Dağlardan qoca dağlar
Yenə dinmir bax, göz yaşım,
Ürək sınıb, ruhum ağlar.
Güvəndiyim tək sirdaşım
Siz oldunuz mənim, dağlar.
Üz tutmuşam sizə sarı,
Gileyim var, uca dağlar,
Eşidirsiz məni barı?
Ürəyimdə siz tək dağ var.
Gəldim könül açım yenə,
Dərd dağımı siz görəsiz.
Qəlbimdəki dağ yanında,
Qoca dağlar, çox körpəsiz.
* * *
Göz yaşınam, sil məni!
Yenə doldum gözünə,
Ümid ölüb, gəlirəm.
Qəlbindəki sözünəm,
Selə dönüb gəlirəm.
Göz yaşınam sil məni!
Həm əyrin, həm düzünəm,
Qəlbindəki sözünəm,
Yanağına süzülən
Günahların bil məni,
Göz yaşınam, sil məni!
Sil ki, izim qalmasın,
Gözün ,, mən"lə dolmasın,
Deməyə söz olmasın,
Səsləməsin dil məni,
Göz yaşınam, sil məni!
Eşq gəmisi
Fələk taleyimdə hakim durarkən,
Eşqin zindanında əsir olmuşam.
Məhəbbəti yalan, nağıl sanarkən,
Sənin ürəyində yuva qurmuşam.
Bu yuva çox doğma, əzizdir mənə,
Ruhumu, cismimi ələ almısan.
Sevgisiz, duyğusuz, solan qəlbimə,
Eşqin gəmisindən lövbər salmısan.
Lövbərin çox ağır, qaldırmaz onu,
Hicranın acısı, kədəri, qəmi.
Dağılsa bu dünya, gəlsə də sonu,
Yaşadacaq məni eşq dolu gəmi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.