GÜLƏMAİL MURAD: Yığın... Gülüşlərimi yandırın İçində dərd gizlənib...

GÜLƏMAİL  MURAD: Yığın... Gülüşlərimi  yandırın İçində dərd gizlənib...GÜLƏMAİL MURAD (Güləmayil Novruzəli qızı İsayeva) 1950-ci il sentyabr ayının 4-də Qazax rayonunun Sadıqlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirib. Ali dərəcəli mühəndis - müəllimdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecində mühəndis-müəllim işləyir.
“Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”, “Gecələr ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”, “Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım qapımı döyür”, “Vətən sağ olsun!”, “Balaca müdrik”, “Sevgi dastanı”, “Dostluq körpüsü”, “Dağlarda şəhid səsi”“Günəş qürub edəndə” kitablarının müəllifidir.
Şeirləri bir neçə xarici dilə tərcümə edilib.
Şeirlərinə musiqilər bəstələnib.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınlar Cəmiyyətlərinin üzvüdür.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və Qadınlar Şurasına sədr müavini seçilib (2007).
2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı İlin “Lirika kitabı” fəxri diplomuna layiq görülüb.
Urmiyada İmam Rzanın mövludu münasibətilə keçirilən Beynəlxalq şeir müsabiqəsinin qalibi olmuş, Fəxri Diplom və ödüllərə layiq görülüb (2007). “Oskar-Ozan” Mükafatı Fəxri Diplomu(2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomu (2010), Misir Mədəniyyət Mərkəzinin “Təşəkkürnamə” və “Fəxri fərman”ı (2010), Gürcüstanın Qardabani şəhər 3 saylı ictimai məktəbin “Fəxri fərman”ı (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin “Fəxri Fərman”ı (2012) ilə təltif edilmişdir.
Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013).
İstanbulda “Şiir Fırtınası” iştirakçısı olmuş və Türk kültürünə, Türk Ədəbiyyatına vermiş olduğu xidmətlərinə görə Fəxri Diplomla mükafatlandırılıb (2014).
Azərbaycan Yazıçılar Birliyinin ədəbi işçisi və Prezident təqaüdçüsüdür.
Ailəlidir. Üç övladı, altı nəvəsi var.


Yığın...
Gülüşlərimi yandırın
İçində dərd gizlənib...



Vətən harayı

Fəxr, qürur, ehtişam,
Güvənc, ehtiram, inam,
Kömək , həyan bayrağı,
Azərbaycan bayrağı!

Tanınmısan qədimdən!
Mətin ölkə, mərd vətən,
Odlu məkan bayrağı-
Azərbaycan bayrağı!

Artsın şanın, şöhrətin,
Bu qoca məmləkətin,
Sən ey cavan bayrağı-
Azərbaycan bayrağı!

Qəlbimin təpəridir,
Xalqa ümid yeridir,
Elə güman bayrağı-
Azərbaycan bayrağı!

Dözümü var, gücü var,
Yıxılmaz, şax dayanar,
Varsa tutan bayrağı-
Azərbaycan bayrağı!

NECƏ YAZMAYIM?

Deyirsən bird aha yazmayım şeir,
Sevgi nəğməsini necə yazmayım?
Məgər eşitmirsən könül nə deyir?
Könlümün səsini necə yazmayım?

Bağın bağbanını eşitmisənmi?
Qəlbin gümanını eşitmisənmi?
Gülün fəğanını eşitmisənmi?
Elin naləsini necə yazmayım?

Mənim sevincimdir sənin büsatın,
Mənim həyatımdır sənin həyatən.
Məhəbbət muğamdər, mən muğamatın,
Zilini, pəsini necə yazmayım?

Bilir tanıyanlar, elə mailəm,
Bir şirin, bir şəkər dilə mailəm.
Pərvanəyə dönən Güləmailəm,
Şamın şöləsini necə yazmayım?


AZƏRBAYCANIM YAŞA

Ürəkdə qüdrətimsən,
Əməkdə şöhrətimsən,
Biləkdə qüvvətimsən,
Damarda qanım , yaşa
Azərbaycanım, yaşa!

Qızıla zər deyiblər,
İgidə ər deyiblər,
Oda Azər deyiblər,
Azər cahanım, yaşa,
Azərbaycanım, yaşa!

Çox olubdur dərdlərin,
Az olmayıb mərdlərin,
Saysızdır comərdlərin,
Comərd məkanım, yaşa,
Azərbaycanım, yaşa!

Əzabım çoxalanda,
Ümidim yox olanda,
Son anda, son gümanda,
Sənsən gümanım, yaşa,
Azərbaycanım, yaşa!

Arxam, həyanım olmaz,
Tabım, tavanım olmaz,
Olmasan, canım olmaz.
Ay mənim canım, yaşa,
Azərbaycanım, yaşa!


İGİD ƏSGƏRİM, ŞƏHİD ƏSGƏRİM!

Yurdumuz uğrunda qanından keçən,
Neçə yol ölümün yanından keçən,
Ana vətən üçün canından keçən,
İgid əsgərim, Şəhid əsgərim!

Dedin ki, ölsək də vətən yaşasın,
Düzən odlanmasın, çəmən yaşasın,
Yasəmən yaşasın, süsən yaşasın
İgid əsgərim, Şəhid əsgərim!

Gedər bu dərd, ələm, kədər günümüz,
Gələr müjdə günü, xəbər günümüz,
Hökmən görünəcək zəfər günümüz
İgid əsgərim, Şəhid əsgərim!

İlanın başını əzməliyik biz,
Düşmənin canını üzməliyik biz,
Yenə Qarabağda gəzməliyik biz,
İgid əsgərim, Şəhid əsgərim!

Nə böyük cəsarət varmış səndə,
Cəsurluq yaşayıb hər hüceyrəndə.
Səndən çox yazıblar, yazıram mən də
İgid əsgərim, Şəhid əsgərim!


ŞƏHİD QƏBRİM SƏNGƏR OLSUN VƏTƏNƏ!

Anama deyin ki, qəbrim qazılıb,
Daha məktubumu gözləməsin qoy.
Deyin alınma şəhidlik yazılıb,
Daha məktubumu gözləməsin qoy.
Şəhid qəbrim səngər olsun vətənə!

Deyin ki, ürəkdə qaldı sözləri,
Çox arzu-diləkdə qaldı sözləri.
Daha yol çəkməsin ana gözləri,
Daha məktubumu gözləməsin qoy.
Şəhid qəbrim səngər olsun vətənə!

Deyin ki, taqəti yoxdur qolunda,
Əcəl sağındadır, ölüm solunda.
Canı fəda etdi vətən yolunda
Daha məktubumu gözləməsin qoy.
Şəhid qəbrim səngər olsun vətənə!


O GECƏ (20 yanvar gecəsi)

Ah, küçələr belə qan görməmişdi
O gecə, necə də qanlı bir gecə…
Qana yerikləyən can görməmişdi
O gecə, necə də qanlı bir gecə…

Hədəfə tutmuşdu gecədən bəri,
Sovet Bakısını sovet əsgəri.
Gecə iztirabla doğdu səhəri,
O gecə, necə də qanlı bir gecə…

İlahi, o gecə məhşərdi, nədi?
Düşmən başımıza güllə ələdi.
Neçə dərd köynəyi qəm düymələdi…
O gecə, necə də qanlı bir gecə…

Tuş olduq bəlayə neçin nədən biz?
Bədənsiz baş gördük, başsız bədən biz.
Sarsıldıq o gecə işgəncədən biz,
O gecə, necə də qanlı bir gecə…

Necə bəla idi, bu, necə zülüm?
O gecə cəfaydı, o gecə zülüm…
Bir də elə gecə görməsin elim,
O gecə, necə də qanlı bir gecə…


VƏTƏNİMLƏ YAŞAYIRAM

Saf məhəbbət vutğunuyam,
Dözüm, taqət vurğunuyam,
Mən təbiət vurğunuyam,
Çəmənimlə yaşayıram.

Səslər məni düzüm, çölüm,
Neçə-neçə, gözəl gülüm…
Qərənfilim, qızılgülüm,
Süsənimlə yaşayıram.

Dərdimin bir kor gözüsən,
Dilimin sən lal sözüsən.
Həsrətimin lap özüsən,
Küsənimlə yaşayıram.

Aman verdin qəm öyünə,
Sədd çəkilib toy-düyünə…
Yox ümidim gələn günə,
Dünənimlə yaşayıram.

Sinə gərdim hər möhnətə,
Çox əzaba, əziyyətə…
Düşsə də yolum qürbətə
Vətənimlə yaşayıram.


VƏTƏNİM!

Bağımın çiçəyi, laləm, süsənim,
Ruhumu oxşayan çölüm, çəmənim,
Dağımın örpəyi, dumanım, çənim-
Vətənim!

“Rast”ım, “Çahargah”ım, “Şur”um, “Qatar”ım,
Nizamim, Füzulim, Hadim, Baharım,
Ey Səməd Vurğunum, ey Şəhriyarım,
Anamsan, ey mənə “bala” deyənim-
Vətənim!

Ümana dönsə də, gözünün yaşı,
Hələ də atılır sənə yad daşı…
Ulu tariximin ayıq yaddaşı,
Məndən sevgi görüb, məni sevənim-
Vətənim!

Mənim bəxt ulduzum, ey alın yazım,
Kəsərli qılıncım, havalı sazım.
Xəzərim, Tərtərim, Kürüm, Arazım,
Mənim Göyəzənim, göyü əzənim-
Vətənim!

Əsir Qarabağım fəlakətdədir,
Mən indi bilirəm fəlakət nədir.
Qarğış eyləyirəm tək bircə sətir
Qoy olsun Quranım düşmənə qənim-
Vətənim! Vətənim! Vətənim!


ŞƏHİD ANASI

Dərdin dağlara getməsin…
dərdin dağlara getsə
Şəhid edərsən dağları,
Şəhid anası!
Dərdini döndər gülə,
Şəhid məzarını bəzəsin.
Dərdini döndər yelə,
xoş bir soraq gətirsin.
Qələbə müjdəsi yetirsin
Şəhid ruhuna!
Dərdini döndər dilə,
Şəhidləri oxşasın
qaldırsın,
Şəhidlik zirvəsindən
söz zirvəsinə!
Şəhid anası
dərdini
dağa göndərmə,
çəkə bilməz…
çəkə bilməz…
Şəhid edərsən dağları,
Şəhid anası!


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: