Qurban Şəmsi oğlu: ƏGƏR YOLUM BİR GÜN DÜŞSƏ LAÇINA...

Qurban Şəmsi oğlu: ƏGƏR YOLUM BİR GÜN DÜŞSƏ LAÇINA... Qurban Şəmsi oğlu Abdullayev - 1996-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 2003-2014-cü illərdə Laçın rayonu şəhid Habil Həsənov adına Mişni kənd tam orta məktəbində təhsil alıb. Şeir yazmağada elə məktəb illərindən başlamışdır. Şeirləri əsasən vətənpərvərlik mövzusundadır. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Menecment ixtisası üzrə üçüncü kurs tələbəsidir.

ANAMİN

Heç zaman sevinməz, heç zaman gülməz,
Məni kövrək görən, üzü anamın,
Onun varlığıdır mənə ruh verən,
Məni yaşadandır özü anamın.

Onun nəfəsidir dərdimə dərman,
Onsuz yaşamağa tapılmaz güman.
Allaha edirəm dua, hər bir an,
Qəm, yaş tanımasın gözü anamın.

Qurbanam o zaman qəddim bülülər,
Ömür sarayımın təməli çökər.
Məni bircə kəlmə öldürə bilər,
Aşitsəm ağarıb saçı anamın.


NƏ MƏNASI VAR?

Çayımı qızdırıb, dəmləmədinsə,
Əynini qalın et söyləmədinsə.
Sən mənlə yaşamaq istəmədinsə,
Sənsiz yaşamağın nə mənası var?

Qərib bir qonağam sanki burada,
Ağlım qalıb hələ ötən sevdada.
Yanımda olmasan fani dünyada,
Sənsiz yaşamağın nə mənası var?

Qurbanam həsrətdən payım kəm deyil,
Sənsiz ötüb keçən ömür, gün deyil.
Həyatda heç kimsə axı sən deyil,
Sənsiz yaşamağın nə mənası var?


ƏGƏR YOLUM BİR GÜN DÜŞSƏ LAÇINA...

Qucaqlaram hər daşın, hər çiçəyin,
Soraqlaram çaşırın, qantəpərin.
Qaytararam qollarımın hünərin,
Əgər yolum bir gün düşsə Laçına.

Sel olaram dərələrdən axaram,
Hər bulağa gözü dolu baxaram.
Bir nisgilin axırına çıxaram,
Əgər yolum bir gün düşsə Laçına.

Qaçqınlıq sözünü silərəm o gündən,
Acılar qəlbimdə bir bağlı düyün.
Mənim sevincimi təsvir et, düşün,
Əgər yolum bir gün düşsə Laçına.

Xınalı qayalar məskənim olar,
Ruhuma dağların havası dolar.
Olmaram bir daha ümidsiz, ağlar,
Əgər yolum bir gün düşsə Laçına.

Qurbanam düşmüşəm eldən didərgin,
Məni parçalayır bu dərdim hər gün.
Daha mənə nakam öldü deməyin,
Əgər yolum bir gün düşsə Laçına.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: