Susdu nəğmələri ulu kamanın,
Muğamın seygahı, zabulu getdi.
Yay günü qar yağdı şən könüllərə,
Taleyin bir bahar fəsili getdi.
Itgisi çox olub dövrün-zamanın,
Ürəklər göynədən bu günkü anın,
Analar laylası ulu kamanın,
Könüllər oxşayan gur zili getdi.
Qəlbini köz etdi sevən kəsinin,
Oldu tacidarı sənət dərsinin,
Əsrlər yaşayan kaman səsinin,
Gurlayan, çağlayan təbili getdi.
Gəldi səcdəsinə özü zamanın,
Hopdu ürəyinə bütün dünyanın,
Gözü odlar görən Azərbaycanın,
Muğam aləminin Habili getdi.
Səyavuş Uyğun,
9 sentyabr 2015-ci il
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.