Yeddillik təhsilə malik olsa da, dünyagörüşü, həyat təcrübəsi və bir də bədiyyat sarıdan fitrəti Səxavət bəydə əzəli yaradıcılıq qabiliyyətini büsbütün itməyə qoymayıb. O, məcburu köçkünlükdən (əslində 23 illik yurd ayrısı olana, hələ də niyə belə deyildiyini anlamaq olmur) irəli gələn ağrı-acıları, çətinlikləri, həsrəti emosiya ilə, təzadlı duyğularla qələmə alaraq kiçik bir kitab halına gətirib və qəribə də olsa, ona təbii və maraqlı başlıq seçib: ”Şor kanaldı bulaqlarım, hey içirəm ütür məni.” Cəmi 50 səhifədən ibarət olan bu əl boyda kitab 2007-ci ildə işıq üzü görüb. Doğrusun axtarsaq, bu kitab müəllifin özünü şair kimi təqdim etmək istəyindən deyil, içini, sinəsini, könlünü didib-dağıdan nisgil adlı xıltdan təmizləmək niyyəti güdür. Necə ki, özü deyir: “Mən şair deyiləm, sadəcə qəlbimdən keçənləri kağıza köçürmələ özümə təsəlli verirəm!” Bəli, bu, gerçəkdir. Yurda qovuşmaq amalımız dəyişməzdir. Hələ ki, bu arzunu gerçəkləşdirmək gücü bizdən iraqdır. Fəqət, adaşı-nəvəsi 4 yaşlı Səxavət, baba Səxavətin duyğuları, hissləri üstündə həmtaylarını itirilmiş torpaqlarımızın qaytarılması yönündə mübarizəyə aparacağı inamındayıq. İnamımız yaşasın!
Qeyd edim ki, bədii yaradıclqla az-çox məşğul olan qələm adamlarına heç vaxt biganə qalmamışam. Dövrü nəşrlərdə çapına azacıq da olsa köməyim dəyib. Düşündüm ki, çoxuna əsirgəmədiyimi nə üçün ömrünün ixtiyar çağını məcburu köçkünçülük-qaçqınçılıq şəraitində, el-obasından aralı düşümüş, ürəyi doğma ocaq üçün çırpınan duyğusal bir yurddaşımıza etməyim. Elə bu səsbəbdən də, S.Talıboğlunun dərdini tərpədən mövzulardan bir neçəsini seçib-seçməliyib oxucularımızın sərəncamına veririk. Orasını da deyim ki, Səxavətgil didərginliyin siftəsini Muğanın istidən ciyər bişən çollərində çadır “şəhər”ciklərində yaşayıblar. Onun bu tərəflərdə ilk dəfə müşahidə etdiyi qaratikan kolunu və qartalı necə şairanə şəkildə gözönünə gətirib bizə təqdim etməsi, keçi haqqında reallığı əks etdirən ibrətamiz fikrləri, həmkəndlisi rəhmətlik Qulamın eldən uzaq ölümü haqqında obrazlı içgöynədən düşüncələri xeyli maraq doğurur. Aranlı-yaylaqlı ömür yaşayan bir dağ kişisinin toz-torpaqlı, çirkli şəhər küncündəki mühafizə budkasında baş girləməsi də Səxavətin ürəkdidiən misralarında təbii görünür. Necə ki, saf və buz bulaqlı dişgöynədən suların əvəzində şortamlı kanalların könül bulandıran iliq sularına möhtac qaldığını eşitmək qədər kədərlidir.
Erməninin qorxaq xislətini dəqiq bilən bir insanın işğal altındakı torpaqlarımızın azadlığı üçün hamımızı birliyə, mübarizəyə səsləməsi də çox təbiidir.
Hərdən keçmişə qayıtmaq, adət-ənənənyə sayğı ilə yanaşmaq kimi vacib məsələlər bu gün olduqca aktualdır və biz şairin “Papaq”, “Saz sinəyə yaraşır”, “Gordubaba” və s. kimi şeirlərində bunu yalnız nostolji hiss deyil, daha çox kökə bağlılıq kimi qəbul edirik. Bu, şeirlər məndən ötrü həm də, milli etnoqrafik etüdlər baxımından faydalıfır.
Əlbəttə, bütün bunlarla təqdim olunan şeir nümunələrini oxuduqca daha yaxından tanış olmaq mümkündür. Buyurun, oxuyun!
Yusif DİRİLİ
Dirli Qurbani Məclisinin sədri, şair-publisist
Səxavət TALIBOĞLU
VƏTƏN BİZİ HARAYLAYIR
Yadlaşırıq günü-gündən
Vətən bizi haraylayır!
Yuxumda görmüşəm dünən:
Vətən bizi haraylayır!
Gözəldir hər guşəsi,
Qantəpəri, bənövşəsi.
Yəqin artıb əndişəsi,
Vətən bizi haraylayır!
Gordubaba, Xələf dağı
Hər biri bir göz dustağı!
Cızığından çıxıb yağı,-
Vətən bizi haraylayır!
Biz ya daşıq, ya da dəmir
Heç tükənmir dözüm, səbir.
Nəzirsizdi nəzirli pir
Vətən bizi haraylayır!
Unutmuşuq o dağları -
Allı-güllü yaylaqları.
Sel batırıb bulaqları,
Vətən bizi haraylayır!
Səxavətəm, xələfliyəm,
Gah dumanlı, gah çənliyəm.
Ay igidlər, sizinləyəm:
Vətən bizi haraylayır!
MƏNİ
Tutan kimi ağrım-acım
Tez götürür fikir məni.
Yada düşür qardaş-bacım.
Sağa, sola çəkir məni.
Əssə külək yel dərdini,
Dolu düşsə sel dərdini,
Çəkə-çəkə el dərdini,
Günü-gündən bükür məni.
Qaçqın üçün nə yaz, nə qış,
Nə quraqlıq, nə də yağış.
Daş-divarım olub qamş,
İçin-için sökür məni.
Qürbətliyə düşən gündən
Nə bədən var, nə də çəki.
Yetişmişəm ağ tut təki,
Silkələyib tökür məni.
Qalmayıbdır arım-abrım,
Talan oldu dövlət-varım,
Şor kanaldır bulaqlarım,
Hey içirəm ütür mənui.
PAPAQ
Axtarsaq da inanmıram
Elə-belə tapaq səni.
Nəyə görə xor baxırlar,
Kim qoyursa papaq səni.
Ataların qeyrətisən,
Anaların örnəyisən.
Axı bizə neynəmisən,
Nəyə görə ataq səni.
Neçə-neçə qalmaqalı
Yatıqardı ana şalı.
“Sən öl, mən öl” and amalı
Bəlkə əziz tutaq səni.
QULAM
Bu şeiri el-obadan uzaqlarda, didərginlik taleyi ilə baş-başa yurdsuzluq dərdini çəkə-çəkə rəhmətə qovuşmuş bütün el oğullarının, el qızlarının xatirəsinə ithaf edirəm.
Mənim elim dərdə gəlin,
Çəkmən üzünə pərdə, gəlin.
Qurbanı qəbul olmadı,
Fələk qıydı mərdə, gəlin.
Bəyənməzdi hər aşığı,
Çox təmkinli başaşağı.
Hər bir toyun yaraşığı,
Indi düşüb dərdə, gəlin.
Qartal kimi şığıyardı,
Bulaq kimi qaynayardı.
“Qazağı”nnı oynayardı,
Bəyənərdi pir də, gəlin.
Qədəmləri çox sayalı,
Gəlindən, qızdan həyalı.
Bəlkə, bilir Bəndiyalı,
Soruşmağa bir də gəlin.
Göyün üzün bulud alıb,
Şimşək çaxıb, dolu yağıb.
Eşidibmi görən Rağıb,
Açılıbdı sir də gəlin.
SAZ SİNƏYƏ YARAŞIR
Ulu türkün müqəddəs sazını başında,
döşündə, ayağında oynadan “aşıq”lara
Qurban olum keçən aya, günə də
Yay vaxtı yaylaqda, qışda binədə.
Dədə baba saz çalınıb sinədə,
Saz sinəyə, sinə saza yaraşır.
Balaban saz ilə gəlibdi qoşa,
Çalanda hər kəsi gətirir cuşa.
Saz yaraşmır nə ayağa, nə başa
Saz sinəyə, sinə saz yaraşır.
Hardadır Qurbani, Dədə Ələsgər
Bizdən ruhları inciyər, küsər.
Saz ilə oynayıb yüz şou göstər,
Saz sinəyə, sinə saza yaraşır.
Meydanda hoppanma, ay dəli cöngə,
“Təb”in Səxavəti gətirib təngə.
Koroğlu saz ilə girərmiş cəngə!
Saz sinəyə, sinə saza yaraşır.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.