Dönüb, qayıdıram ziyarətindən,
Kaş bir də həmdəmim ola BORÇALI.
Şirin ləhçəsindən doya bilmirdim,
Qonaq eyləmişdi bala BORÇALI.
Bulaqlar qoynunda zümzüməsidir,
Vüqar zirvəsində qartal səsidir.
Hər qaya bir tarix kitabəsidir,
Gərək verdiyini ala BORÇALI!...
Neçə qəhrəmanlar olub fədası...
Yenə yerindədi nazı-ədası.
Qalıb divarında nə'rə sədası,
Qeyrətdən tikilmiş qala BORÇALI.
Uzadır ömrünü, ömür eyləyir,
Alovdan çıxarır, kömür eyləyir.
Cana dözüm verir, dəmir eyləyir,
Tükənməz güc verir qola BORÇALI.
Dünyanın rəngləri tökülüb üstə...
Boynu Bənövşənin bükülüb üstə.
Cənnətin şəkili çəkilib üstə,
Baxanda hər yanı Lala BORÇALI.
Mehmanı olasan, yetməz söz ilə,
Sevən ürək ilə, görən göz ilə!...
Dərin hörmət ilə, gülər üz ilə,
Saldı QAFQAZLInı yola BORÇALI.
QAYIDAM
Qərib libasını geydim a Darvaz,
Bir də hüzuruna dönəm, qayıdam.
"Soyuq bulaq"- deyə ciyərim yanır,
Gələm, "daş məmə"ndən əməm, qayıdam!
Sevincdən yaransın gözlərimdə nəm,
Qoy getsin bu kədər, qoy getsin bu qəm.
"Salam-salam"- deyə bir-bir görüşəm,
Dindirəm dostları, dinəm, qayıdam.
Nənəm qazan altda çata alovu,
Kişmişli aşı var, dəmli pulovu.
Qoyam yəhərini, çəkəm cilovu,
Kənddə "Ceyran" ata minəm, qayıdam.
Bir də üz çevirəm dağlara sarı,
İyli "Kəkotu"nu, yaşıl "Lilpar"ı...
"Çataq"da "Yarpız"ı, "Sərxan"da qarı,
Gəzəm "Şəmdüyə"ni, enəm, qayıdam.
Gedəm, divan tutam qatığa-südə,
Sonra uşaq kimi gələlər hədə...
O, "Quyu bulaq"da, "Sınıq körpü"də,
Yataq yerim ola "binə"m, qayıdam.
Yaylağı mənimlə seyr etsin hamı,
Gəzək "Vələsli"ni, dolaşaq "Şam"ı.
Uca "Şindi" dağı verə ilhamı,
Şeirlə yüklənə sinəm, qayıdam.
QAFQAZLI "yaxşı yol!" götürə dildən,
Doyam o, ətirdən, doyam o, güldən.
"Vida"yla ayrılam obadan-eldən,
Xeyir-dua verə Anam, qayıdam!!!...
ƏLVİDA
(Darvazdan Bakıya yola düşürdüm...)
Yenə zəhərlənər qanım şəhərdə,
Cismimdə paklığım-ülvim, əlvida!
Saflıqdan uyduğum ey nağıl dünyam,
"Simurq"um, "Əjdaha"m, "Div"im, əlvida!
Bağışla yurd yerim, qoyub, gedirəm,
Gözümün yaşıyla yuyub, gedirəm...
Nə doydun, nə də ki, doyub, gedirəm,
Öpüm hər daşından, sevim, əlvida!
QAFQAZLI, hardadı şənli yığnağım,
Dəcəllik gərdişim, uşaqlıq çağım?
Saralmış bostanım, bağbansız bağım,
Kərpici sökülmüş evim, əlvida!...
BULAQLAR...
Bizim ömrümüzü tükənən görüb,
Axır göz yaşınız çaya bulaqlar.
Dünən də, bu gün də, sabah da varsız...
Soğulmaz çeşmələr, qaya bulaqlar.
Dostlar duz-çörəkdən, bardan-bəhərdən,
Tədarrük görürlər durub, səhərdən.
Toplaşıb, gəlirlər kənddən, şəhərdən,
Dönürsüz bayrama-toya, bulaqlar.
Sizlərə baş əyib, keçməyən yoxdu,
Xəyal dünyasına köçməyən yoxdu...
Öpüb gözünüzdən, içməyən yoxdu,
Zülaldan canlara maya bulaqlar.
Kökünüz qədimdi, mənbəniz dərin,
Durudan-durusuz, sərindən-sərin.
Söndürün odunu yanan qəlblərin,
Tanrıdan sovqatsız yaya, bulaqlar.
Ruhum "layla"nızla dincələ, yata,
QAFQAZLI tə'binə rəvanlıq qata.
Süd verən anasız, yurda-elata,
Gəlməsin sayınız-saya, bulaqlar!...
A DAĞLAR
Köçdümü yaylağa "Darvaz" binəsi?
Yaman nigaranam onsuz, a dağlar...
Səhər eşitmirəm heç xoruz səsi,
Oyana bilmirəm "ban"sız, a dağlar.
Kaş o, uşaqlığa bir anlıq dönüm,
"Gizlənparç" oynayım, kəklik tək sinim...
Sənsizli keçsə də, qaradır günüm,
Bil ki, ağ günsüzəm-günsüz, a dağlar.
Gülürmü çiçəyi, yaşıl yamacın,
Döşün "Orta bulaq", "Kexi"dir tacın.
Uçur xəyalımda "Qara arxac"ın,
Keçirmi günlərin mənsiz, a dağlar?
Hərdən xına qoyam, söykənəm daşa,
Hərdən də təb gələ, ilhamım coşa...
"Səy Səməd" sürüsü bir də axsaşa,
Ensiz cığırların, ensiz, a dağlar.
Gendən "Əyri qar"ı süzəcəm, nə vaxt?
"Lilpar"ın daş ilə əzəcəm, nə vaxt?
"Port-port"u, "Sərxan"ı gəzəcəm, nə vaxt?
Açılmaz niskilim sənsiz, a dağlar.
Yüz illik ömrümün onu səndədi,
Damarı səndədi, qanı səndədi.
QAFQAZLI ruhunun canı səndədi,
De görüm, neyləsin, cansız, a dağlar?...
AY SEVGİLİM
Sənsiz qəlbim sızıldayan,
Kaman olub ay sevgilim.
Ağuşunda qəm dəryası,
Liman olub ay sevgilim.
Açacaqmı şehli tərim,
Vüsal adlı çiçəklərim?
Tükənməyib ümidilərim,
Güman olub ay sevgilim...
Ağrı enib dizlərimə,
Atəş düşüb sözlərimə.
Qübar çöküb gözlərimə,
Duman olub ay sevgilim.
Yaşamıram, həyat gorum,
Sönmək bilmir odum-qorum.
Solub yaşıl arzularım,
Saman olub ay sevgilim.
Cəlladım ol, canıma qıy,
Vur boynumu, qanıma qıy!
Vaxt itirmə, anıma qıy,
Zaman olub, ay sevgilim...
Od yükümdü, şələm kövrək,
Sovrulası küləm, kövrək.
Yaşar tutan qələm kövrək,
Yaman olub ay sevgilim...
Darıxmışam
Sədaqət Dilqəmlə bədahətən
Deyişmə
Sədaqət xanım:
Könül nazı-nemət istər,
Gözlər baxıb, könlü səslər.
Sevgi addım-addım izlər,
“İzlər” üçün darıxmışam.
Yaşar Qafqazlı:
Sevgi dolu baxışlarla,
Nəzər məndə, göz məndədi.
Sinəmdən dağı getməyən,
Məhəbbətdən iz məndədi...
Sədaqət xanım:
Yaz havası, təmiz-dürlü,
Dağları süsən-sünbüllü.
Göz oxşayan əlvan güllü,
Düzlər üçün darıxmışam.
Yaşar Qafqazlı:
Mən tək sevən varmı görən?
Cənnət olar bil, yan-yörən!...
Boş həyata məna verən,
Məzə məndədi, düz məndədi.
Sədaqət xanım:
Bir-birindən çox maraqlı,
Gecələri ay işıqlı.
Hər bir vaxtı şirin çağlı,
Günlər üçün darıxmışam.
Yaşar Qafqazlı:
Saf eşqinə boyun əyən,
Nadan sözü eşitməyən...
Ürəkləri üşütməyən,
Ocaq məndə-köz məndədi.
Sədaqət xanım:
Tellərimə daraq olan,
Hər xalıma sığal çəkən.
Qolları boynuma salan,
Əllər üçün darıxmışam.
Yaşar Qafqazlı:
Nəzakətli dilim də var,
Sığal çəkən əlim də var...
Xoş ətirli gülüm də var,
Çəmən məndə-düz məndədi.
Sədaqət xanım:
Hər baxanda yaya dönən,
Arif olub səssiz dinən.
Qəlbimi oxuya bilən,
Gözlər üçün darıxmışam.
Yaşar Qafqazlı:
Arzular var çıxışında...
Sönməz od var baxışında.
Sevdasının yoxuşunda,
Yorulmayan diz məndədi.
Sədaqət xanım:
Könül alan, ballı, dadlı,
Leylək tək pərvaz qanadlı.
Sədaqətəm, saf muradlı,
Sözlər üçün darıxmışam.
Yaşar Qafqazlı:
Bahardı, oynayır qanı,
Qafqazlını yaxşı tanı!
Sinəm sözün dəyirmanı,
Tükənməyən söz məndədi...
28.04.2014
DARIXMIŞAM
Aşıq Nargiləyə
Naz eyləmə aşıq dostum,
Nazın üçün darıxmışam.
Gəl qışımdan apar məni,
Yazın üçün darıxmşam.
İmanını yola döndər,
Halımı xoş hala döndər.
Çiçəkdən çək, bala döndər,
Sözün üçün darıxmşam.
Dərdim mənlə durub qəsdə,
Oxu ahəstə-ahəstə.
QAFQAZLIyam, sinən üstə,
Sazın üçün darıxmışam...
Yaşar QAFQAZLI
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.