Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM..."

Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM..." ATA YURDDU, ANA OCAQ...

Yurd yerini Ata seçər,
Ocaq yerini Ana.
Ata, yurd yerində binə qurub, ev tikər,
qabarlı əlləriylə, alnının təriylə.
Ana, hər küncə əl gəzdirib sığal çəkər,
Havasını dəyişər, gül qoxlu, gül ətriylə.
Atanın istəyilə,
Ana da həvəsiylə
o evin çırağın yandırar,
isidər isti nəfəsiylə.

Tanrı ruzu verən evə,
Ata qazanc gətirər.
Ana da süfrə açıb,
o evi şenləndirər.
Ata övladı üçün,
dövlət-varından keçər,
Ana övladı üçün,
şirin canından keçər...

Ata çətirdi, Ana ocaqdı,
bütün övladlarçün
isti qucaqdı...
Ana övladlarını bir ocağın başına toplar,
Ata isə öz isti ocağını, övladlarını
qışda qardan-soyuqdan,
yazda seldən qoruyar...
Ata mayaqdı,
Ana çıraqdı.
Övladlarına arxa-dayaqdı.

***
Ata yurddu, Ana ocaq,
Hər övlada açar qucaq.
Siz övlada ümidini
Ata-Ana bağlar ancaq.

Yol göstərən Ata-mayaq,
Səhərəcən Ana oyaq.
Övladların dar günündə
Olub arxa, olub dayaq.

Ata dağdı, Ana, - Vətən,
Unudulmaz Ana Vətən.
Hamı bilir, harda olsaq,
Biz bağlıyıq, sana Vətən!..
2018


MƏNİ

Gəl başını çiynimə qoy,
Gül ətrinə bələ məni.
Sözlərimi şirin edim,
Qat qaymağa, bala məni.

Gül - çiçəyi yerdən üzüb,
Tellərinə bir-bir düzüb,
Gözaltı da hərdən süzüb,
Salma haldan-hala məni.

Könül verib, könül alaq,
Çinarlar dək cüt ucalaq.
Saç ağardaq, bir qocalaq,
Ver birtəhər yola məni.

Sədi biraz da yaşlaşıb,
Qayğıları başdan aşıb,
Gəl ay gülüm, halallaşıb,
Ötür dağdan yala məni.


EY PAYIZ, ÖMRÜMƏ QIŞI GƏTİRMƏ

Onsuz da ömrümün payızındayam,
Sən payız ömrümə qışı gətirmə.
Xəzan yellərinin ayazındayam,
Çiskinli nisgillə qoşa gətirmə,
Ey payız, ömrümə qışı gətirmə!

Qışın var soyuğu, qarı, ayazı,
Qışlağım Muğandır, gah Qarayazı.
Saçlarım ağappaq, qar tək bəyazı...
Yaşımın üstünə yaşı gətirmə,
Ey payız, ömrümə qışı gətirmə!

Kövrək duyğuluyam, sənin tək mən də,
Sözlər yığın-yığın vardır qəlbimdə.
- Nə qədər yaz-bahar xatirələri,
Nə qədər nəğmələr qalıb dilimdə...

Barı, qoy onları gətirim dilə,
Tələsmə, bunları sən bilə-bilə...
Dolğun gözlərimə yaşı gətirmə,
Ey payız, ömrümə qışı gətirmə!

Qışda baharımız nağıla dönər,
Nağıllar şəkərə-noğula dönər,
Bir gün də ömrümüz noğullar kimi,
Şirin xatirəyə, nağıla dönər,
Nağılla sən məni cuşa gətirmə,
Ey payız, ömrümə qışı gətirmə!
05.10.2014


ALA BİLMƏZ, TELLİ SAZ DA
KÖNLÜMÜ


Qəm yatıbdır ürəyimin başında,
Ala bilməz sehrbaz da könlümü.
Hicran ağlar gözlərimin yaşında,
Ala bilməz, işvə-naz da könlümü.

Bir həsrətin ağrısı var içimdə,
Oxşaması, ağısı var içimdə,
Əsli-Kərəm yanğısı var içimdə,
Ala bilməz, tellisaz da könlümü.

Bənzəyirəm, çağlamayan bulağa,
Xəzan vurmuş, talan olmuş bir bağa,
Oxşarım var, quru-barsız budağa,
Ala bilməz, bahar-yaz da könlümü...

Kimin dərdi birdir, kimin dərdi min,
Əlacı yox, loğmanı yox dərdimin.
Yanğısını təbib tapmır dərdimin...
Söndürənməz soyuq buz da könlümü.

Sədi düşüb dünyasından aralı,
Rəngi-ruhu şamama tək sarali,
Bülbül kimi köksündən də yaralı,
Ala bilməz xoşavaz da könlümü.


OĞUL İSTƏMİŞƏM

Hər qaya bir tarix, hər dağ bir əsər,
Vətən oğulları qoy bunu bilsin!
Oğul istəmişəm, daşyaddaşları,
Bir-bir vərəqləyib oxuya bilsin.

Daş üstə yazılmış hər kəlmələri,
Hər bir işarəni, hər “düymələri”,
Düyün-düyün düşmüş hər ilmələri,
Açdıqca xalı tək toxuya bilsin.

Yurdları gəzənlər, çıxanlar dağa,
Qoy sığal çəksinlər ota, yarpağa,
Çökəndə dizüstə qara torpağa,
Onun gül ətrini qoxuya bilsin.

Torpağın qatında neçə tarix var,
Onları yadigar qoyub babalar.
Sədi, Atalar deyibdi: - “axtaran tapar”,
- Hər daş kitabəni tapanlar gərək,
Onu Kərəm* kimi oxuya bilsin.
25.03.2014



Kərəm* - BDU-nun dosenti K.Məmmədov


MƏNİMLƏ DANIŞAN BUZ
LƏPƏLƏRDİ


Bir mənəm, bir də ki, kimsəsiz sahil,
Əsdikcə Xəzri də, əsir ləpələr.
Alıb ağuşuna məni boş sahil...
Danışır mənimlə eh, nələr-nələr!..

Göyərçin əlinin yerinə indi,
Saçımı oxşayan Xəzridir ancaq.
Qopan fırtınalar içimi diddi,
Ey Tanrım, sabahı nələr olacaq?...

Yamanca üşütdü bu Xəzri məni,
Sığınmaq istərdim isti qoynuna.
Dalğalar qayaya sarılan kimi,
Sarılmaq istərdim sənin boynuna...

- Özün uzaqdasan, xəyalın mənlə,
Uzaqda görünən boz təpələrdi.
Sənin əvəzinə, sənin yerinə,
Mənimlə danışan buz ləpələrdi...


DÜNYA

Mən sənə söylədim dil açan gündən,
- Gəl, verək səninlə əl-ələ, dünya!
Ayağım yer tutub mən qaçan gündən,
Dedim-sən məni teyləmə, gəl, hələ, ünya!

Görsəm də bu qədər almaz daşın var,
Yaqutun, ləl-incin, büllur qaşın var,
Tükənməz sərvətin, çox daş-qaşın var,
Demədim-başımdan ləl ələ, dünya!

Hər kəs özü cəkir bax, öz dərdini,
Çəkməkdən usandım, ax, öz dərdimi.
Demədim-qəmını, yığ öz dərdini,
Yük edib belimə şələlə, dünya!

Tanrı verən ömrü qoy şən yaşıyım,
Ömrümün yükünü özüm daşıyım,
Sədiyəm, hər şeyə dözüm, yaşıyım,
Qurma yolum üstə sən tələ, dünya!


HAVALANIB YENƏ KÖNLÜM

Heç bilmirəm belə nolub,
Havalanıb yenə könlüm.
Gözləyirəm, səmalardan,
Quş tək yerə enə könlüm.

Köklənib yaz havasına,
Düşüb bahar həvəsinə.
Qaranquş tək yuvasına,
Nola yenə, dönə könlüm.

Gör gəzirsən haralarda?
Dolaşırsan aralarda,
Gəlibsənmi, oralarda,
- De, imana, dinə könlm?

Bir istək var çox dərində…
Deyirəm - günün birində,
Köhnə ocaq-yurd yerində,
Qura yenə, binə könlüm.

Əvvəlki tək bir gün gələ,
Gözəl çağlar düşə ələ,
Sədi deyir, gülə-gülə,
Dilə kələ, dinə könlüm.


SEVGİLİM

Gündüzləri küstürüb,
Gecə könlün alım, gəl!
Öpüb saçın oxşayıb,
Sənə layla çalım, gəl!

Küsməyinən, nə olar...
Məndən aman, sevgilim!
Küssən qəlbim qan olar,
Halım yaman, sevgilim!

Nə olar ki, at qəmi,
Olum könlün həmdəmi,
Mən səni sevən kimi,
Barı, sən də sev məni...

Bir arzuyla yaşayaq,
Bir diləklə, sevgilim!
Biz də xoşbəxt yaşayaq,
Birgə yerdə, sevgilim!

Dinlə məni, bir dayan,
Heç sevgidən var doyan?
Oyan, sevgilim, oyan!
Söylə mənim tək səni,
Bir kəs vardırmı duyan?

Gəl, çiçək tək ömrümə,
Yaraşıq ol, sevgilim!
Sən ömrümə-günümə,
Nur-işıq ol, sevgilim!

Yaşayaq bu dünyada
Qoşa ömür sürək biz.
Bu günü salıb yada,
Xoş günlər də görək biz.

Yolum üstə mayağım,
Ol, sən mənim, sevgilim!
Olum arxa-dayağın,
Mən də sənin, sevgilim!

Bir yerdə dolaq yaşa,
Yaşa, sevgilim yaşa!
Ömrü də vuraq başa,
Qoşa, sevgilim, qoşa!


HƏYATDA HƏR ŞEYİN
BİR QƏNİMİ VAR


Çır-çırpı toplayıb, ocaq çatmasan,
Ocaq yerlərindən tüstü çıxarmı?
Ocağın atəşi, qoru olmasa,
O ocaq alışıb-alovlanarmı?

Hər sevən aşiqlər eşqlə yanmaz,
Divanələr yanar eşq atəşində.
Piltəsi olmasa bir şəm də yanmaz,
Pərvanələr yanar şəm atəşində.

Atəşı yaradan kibritin canı,
Ağacdan olsa da, kükürddür başı.
Aləmi yandırar, qığılcım düşsə,
Əridər dəmiri, yandırar daşı.

Od sudan qorxur, ölümdən insan,
Həyatda hər şeyin bir qənimi var.
Öləndə bir daha dirilmir insan,
Təbiət dirilir, gələndə bahar.


MƏN BЕLƏ BILSЕYDIM...

Mən bеlə bilsəydim, sеvməzdim səni,
Gülər gözlərimə nəm vеrəcəksən.
Alıb sevincimi, alıb əlimdən,
Sonra da sən mənə qəm vеrəcəksən.

Mən bеlə bilsəydim, sеvməzdim səni,
Yada da salmazdım, hеç son anda da.
Bütün varlığımla sеvməzdim səni,
Yanıb-yaхılmazdım, ayrılanda da.

O gündən bükərək ürəyimdə, mən,
Qara bir kəfənə məhəbbətimi.
Qəbir qaza-qaza, gözlərimdə nəm,
Səninlə dəfn etdim, məhəbbətimi!..


AYRI


Ey könül, dərdini bilən oldumu?
Nələr çəkməyibsən elindən ayri.
Necə yaşayıbsan, soran oldumu?
Körpə bülbül kimi gülündən ayrı.

Deyin dillənərmi kamanım, sazım?
Aləmi yandırar qəmli avazım,
Ələ qələm alıb, mən necə yazım?
Vətənimdən ayrı, elimdən ayrı.

Min şirin nəğməylə eynim açılmaz,
Boy verən qönçə də xəzandan qaçmaz.
Ətirli güllər də ətrini saçmaz,
Yaşıl çəmənimdən, çölümdən ayrı.

Sönməsin yurdların ocağı, közü,
Qoy batıb qalmasın çeşmənin gözü,
Bir ANA kəlməsi, bir VƏTƏN sözü,
Düşməsin heç zaman dilimdən ayrı.

Güllər al-əlvandır, neçə cür rəngdə,
Əbədi deyildir gül də, çiçək də.
Sədiyəm, arzum var, vuran ürəkdə,
Düşməsin qələmim əlimdən ayrı.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: