Səbinə FƏRHADQIZI: "Bir damla göz yaşi tək, Qoy mən axım qəlbinə..."

Səbinə FƏRHADQIZI: "Bir damla göz yaşi tək, Qoy mən axım qəlbinə..."Səbinə Fərhad qızı Məmmədova - 1985-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.
2002-ci ildə Bakı şəhərindəki 160 saylı orta məktəbi bitirib.
2006-cı ildə ADDU-nun ingilis dili filologiyası fakultəsini bitirib. İlk şeirini rus dilində yazıb.
Daha sonra doğma Azərbaycan dilində yazmağa başlayıb.
Səbinə xanıma biz də yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.

Mehparə MANSUROVA,
Bakının Pirallahı rayonundakı
231 nömrəli tam orta məktəbin
direktoru,
Yeni Azərbaycan Partiyası
Pirallahı rayon təşkilatının
Qadınlar Şurasının sədri.


YOLLAR


Gedirəm bu yolları,
Gedirəm dönə - dönə,
Gizlədim dərdlərimi,
Demədən bir kimsəyə.

Gedirəm yavaş - yavaş,
Gözümde bir damla yaş...
Artıq son dayanacaq,
Bu yollar bağlanacaq.

Qırılıbsa arzular,
Geriyə nə qalacaq?
Dumanlıdır səhərim,
Kədərlidir ürəyim,

Həsrətin kölgəsində
Sürünür gecələrim.
Bir daha bu yollarda
Qalmayacaq izlərim...


BU PAYIZIN YARPAQLARI

Bu payızın yarpaqları,
Həsrət dolu yağmurları,
Acı verən yaraları
Mənə doğma olub indi.

Səni sordum yarpaqlardan
Yalqız qalan budaqlardan,
Səni hər gün dönə - dönə
Sordum, sordum bu payızdan.

Yarpaqları saya - saya
Söylə keçərmi bu zaman?
Gəlsən de sen, gəlməsən de,
Ürəyimdəsən hər zaman.


MÖHTACAM

Cavabsız suallarla,
O itmiş arzularla
Qaldım tənha yenə də.
Bir damla goz yaşi tək
Qoy mən axım qəlbinə.
Pərişan baxışlarla,
Üşuyən duyğularla
Qaldım tənha yenə də
Bir damla göz yaşı tək
Mən qonum kipriyinə.
Bəlkə əsən bir rüzgar,
Bəlkə yağan yagışlar
Gətirər səni mənə,
Möhtacam nəfəsinə.


TƏNHALIQ

Susub baxırsan gözlərimə,
Tək dostum, həmdəmim, Tənhalıq,
Qışı deyib gəlmisən yenə
Ömrümə, günümə, Tənhalıq.
O görünməz çətirinlə sən
Dayanıb başımın üstündə,
Qorumusan məni nələrdən,
Bəs onda qəlbim üzgün niyə?
İndi özün cavab ver mənə,
Sən ki hər şeyi belə bilən,
Daim əlimdən mənim tutan,
Mənlə danışan, mənlə gülən.


SƏNSİZ

Zərif çiçəklər soldu,
Bağçalara gəldi qış,
Xəfif buludlar doldu,
Yağır durmadan yağış.
Sənsiz tənha qəlbimə,
Sənsiz sənsizəm yenə.
Soyuq arzular dondu,
Baxışlarımda kədər,
Bir anda axşam oldu,
Gələr ne vaxt o səhər
Sənsiz tənha ömrümə?
Sənsiz sənsizəm yenə.
Sənsiz gözlərim dolar,
Qəlbimi həsrət oyar,
Heç bilməzdim ki sənsiz
Bu qədər çətin olar.

.
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: