Xəyyam NƏBİYEV (1965): "Qanlar göl olacaq bu qızdan ötrü..."

Xəyyam NƏBİYEV (1965): "Qanlar göl olacaq bu qızdan ötrü..."
Xəyyam Nəbiyev,

Bakıdakı 270 N-li məktəbin ədəbiyyat müəllimi

Xəyyam Səlvər oğlu Nəbiyev
1965-ci il yanvarın 1-də
respublikamızın dilbər
guşələrindən olan
İsmayıllı rayonunun
Xankənd kəndində anadan olub.
1992-ci ildə ADPU-nun
filologiya fakültəsini bitirib.
Elə həmin ildən də doğulduğu
doğma kənddəki orta məktəbdə
pedaqoji fəaliyyətə başlayıb,
Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləyib.
2001-ci ildən pedaqoji fəaliyyətini
Bakının Suraxanı rayonundakı
Hövsan qəsəbəsində yerləşən
270 N:-li orta məktəbdə
davam etdirir.

Hələ tələbəlik illərindən bədii və elmi yaradıcılıqla məşqul olan Xəyyam Nəbiyev bir sıra elmi araşdırmalar aparmış, müxtəlif toplularda məqalələr çap etdirmişdir. "Dağ boyda kiçik kəndim", "Geriyə səyahət", "Hekayələr" "İsmayıllı rayonunun makro və mikro toponimlərinin linqvistik təhlili" adlı dörd kitabın müəllifidir. Eyni zamanda, onun müxtəlif mətbuat orqanlarında, ədəbiyyat portallarında və bir sıra ədəbi məcmuələrdə onlarla şeirləri və hekayələri dərc olunub.
“Abdulla Şaiq”, "Zirvə" “Qızıl qələm” mükafatları laureatıdır.
Aşağıda Xəyyam qardaşımızın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı,
pedaqoji fəaliyyətində, eləcə də, elmi və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM


Xəyyam NƏBİYEV (1965): "Qanlar göl olacaq bu qızdan ötrü..." Hələ tumurcuqdu…

Hələ tumurcuqdu, hələ pöhrədi,
Kollar gül olacaq bu qızdan ötrü.
Düşəcək sinəyə əyilməz başlar,
Şahlar qul olacaq bu qızdan ötrü.

Şəvətək saçlara ələnəcək qar,
Əyəcək başını otlar, ağaclar.
Qürurlu başlarda şahanə taclar
Dönüb kül olacaq bu qızdan ötrü.

Çıçəklər taxacaq ipək telinə,
Min əda qatacaq şirin dilinə.
Sözlər çıxacaqlar ceyran belinə
Dillər lal olacaq bu sözdən ötrü.

Səbirlər qısalıb tükənən zaman
Paslanmış qılınclar çıxacaq qından.
İgidlər keçəcək şipşirin candan
Qanlar göl olacaq bu qızdan ötrü.

NƏ DAŞ SALSIN
(Gəraylı)


Vaxtı fırladan fırladır
İl başına nə daş salsın.
Yaz gəlmir, qar ərimirsə,
Gül başına nə daş salsın.

Bir yerdə ünvanın yoxsa,
Bir gedəcək yanın yoxsa,
Bir gələn insanın yoxsa,
Yol başına nə daş salsın.

Ağzini etsən üç para,
Dilindən çəkərlər dara.
Ağıl yoxsa, bəxtiqara
Dil Başına nə daş salsın.

Heç kimsə soruşmaz halın,
Bu miskin, yazıq əhvalın.
Zaman qansız, ağa zalım
Qul başına nə daş salsın.

Xəyyam, bəsdi ufuldadın,
Öz başın özün tovladın.
"Əl çirki" deiyb tulladın
Pul başına nə daş salsın.

Qəfildən qayıdıb...

Qəfildən qayıdıb "sevirəm" deyə,
Ağzın açıq qala sözün qurtara.
Verəsən qəlbinin atəşin, odun
Külün göyə uça, közün qurtara.

Aylarla, günlərlə gəzəsən qoşa
Eşqi, məhəbbəti gözündən daşa.
Bir ürək dinləyə, biri danışa
Dodağa, qulağa lüzum qurtara.

Ömrünü çiçəkli bir yaz eləyə,
Əlçatmaz arzunu pərvaz eləyə.
Sən toy istəyəsən, o naz eləyə
Səbir ərşə çıxa, dözüm qurtara.

Nəzər salmayasan dünya malına
Tanrı rəvac verə, işin alına.
Bir payız günündə toyun çalına
Murada yetəsən arzun qutara.

QƏZƏL

Həsrət qoyub sevdiyim üzündəki xala məni
Zülm edib axırı saldı necə gör hala məni.
Könlümü odlamağa bircə qığılcım bəs ikən
Bağlayıb qollarımı atıbdı tonqala məni.
Baxıban tüstülənən cismimə ləzzət aparır
Doğrayıb tikə-tikə düzübdü manqala məni.
Əridib cismimi eşq öylə günə salıbdı ki,
Dost-tanışlar tanımır görəndə az qala məni.
Xəyyamı dərd danışdırır, nə etsin, çarəsi yox,
Nəbadə bənzədəsiz yanşağa, naqqala məni.


Xəyyam NƏBİYEV (1965): "Qanlar göl olacaq bu qızdan ötrü..." KÜÇƏ İTLƏRİNƏ

Siz də ulduzlar kimisiniz:
Gündüzlər yox olub
gecələr çıxırsınız.
Nə ulduzların sahibi var,
nə sizin kimsəniz.
Amma ulduzların işığı var,
sizin səsiniz,
Səs işıqdan yaxşıdır.
Bunu bilsəniz....
Ulduzlara hürməyin.
siz də bu qızlar kimisiz:
Dəcəl-dəcəl oğlanlar
onlar daş atır, sizə söz.
amma qızlar sözdən qorxmazlar
Siz də daşdan qorxmayın..
Onsuz da hərənin başına bir cür düşür.
Siz allah, qızlara da hürməyin.
...Siz də insanlar kimisiniz:
güclülərimiz çox yeyir,
amma ağıllılarımız
ələbaxım olub
əyləndirir birinin uşağını
ağıllılar da gün görəyir.
Siz allah, ağıllılara da hürməyin...


KÜÇƏ İTLƏRİNƏ - 2

Vətən yurddan olar, yuvadan olar
(it yuvası da olsa)
Lap elə
bir udumluq havadan olar
o havanı ciyər dolusu alası olsan.
Küçədən vətən olmaz.
Vətən o şeydi ki,
onu itirməyə qorxasan.
Çalışasan,
vurnuxasan
ora qayıtmağa.
Bozdar
Alıs kişinin sürüsünün yanında olur
və qoruyur.
Tuzik
Mamedovun villasında olur
və qoruyur.
Culbars
Gülyanın sinəsinin üstünde olur
və...
Onlar üçü də xoşbəxtdir.
Vətənsizlik yaman dərddir.
Sizinsə nə itirəcəyiniz bir şeyiniz var,
nə gedəcək unvanınız.
Təkcə quru canınız var-
nişansız, adsız
Bu da bir qismətdir.
Adsızlıq yaman dərddir.
Sizi
Bozdar da qovar,
Tuzik də qapar,
Culbars da tutar,
çünki onların
Alıs kişisi var,
Mamedovu var,
Gulyası var.
Sahibsizlik
azadlıq deyil hələ
Sahibsizlərə hər yer
qadagadı,
sərhəddir.
Sahibsizlik yaman dərddir.
Yazıq küçə itləri.

"Şərqin səsi" qəzeti,
15 aprel 2015-ci il.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: