlar həmişə bahar çiçəkləri tək şux və təravətli olurlar. Belə insanlar hisslərlə yaşayır, sevgi nəğmələri ilə yatıb-dururlar. Onların gözünə hər şey gözəl görsənir. Hər yerdə - dağların başında, şehli çəməndə, kol dibində, quzeylərdə, güneylərdə gözləri yalnız gözəllik axtarır.
Bu cütlük də belə idi. Taleyin amansız oyunlarından xəbərsiz idilər. zalım fələk öz saydığını sayırdı. Ölümündən bir gün əvvəl bütün gün bir yerdə oldular, 8 Mart gününü bir yerdə keçirdilər, gəmiyə mindilər, Xəzərin mavi sularında öz əkslərini gördülər, Bakının sayrışan gecə işıqlarına, göylərin lacivərd saysız-hesabsız ulduz axınına heyranlıqla baxdılar, bəxtiyar anlar yaşadılar. Fəqət bir-birlərinə demək istədiklərinin çoxunu deməyə macal tapmadılar, əcəl macal vermədi. Neyniyəsən, bu fani dünya belə dünyadı. Gedən gəlmir, gələn qalmır, bu müşkül suallara da ki, cavab tapmaq çətindir. Ə.Talıboğlunun yazdığı kimi:

Zaman axan bir çaydır,
Dünya azman saraydır,
Ömür qısa-yol uzaq...


Martın 9-u səhər saatlarında baş verən dəhşətli qəzanın müdhiş xəbəri hamını sarsıtdı, Zakir isə nalə çəkdi:

Bəs mənim arzularım? Mən zavalının nəydi günahı? Axı biz toya hazırlaşırdıq? Zalım fələk bu nə oyundur oynadın?

Bütün məmləkət dondu, sarsıldı bu dəhşətli faciədən. Yarımçıq qalan ömürlər hər zaman nigkil yağışına bələnir. Doğmaların göz yaşları Xəzərin sularına qarışdı. Indi həddi-buluq yaşında olan bu nakam gənclərin ömür yolunun səhifələri xatirələrdə vərəqlənir, insanlar bu dərdi-kədəri sosial şəbəkələrdə paylaşır-bölüşürlər. Şair Ə.Y.Rza Rozanın babasının, nənəsinin dili ilə həzin bayatılarda səsləndirir bu ağır faciəni, sosial şəbəkələrdə insanlarla bölüşür bu ağrını-acını:

Gəlinlik donun sənin
Biçili qaldı, bala,
Bəy gətirən çiçəklər
Baş daşın oldu, bala...

Toyunu gözləyənlər
Yasına gəldi, bala...
Nişanlının göz yaşı
Qəlbləri dəldi, bala...


Mən ölməyə hazırlaşırdım, yır-yığış edir, doğmalara son vəsiyyətimi edirdim,-deyir Səmərqənd babası,- Bu əzrayil hardan tapdı qapımızı.
Hansısa bir şairin sözləridir,- atamın ölməyində deyil dərdim, əzrayil qapımızı tanıdı.
İndi Rozanı son mənzilə yola salanlar sanki elə bu son mənzilin hamıya aid olduğunun fərqində idilər. Bu da bir psixoloji sindromdur, insan məxluqu son mənzilə kimisə yola salanda dəfn mərasimində bir də geri dönüb dağılışana qədər daha çox kövrəkləşirlər. Sonra hər şey köhnə axarında davam edir, yaxşılar yaxşılığında, yamanlar yamanlığında olur.
Roza dəfn olunan məzarlıq indi Zakirə daha çox doğmadır, çünki istəklisi orda uyuyur. Qəbrin üstünü əklillər, tər qərənfillər, bir də nisgil yağışı yağdıran Rozanın nişan xonçaları bəzəyir. Zakir isə əli çatmadığı, ünü yetmədiyi istəklisinə qəlbində elə bil ki, mərhum şair Vahid Tumaslının bu qəmli sətirlərini pıçıldayır:

İndi yaşayırsan xatirələrdə,
Nəğməsi kəsilmis bulaq kimiyəm.
Bənövşə həsrətin boynu bükülü,
Hər şeydən kövrələn uşaq kimiyəm.

Yolumu azmışam dumanda, çəndə,
Hicranın əlindən talan olmuşam,
Gözlərim yol çəkər hər axşam, səhər,
Sənsiz bu yollarda qalan olmuşam.

Təsəlli yox bircə sözdən,
Bəlkə tale küsdü bizdən.
Həyat səni əlimizdən
Alan imiş, alan imiş...
Sevgimizdən həsrət bizə qalan imiş.

Ruhun şad olsun, Roza xanım!
Ruhlarımız nə vaxtsa görüşəcək...


Sənli günlər sorağında...


Nazir Çərkəzoğlu
AYB-nin üzvü

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: