YUBİLEYİNİZ MÜBARƏK, HEYBƏT HÖRMƏT!..

YUBİLEYİNİZ MÜBARƏK, HEYBƏT HÖRMƏT!..
TƏBRİK EDİRİK!..

Bu gün tanınmış şair və
xeyirxah insan
Heybət Hörmətin
70 yaşı tamam olur.
Bu münasibətlə onu
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!..


Heybət Hörmət - 1946-cı il
dekabrın 20-də Şamaxı şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
20 il M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrınınnda işlədikdən sonra 1974-cü ildə Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb.
Elə həmin ildə “Ən yaxşı gənc aktyor” mükafatına layiq görülüb.
Sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.
Bu müddət ərzində 200-dən artıq irili-xırdalı (əsasən iri) rolların müəllifidir.
"Azərbaycanfilmin" istehsal etdiyi bir sıra bədii filmlərdə çəkilib.
Sonuncu çəkildiyi "Fəryad" filmində Levon və "Qəzəlxan" filmində Neftçi rolları olub.
İlk şeiri 1956-cı ildə Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olunub.
Bundan sonra respublika mətbuatının demək olar ki, hamısında çap olunub.

Əsərləri müntəzəm olaraq radioda, televiziyada səsləndirilib.

"Dağlarda talam qaldı" (Şeirlər və poemalar, "Adiloğlu", 2006) və "Mənə ümid verin" (Şeirlər və poemalar, "Adiloğlu", 2009) adlı iki kitabı nəşr olunub.

Şeirləri bir sıra poeziya antologiyalarında çap olunub.

Şeir və poemalarına görə bir sıra fəxri-fərmanlara, diplomlara və pul mükafatlarına layiq görülüb.
Teatrla yanaşı bir sıra qəzetlərdə müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini vəzifələrində işləyib.

Hal-hazırda "Ümid press""Şapalaq" qəzetlərinin təsisçisi və baş redaktorudur.
Azərbaycan Teatr Xadimləri İttifaqının, "İti qələm" Respublika Ədəbi Birliyinin, "Beytüs-Səfa" ədəbi məclisinin üzvüdür.
"Qızıl Qələm" Media mükafatı laureatıdır.

Heybət Hörmət hazırda Bakıda yaşayır.
Jurnalist kimi Qarabağda döyüş bölgələrindən vaxtaşırı reportajlar hazırlayıb, "Qarabağ" qəzetində və başqa qəzetlərdə çap etdirib.
Şeirlər və poemalar, romanlar, povestlər, hekayələr, novellalar, pyeslər, mənzum dramlar, oçerklər, felyetonlar, teatr və aktyorlar haqqında resenziyaları, şairlər və onların şeirləri haqqında poetik düşüncələri və s. müxtəlif mətbuat səhifələrində çap olunsalar da, ayrıca kitab şəklində çap olunmayıb. Halbuki, həmin yazılar çap olunsa bəlkə də 40-50 kitab olar.

Bir daha tanınmış şair və xeyirxah insan Heybət Hörməti
anadan olmasının 70 illik Yubileyi münasibətlə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də
ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurları arzulayırıq!..
Aşağıda şair Heybət Hörmətin bir neçə şeirini oxucularımıza ərmağan edirik...

ZiM.Az.



Heybət HÖRMƏTin Poeziya Yaradıcılığından Nümunələr

GƏLMƏDİZ

(Yeddiqardaşa nəsihət)


Yaxşı, ya pis, işləriniz aşacaq,
Biri vanna, biri vedrə qoşacaq,
Ayrı-ayrı qazanınız daşacaq,
Qoşa zərtək qoşa düşə bilmədiz,
Yeddi qardaş bir araya gəlmədiz.

Dağ dumandan, duman dağdan xəbərsiz,
Bağ bağbandan, bağban bağdan xəbərsiz
Tabaq süddən, süd tabaqdan xəbərsiz,
Yeddi külüng bir qayanı dəlmədiz,
Yeddi qardaş bir araya gəlmədiz.

Söz içindən söz çıxdı, söz bozardı,
Nə fərqi var meydanda kim qızardı,
Bilmədiniz bu nə dərddi, azardı,
Yeddi çəkic bir zindana döymədiz,
Yeddi qardaş bir araya gəlmədiz,

Bu dünyanın namərdi nə, mərdi nə,
Qurban olum qardaşların mərdinə,
Hansınızın qoşa düşdü nərdinə,
Bu uğura bir sevinib gülmədiz,
Yeddi qardaş bir araya gəlmədiz.

Heybət Hörmət, yetər daha bu ahlar,
Odun sönüb, kül sızıldar, kül ağlar,
Yaş ötdükcə üzə çıxır günahlar,
Yeddi ağız bir ünvana "söymədiz",
Yeddi qardaş bir araya gəlmədiz.
2005


TÖKÜLMÜŞƏM YOLUNA

Əynimizdə bu hicranın çuxası,
Bu həsrətin çaxmağı yox çaxası...
Yollarına baxasıyam, baxası,
Çinar kimi əkilmişəm yoluna.

Bu ömürdü, qoşalaşıb qəm əksək,
Göz yaşıyla boy atacaq, bitəcək.
Görüş üçün dəstələnən çiçəktək,
Qarış-qarış səpilmişəm yoluna.

Həsrətimin göynərtisi qəmdi, qəm,
İki gözüm: biri quru, biri nəm...
Mən səninçün oxunmamış şeirəm,
Misra-misra tökülmüşəm yoluna...
Bakı-2015


QƏTİ, QƏTİ VƏ QƏTİ

Ə.Kərimin “İki sevgi” şeirinə porodiya.


Vəzifə, sən mənim canımsan,
damarımda qanımsan.
Mən ki, səni sevirəm;
damar üstə yapışıb qana həris yaşayan
zəli qan sevən kimi.
O isə səni sevir;
ağzı ətə çatmayan Məstan pişik pusquda
boz siçan sevən kimi.
Vəzifə, sən varımsan,
şakərim, azarımsan.
Bu gün arxam, köməyim.
sabahsa məzarımsan...
Mən səni çox sevirəm,
elə çox sevirəm ki,
bircə qəpik üzünə illərcə həsrət qalan
boş cib pul sevən kimi.
O isə səni sevir;
beli yağır gəzərək palana həsrət qalan
ulağ çul sevən kimi.
Cibimə pul axmasa,
canım çıxar kürsüdə.
Pul, vəzifə durdurur
başımdakı hirsi də.
Səndə qüdrət görmüşəm.
səndə cürət görmüşəm.
Sən əlimdən gedərsən
bil, diriykən ölmüşəm.
Mən ki, səni sevirəm;
bir ac-susuz yolçuda
çörəyə, suya həsrət qurumuş dodaq kimi.
O isə səni sevir;
ağ şalvara vurulan qap-qara yamaq kimi.
Canım-gözüm vəzifə,
Indi özün ayırd et bu iki məhəbbəti.
Mən fikrimdə qətiyəm,
Qəti, qəti və qəti !!!
29. 01. 2016

EVLƏNİM, EVLƏNMƏYİM
(Sabiranə)


Sən ki, bilirsən, ata, istədiyim yar idi,
Sevdiyimin gözləri məst idi, xumar idi,
Baxmağı ceyran kimi, dişləri mivaridi,
Amma bir az çox pota, evlənim, evlənməyim?
Sən mənə söylə, ata, evlənim, evlənməyim?

Qaşları qapqarədi, saçları ağdır ata,
Görkəmi lap gülməli, körpə uşaqdır, ata,
Amma bir az mal kimi gövşəri vardır, ata,
Sür örüşə, lap otar,evlənim, evlənməyim?
Sən mənə söylə, ata, evlənim, evlənməyim?

Çəkməsi hündürdaban, saçları ondan qısa,
Dönmüşəm pərvanəyə, olmuşam heyran qıza,
Bənzəri vardır onun göydə yanan ulduza,
Qorxuram bəxtim yata, evlənim, evlənməyim?
Sən mənə söylə, ata, evlənim, evlənməyim?

Yox belə bir nazənin, könlüm hayandan tapar,
Doğrusu çaş qalmışam, sonda sənindir qərar,
Bir dəli şeytan deyir bas maşına et fərar,
Amma bu iş çox xata, evlənim, evlənməyim?
Sən mənə söylə, ata, evlənim, evlənməyim?

Eyləmərəm sevgili yoldan ötən hər kəsi,
Sevdiyim ancaq, ata, qızların dürdanəsi,
Həm də gözəl səslidi, əladı zənguləsi,
Apar köçürtdür nota, evlənim, evlənməyim?
Sən mənə söylə, ata, evlənim, evlənməyim?

Qız atası tuzdu çox, hər sözü bir qaydadı,
Kəlməsi hikmət dolu, bil ki, cana faydadı,
Var kişinin qulluğu, ad-sanı dam boydadı,
Bəlkə də ərkin çata, evlənim, evlənməyim?
Sən mənə söylə, ata, evlənim, evlənməyim?
Bakı-2011

KƏNDİMİZƏ GEDƏCƏYƏM

Yenə arzum qanadlanıb,
Kəndimizə gedəcəyəm.
Kədərimi yığışdırıb
Dərələrə tökəcəyəm.
Gedəcəyəm mən anamın
Həsrətini əritməyə.
Gedəcəyəm mən nənəmin
Nağılını eşitməyə.Kəndimizə gedəcəyəm--
Yada düşüb görün nələr:
"Dirədöymə", "Çiling-ağac",
Qar üstündə sürüşmələr...
Çılın-çılpaq, lüt, yalavac
Yağış altda duracağam.
Yağ-dürməyim gec yetişsə,
Bir mərəkə quracağam.
Gedəcəyəm kəndimizə--
Əlqasımda kibrit qutum
qalıb mənim.
"Qalacıq"da kəklikotum
qalıb mənim.
Gedəcəyəm kəndimizə--
Qaragözlü gözəllərin
Baxışında əriməyə.
"Bircalı"nın qoruğunda
At belində səyriməyə.
Gedəcəyəm kəndimizə--
Təzələnib durulmağa.
Qonşudakı çoban qızı
Gülsənəmə vurulmağa!..
Bakı-1991

BELƏCƏ GƏLDİ
(Şair dostum Əlövsət Saldaşa)


Altmış yaş, Əlövsət, toydu, düyündü,
Tapdığın yüzdüsə, itənin mindi,
Mən də itirmişdim, tapmışam indi,
Mənim də itmişim beləcə gəldi.

Dəryaya baş vurdum, ulduza qalxdım,
Birinə yıxıldım, yüzünü yıxdım,
Arxaya boylandım, qabağa baxdım,
Gedənim, getmişim beləcə gəldi.

Yaz ötdü, yay ötdü, payız da ötdü,
Aylarım, illərim əlimdən getdi,
Ruzigar başımı ağappaq etdi,
Qurtarıb bitmişim beləcə gəldi.

Heybət, nə sözün var bu hökmə dair,
Fələk saydığını yerində sayır,
Sənin altmışına min şükür, şair,
Mənim də yetmişim beləcə gəldi.
(Şamaxı-2016-18 oktyabr)

G E T D İ

Bu da bir cür həyat idi,
Əla deyil, babat idi,
İllər yüyrək bir at idi,
Minildi, çapdı getdi.

Dövran bir küp qarısıydı,
Qiyamətin yarısıydı,
Həyat ulağ sağrısıydı,
Döyüldü, çıxdı getdi.

Haqlı qul oldu haqsıza,
Az qaldı beynə qan sıza,
El möhtac qaldı qansıza,
Söyüldü, çıxdı getdi.

Qarğışa döndü alqışlar,
Nəğməyə döndü qarğışlar,
Yada əyilməyən başlar,
Əyildi, çıxdı getdi.

Min təəssüf, Heybət Hörmət,
Bu bir yanlış, bu bir qələt,
Dünya qəhqəh çəkdi əlbət,
Güldü, güldü, çıxıb getdi.
1994



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: