Gülümxan İsmayılov,
Kolayır ictimai məktəbinin qabaqcıl müəllimi
İnsan
Torpaqdan gəlibdi əcdadın sənin,
Yenə də torpağa dönərsən insan.
Günəş tək parlayıb sürsən də həyat,
Sonunda şam təki sönərsən insan.
Xoşbəxtlik səsləsə çalış duyasan,
Xoş günün olacaq, çalış doyasan.
Amandır kimisə yolda qoyma sən,
Çəkərsən ahını görərsən insan.
Yaltaqlıq, gədalıq qatma zatına,
Haram ot yedirtmə heç vaxt atına.
Nə vaxt ki, çıxarsan mömin qatına,
Bax onda sevinib gülərsən insan.
Sirrini açma gəl, hər yoldaşına,
Güvənmə nə dosta, nə qardaşına.
Yaşanın sözünü yaz yaddaşına,
Bir gün bu dünyadan köçərsən insan.
Dağlar
Hər fəsildə tamaşadır
Başı qarlı bizim dağlar.
Silinməzdi tarixlərdən,
Ömür boyu izin, dağlar.
Uşaqlığım keçib səndə,
Göy yaylaqda, sıx meşəndə.
Yolum səndən gen düşəndə,
Söylə necə dözüm, dağlar.
Ömür səndə yaşa dolub,
Həm əylənib, həm də gülüb.
Təbim səndən ilham alıb,
Şerimdə sözüm, dağlar.
İlahi göndərən paydır Zəlimxan
Dediyi hər sözü şerdir sanki,
İlahi göndərən paydır Zəlimxan.
Sinəsində min bir şer daşıyır,
Həzin-həzin axan çaydır Zəlimxan,
İlahi göndərən paydır Zəlimxan.
Elmlər içində dərya dənizdir,
Qoyduğu suallar çətin, qəlizdir.
Borçalı elinə doğma, əzizdir,
Yurdunun adını yaydı Zəlimxan,
İlahi göndərən paydır Zəlimxan.
Həbib oğlu, yaz sözünü, de indi,
İlhamın gur oldu, qələmin dindi.
Saz söz aləmində ona tay kimdi?
Dünyada günəşdir, aydır Zəlimxan,
İlahi göndərən paydır Zəlimxan.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.