Ana
Anadır dünyada müqəddəs insan,
Anadır övladçün alışıb yanan,
Anadır dərdlərə dözüb dayanan,
Anasız dünyanın yoxdur dəyəri,
Ananın hər zaman görünər yeri.
O sözməz günəşdir daim nur saçar,
Düşmən şöləsindən kor olub qaçar.
Ondadır cəsarət, ondadır vüqar,
Anasız dünyanın yoxdur dəyəri,
Ananın hər zaman görünər yeri.
Həyatda çox zaman gülməyib üzü,
Ağarıb saçları, qırışıb üzü.
Laylası məlhəmdir, qidası sözü,
Anasız dünyanın yoxdur dəyəri,
Ananın hər zaman görünər yeri.
Əyilməz nə dosta, nə də ki, yada,
Övladçün özünü veribdir bada.
Yunisəm, anamçün olsun can fəda,
Anasız dünyanın yoxdur dəyəri,
Ananın hər zaman görünər yeri.
Zəhram
Geldin, gəlişinlə sevinc gətirdin,
Subaylıq çağımı sona yetirdin,
Qəlbimdə təzə-tər çiçək tək bitdin,
Ömrümün baharı, yayısan, Zəhram.
Atanın gözünün ağı, qarası,
Ananın ürəyi, ciyar parası,
Sən hər ikimizin sevgi dünyası,
Tanrımın ən gözəl payısan, Zəhram.
Ömrümə günümə sən yaraşıqsan,
Taleyimə yazılan xoş naxışsan,
Bu həyat yoluma nursan, işıqsan,
Yunisin günəşi, ayısan Zəhram.
Yenə həmin küçə...
Yenə mən səsinlə gəldim üz-üzə,
Yenə həmin küçə, yenə həmin yer.
Susub dayanmışıq, baxıb göz-gözə,
Qəlbimiz danışır, dodaq dinməyir.
Sezirəm süzdürüb baxan gözlərdən,
Sənin gözlərində sevgi nişanı.
Baxışın dəyərli mənə sözlərdən,
Bu an həyatının ən gözəl anı.
Bilmirəm buranın ünvanı necə?
Ünvansız qəlbimdə qalır izləri.
Yenə bu darısqal, dolanbac küçə,
Yenə qovuşdurur, gülüm bizləri.
BİRDƏNƏM
(Şairə Arzu Hüseynin "Birdənəm" adlı şeirinə cavab)
Necə oldu yollar məni yormadı?
Çünki məni həsrət özü yormuşdu.
Sevgimizə qəlbin dayaq durmadı,
Bu sevgimiz ayrılıqla qovuşdu.
Tökdü xəzəl ləçəyini sevgimin,
Yaz çağımda sanki payız fəsliydi.
Kərəm kimi odlanan bu qəlbimin,
Səbəbi də bil sən adlı Əsliydi.
Gör haçandır ömrümüzdə yerini,
Dəyişibdir çalarları rənglərin.
Gör haçandır eşitmirəm "həri"ni,
Susub daha, kəsilibdir zənglərin.
Heç bilmirəm günah kimin, suç kimin?
Özümüzü müqəssirə çevirdik.
Əyilməzdi qarşısında heç kimin,
Qəlbimizi biz əsirə çevirdik.
Duyğularım elə bilmə dil bilməz,
Hər bir şeyi başa düşüb qanandır.
Ölüb, vallah, ölüb, daha dirilməz,
Axı, bir vaxt öldürdüyün insandır...
Necə oldu yollar məni yormadı?
Boyun əydim intizara, dərdə mən.
Bu sevginin sonu gözəl olmadı,
Günahkarı sən özünsən, Birdənəm.
24.01.2022.
* * * * * *
BİRDƏNƏM
Arzu Hüseyn,
Şairə-publisist.
Necə oldu yollar səni yormadı,
Gecə oldu, ulduz aya qovuşdu.
Taleyimə yazdım səni, olmadı,
Uşaq kimi olmazlara alışdıq.
Tökdü xəzəl hələ dünən gül açan,
Hədər oldu neçə-neçə fəsillər.
Dirənmədik bu sevgidə sonacan,
Aramızda soyuq yellər əsirlər.
Bu nə gücdür dalğaları oyadan,
Dəyişibdir çalarları rənglərin.
Birdəfəlik çıx ömrümdən, ay adam,
Kəs arasın məktubların, zənglərin.
Necə oldu yollar səni yormadı,
Boyun əydim intizara, dərdə mən.
Bu nağılın sonu gözəl olmadı,
Almaları cin apardı, Birdənəm.
22.01.2022.
Şabranım
Bakıdan ən gözəl duyğumla gəlib,
Bir saat mehmanam sənə, Şabranım,
Gözəl təbiətin üzümə gülüb,
Yamanca heyranam sənə, Şabranım.
Bir yanın dağ-dərə, bir yanın orman,
Gilgilçay sinəndən axır hər zaman.
Qubayla Qusara olmusan həyan,
Yamanca heyranam sənə, Şabranım.
Qədim Dərbəndimin bir sancağısan,
Türk eli, türk yurdu, türk ocağısan.
Tarixdə iz salıb hey qalacaqsan,
Yamanca heyranam sənə, Şabranım.
Samir tək, Anar tək oğulların var,
Dığanı yurdumdan qovub çıxardar.
Başını hər yerdə hər an ucaldar,
Yamanca heyranam sənə, Şabranım.
Gözəllər yurdusan həm də onu bil,
Gözəllər sinəndə sanki qızılgül.
Yunis də unutmaz ötsə ayla il,
Yamanca heyranam sənə, Şabranım.
30.01.2022.
Mənəm...
(Şairə Nərminə Yunisin "Sənmisən..." adlı şeirinə nəzirə)
Gecələr yuxunu əlindən alan,
Özündən xəbərsiz qəlbini çalan,
Səni dərd-bəlaya tuş edib salan,
Nə sevgi, nə ürək, elə mənəm, mən...
Unuda bilməzsən, unutmaq çətin,
Min yol unutmağa çalışsan belə.
De, ona çatarmı sənin qüdrətin?
İlləri qatsanda hər gələn ilə.
Gör səni nə günə salmışam ki, mən,
Üzündən təbəssüm yox olub gedib.
Bir vaxtlar o şən, o deyib-gülən,
Sən adlı bir gözəl gözündən itib.
31.01.2022.
KİŞİLƏR
(Şairə AY Bəniz Əliyarın "Kişilər" adlı şeirinə cavab)
Gözləri iştahlı, ürəyi yüyrək,
O sevən kişilər qalıb yenə də.
Çətinki toruna sala bir göyçək,
Qəlbi möhürlənib, qalıb sinədə.
Sevgiylə şəhvəti qatan siz olduz,
Xəyanət ruhunda yatan siz olduz,
Hər addım başında atan siz olduz,
Müqəssir sayıldı kişi dinəndə.
Tək bircə arzusu ürək qazana,
Sevgi ocağında yana, qızına.
Yunisin sevgisin qəlbdən pozana,
Lənət oxuyuram, min lənət mən də.
08.02.2022.
ÜRƏYİN YUXALDI
(Şairıə AY Bəniz Əliyarın "Ürəyim yuxaldı" adlı şeirinə cavab)
Ürəyin daşa dönmüşdü,
Güldüm, ürəyin yuxaldı.
Həyat gözündə sönmüşdü,
Gəldim, diləyin çoxaldı.
Sənə sevgi bəxş eylədim,
Sevgimə biganə qaldın.
"Əzizim", "canım" söylədim,
"Can", "can" deyib, canım aldın.
Harda olsan, orda varam,
Kabus tək hey görünərəm.
Gecə-gündüz hey araram,
Kölgən kimi sürünərəm.
Bir vəzifən artıb, bəli,
O da qəlbimin sultanı.
Dərdindən olmuşam dəli,
Sevgin dərdimin loğmanı.
09.02.2022.
Unutmaz o dağlar heç zaman səni
(Dostum Aşıq Qara Borçalının “Dağlar şeirinə nəzirə)
Ay Qara, bilirəm, Qərib eldəsən,
Unutmaz o dağlar heç zaman səni.
Sazınla, sözünlə hər an dildəsən,
Unutmaz o dağlar heç zaman səni.
Qoynunda böyüdün, çəkdi nazını,
Gördün payızını gördün yazını,
Dərdin nanəsini, həm yarpızını,
Unutmaz o dağlar heç zaman səni.
Qurutdu xinqalı yesən, doymazsan,
Bulağın suyundan içsən, doymazsan,
Əvəlik, kəkotu, əldən qoymazsan,
Unutmaz o dağlar heç zaman səni.
Eh!.. Nazlı sənəmin səni gözləyir,
Hər anın, dəmin səni gözləyir,
Çiçəkli çəmənin səni gözləyir,
Unutmaz o dağlar heç zaman səni.
Yunisəm bir zaman dağlara sarı,
Gedəcəm, onsuzda, bu ömrüm yarı.
Unutma dostluğu, əhdi, ilqarı,
Unutmaz o dağlar heç zaman səni.
***
Qəlbində altun tək sevgin var sənin,
Sevginə möhtacam mən bir pul kimi.
Ya yaşat, ya öldür, ixtiyar sənin,
Tək sənin olacam mən bir qul kimi.
Tək sənsən hakimi mənim ömrümün,
Zərif əllərinlə yaz fərmanımı.
Yalnız səndən olsun mənim ölümüm,
Mən sənə düz hədəf, gəl al canımı.
Zərrəcə qorxum yox ölümdən, gülüm,
Onsuzda, sevgisiz yaşamaq çətin.
Aylardır uzağam gülümdən, gülüm,
Bu canı gülümsüz daşımaq çətin.
***
Çökmə gözlərimə, qadanı alım,
Həsrətin ən acı yuxusu kimi.
Gözümlə gözünün seyrinə dalım,
Qəlbinin aynası, güzgüsü kimi.
Dayanaq üz-üzə, baxaq göz-gözə,
Baxışlar od-tutub alışsın bir an.
Lüzum yox başqa bir kəlməyə, sözə,
Danışsın ürəklər, danışsın bir an.
Yaşansın ən gözəl sevgi hisləri,
Yaşanan bir həyat, bir ömür kimi.
Tərk edib getməsin heç vaxt bizləri,
Yaşlanan bir həyat, bir ömür kimi.
Mənim əziz nəvəm, mənim gül nəvəm
(İş yoldaşım Rzayev İmrana ithaf)
Bu gün əziz gündü, arzular min-min,
Sən məni arzuya, kama yetirdin.
Gəldin, gəlişinlə sevinc gətirdin,
Mənim əziz nəvəm, mənim gül nəvəm.
Canımsan, qanımsan, sən qız balamsan,
Ömrümə, günümə sən yaz balamsan,
İşvəli, nəşəli, sən naz balamsan,
Mənim əziz nəvəm, mənim gül nəvəm.
Gündüzlər günəşsən, gecələr aysan,
Gözəlsən, sanki bir mələyə taysan,
Rəbbimin verdiyi ən gözəl paysan,
Mənim əziz nəvəm, mənim gül nəvəm.
Qəlbini sökür
(Şairə Həqiqət Elçinin “Qəlbimi sökür” şeirinə nəzirə)
Sənin qismətini yazan o Rəbbin,
Məni taleyinə bilmədən yazıb,
Kədərdən-qüssədən ağlayır qəlbin,
Sevgi-məhəbbət gülmədən yazıb.
Sevgi kitabının vərəqlərində,
Bu sevgim solğun bir yazıya dönüb.
Hər səhər günəşin şəfəqlərində,
Boylanmaz bir daha, əbədi sönüb.
Allahın hökmü bu, fərmanı budur,
Bu taleh, bu yazı yazılıb bizə.
Sevgimiz bu bəxtə, taleyə quldur,
Vurulub möhürü bu qəlbimizə.
Xəyalım rahatlıq verməyir sənə,
Mənsiz xoşbəxtliyin yıxılır, çökür.
Dumanlar, çiskinlər çökür ömrünə,
Həsrətim, hicranım qəlbimi sökür.
Darıxma
Yaman darıxırsan hər axşam-səhər,
Darıxma, əzizim, darıxma, sən döz.
Qəriblik qəlbinə gətirər qəhər,
Bəsdir, gəl bu qədər az özünü üz.
Darıxma, bu sevda indi, əzizim,
Sənə də, mənə də gətirməz xeyir.
Qovuşa bilmərik, yolumuz bizim,
Əyilir sağ-sola, bəxtimiz əyir.
Bu sevda yolunun yolçusu olmaq,
Ha darıx, darıxma, bu mümkün deyil.
Mən evli kişiyəm, sən subay xanım,
Beləcə keçəcək ömürdən hər il.
Sən darıxırsan, darıxma, nə olar,
Nə olar darıxıb arama məni.
Sən darıxırsan, sevgimiz ağlar,
Bir ömür ağlatma gəl bu sevgini.
07.02.2022
ZiM.Az
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.