ŞAHİN HƏMİDLİ (1955)

ŞAHİN HƏMİDLİ (1955) Şahin Həmidli (Şahin Cəbrayıl oğlu Həmidov) - 28 iyul 1955-ci ildə Lerik rayonunun Tikəband kəndində anadan kəndində anadan olub.
Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bi¬tirib. Bir müddət Tikəband kənd orta məktəbində müəllim iş¬ləyib. 1994-cü ildə Bakıya köçüb.
Hazırda Bakıda yaşayıb-yaradır.
Şahin Həmidli 80-ci illərdən bəri ədəbiyyat səhnəsindən olan, uzun və zəngin ədəbi yaradıcılıq yolu keçən istedadlı söz xridarlarındandır.
O, bir sıra mətbu orqanlarında -"İnsan Hüquqları", "Sovet Kəndi", "Fəryad" qəzetlərində və habelə, "Azərbaycan təbiəti" jurnalında işləyib.
Şahin Həmidli "Dağlar çağırır məni"(1988), "Ürəyimə gələn söz"(2012), "Torpaqdan baharın nəfəsi"(2018) adlı kitabların və bir sıra məqalələrin müəllifidir. Şeirləri “Zirvə”, “Vətən”, “Poeziya çələngi”, “Canım Azərbaycanım” və s. ədəbi məc¬muə-lərdə, eləcə də müxtəlif mətbuat orqanlarında müntəzəm olaraq çap olunur.

Biz də dəyərli dostumuz Şahin Həmidliyə yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


ZiM.Az



AĞOĞLAN

Düşmən işğalından müzəffər ordumuz tərəfindən
azad olunmuş Hadrut
möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə
Ağolan adlandırılmışdır.


Üç rəngli bayrağı başın üstə tut,
Göy, yaşıl, qırmızı rəngli, Ağoğlan.
Bir adın Ağoğlan, bir adın Hadrut,
Hadrutdan, madrutdan fərqli Ağolan.

Düşsən də dağların gürşad selinə,
Heç vaxt çevirmədin arxa dilinə.
Uymadın dığanın qarğa dilinə
Bizimlə sevindin, dərdli Ağoğlan.

Əsgərlər düşməni talan etdilər,
Şəhidlər üstünü al-qan etdilər.
Namərdlər qorxudan qaçıb getdilər,
Sən qaldın igidli-mərdli Ağoğlan.

Oldun Fizulili, oldun Şuşalı,
Hüsnün əsrarəngiz, dağlı-meşəli,
Nə gözəl gerbin var səkkiz güşəli,
Torpağın bəhərli, barlı, Ağoğlan.

Ürəyin doludur, de, döşə gəlsin,
Qaldır bayrağını, göy cuşa gəlsin.
Adın da özün tək qoy xoşa gəlsin,
Qızılli, gümüşlü, zərli, Ağoğlan.
31. 07. 2021.


TÜRKÜN TÜRKDƏN BAŞQA
DOSTU VAR, QARDAŞ


Artıq neçə gündür ki Türkiyədə yanğınlar davam edir.
Elə bilirəm ki, yanan türk təbiəti deyil, mənim ürəyimdir.
Türk qardaşlarımın dərdlərinə şərik oluram.
İnanıram ki, bu cinayəti törədənlər haqq-ədalət qarşısında
tezliklə cavab verəcəklər.


Od tutub alışır söz qucaq-qucaq,
İçimdə qalxmışam odla davaya.
Dinim helikopter, imanım uçaq,
Odu söndürməyə qalxır havaya.

Tüstüyə qərq olub yollar, cığırlar,
Gör necə alışıb sevgim içimdə.
Hisslərim özünü oda yaxırlar
Qəmim alob boyda, alov biçimdə.

Mənə od vürübdür şeytan sürüsü,
Od-alov içində közərir ürək.
Üstümü-başımı alov bürüyüb
Yanıram Türkiyə meşələri tək.

Odlanıb yaddaşım yadın içində
Arzu da, istək də, güman da yanır.
Meşə çabalayır odun içində
Dərənin içində duman da yanır.

Alov içindədir hər qaya, hər daş,
Yanan meşə deyil, türkün qəmidir.
Türkün türkdən başqa dostu var qardaş
Onlardan biri də - Şahin Həmiddir.
01.07. 2021.


DOSTLARA MƏKTUB

Zəngləşib görüşdüm Müşfiqlə bəlkə,
arada uzanan sərhədi pozdum.
Camalla, Mahirlə, Bayramla birgə
İlhamdı, İlqardı, Əhməddi dostum.

Sizsiz dövr eləməz damarımda qan,
dizimin tabısız, gözümün nuru.
Sizsiz bu dünyada məni yaşadan,
sizinlə qazandım hər bir uğuru.

Biriniz müəllim, biriniz şair,
qoymadız darıxa qəlbimi dostlar.
Biriniz müsiqi, biriniz şeir
qəlbimdə yaşadız qəlb kimi dostlar.

Hərəniz bir dağsız, yamaclı, yallı,
sevginiz, eşginiz dağ həvəsində.
Meyvəli bir bağsız bahar vüsallı,
gül-çiçək açmısız dağ havasında.

Mənim yaddaşıma dərin iz salan
dostum Ağayevli Hacı Əlidir.
Hər gün şeir yazan, xəyala dalan
Akifdir, Bəhramdır, Qədiməlidir.

Yaz kimi ətrini ətrafa saçan
dağımsız, dərəmsiz, özümsüz mənim.
Təkliyə qapılan,təkliyə qaçan
hissimsiz, duyğumsuz, özümsüz mənim.
19.11.2022.


ƏMƏLİ SALEHDİR ANA TƏBİƏT

Ağsaqqal babadır qoca zirvələr,
Dərələr dağların günah evidir.
Hündür minarədir uca zirvələr
Dağların özü də Allah evidir.

Küləklər bu yerin təlim kitabı,
Yenə qabağında açıb çəmənlər.
Bulaqlar bu yerin dəstəmaz qabı,
Namaz xalçasıdır yaşıl çəmənlər.

Qurbanlıq qanıdır o tökülən qan
Göydə üfüqlərin düşüb baxtına.
Nə bir yol yorulur bu sökülən dan,
Nə də xilaf çıxır səhər vaxtına.

Sevgisi müqəddəs, eşqi təzə-tər,
Vurulub torpağın özü qibləyə.
Allahı çox sevir çöllər-çəmənlər
Hamısı dayanıb üzü qibləyə.

Allaha şükür de, şeytana lənət,
Ayi bir lampa san, ulduzları şam.
Əməli salehdir ana təbiət
İbadət eyləyir hər səhər, axşam.
03. 07. 2021.


GÖRƏRİK SƏNİN DƏ
ÇİÇƏKLƏRİNİ


Qurumaq istəyən ay yaşıl budaq
Bəlkə əlac oldu, gəl, aç dərdini.
Sənsiz qəmə batar bu bağça, bu bağ,
Götürməz bu boyda ağac dərdini.

Sən bir yaraşıqsan bağçaya, bağa,
Dərdindən bu boyda ağac yatmayır.
Bəlkə yorulmusan, çiçək açmağa,
Meyvə gətirməyə gücün çatmayır.

Küsmüsən, barış sən budaqlar ilə
Tənhalıq əl çəkər yanından gedər.
Qaynayıb-qarışsan budaqlar ilə
Qorxu da, hürkü də canından gedər.

Sənə ilk müjdəni ilk bahar verər,
Çiçəyi çırtlayar otin, alağın.
Ağac sevinəndə yaxşı bar verər
Ürəyi açılar bir az da bağın.

Fikir ver özünə şaxtada, qarda,
Utanma bağa aç dərdi-sərini.
İnşalah qarşıdan gələn baharda
Görərik sənin də çiçəklərini.
01. 08. 2021.


HAVANI BU SAYAQ GÖRMƏMİŞDİM HEÇ

Əhvalı dəyişib bu gün havanın,
İstisi, soyuğu belə, bilinmir.
Qəlbindən nə keçir tutqun havanın,
Gözləri ağlayır, gülür, bilinmir.

Üfüqdə aranı yaman qatıblar
Gözə görünürlər itən buludlar.
Göylər xəritəni xatırladırlar,
Boylanır səmadan qitə buludlar.

Yerə uzanıbdır dərə aşağı,
Dumanı baş-ayaq görməmişdim heç.
Çox şeylər görmüşdüm payız qabağı,
Havanı bu sayaq görməmişdim heç.
22. 07. 2018-ci il


DƏRƏ

Təp-təzə baharı geyib əyninə,
İndicə yuxudan oyanıb dərə.
Duman pencəyini atıb çiyninə
Dağların dibində dayanıb dərə.

Sərin bulaqlardan süzülür payı,
Şırıltı səsi var onun dilində.
Alıb qucağına o, axan çayı
Çəkir qayğısını şəlalənin də.

İllərdir qalıbdır oyun içində,
Sıldırım qayada abır göyərib.
Dərənin dibində, suyun içində
Daşların üstündə mamır göyərib.


ANA TUTUB BALASININ ƏLİNDƏN

Payız gəldi, yenə hava qaraldı,
Yaşl meşə yarpaq-yarpaq saraldı,
Dərin dərə duman dolu xaraldı,
Asılıbdır şəlalənin telindən.

Göydə bulud yağışları hayladı,
Leysanların işi-gücü çayladı.
Şır-şır səsi bayatıdır, layladır,
Eşidirik bulaqların dilindən.

Gül-çiçəyi yerdə yuxu aparıb,
Təpələrin sinələri qabarıb,
Külək yenə çöldə haray qoparıb,
Gözü qalıb daşqınında, selində.

Şiş qayalar qılınc kimi sıyrılıb,
Bulud göydən, duman çöldən ayrıb,
Dağ yolları ilan kimi qıvrılıb,
Uzanıblar təpələrin belndə.

Uca dağlar uca qala kimidir,
Küləklərin ahı nalə kimidir.
Qoşa yamac ana- bala kimidir
Ana tutub balasının əlindən.


Anam Simzər xanımın ölümündən 23 il keçdi.

ƏMR ELƏ, DAYANIM QULLUĞUNDA MƏN

Anamın əziz xatirəsinə

Sən ki, öyrətmisən neçə anaya,
Necə saxlayarlar toyuq-cücəni.
Ana, bir əl gəzdir təndirxanaya
Çörək ətri bassın bizim küçəni.

Vurğunu olduğun kəndin,kəsəyin,
Çiskini, dumanı səni gözləyir.
Əlinlə yığdığın yorğan-döşəyin
Səliqə-sahmanı səni gözləyir.

Yiyəsiz qoymusan evi, eşiyi,
Gəl, bizim ocağı gur qala, ana.
Nə vaxtdır boş qalıb taxta beşiyin,
Sal məni içinə, yırğala ana.

Qəbrinin üstündə yandırıram şam,
Əllərim titrəyir, ürəyim əsir,
Sənin qabağında elə durmuşam,
Sanki,bir uşağam,əmrə müntəzir.

Barışa bilmirəm yoxluğunla mən,
Yaxın gəl, görsünlər gözlərim səni.
Əmr elə, dayanım qulluğunda mən,
Götürüm belimdə gəzdirim səni.


BİR ÇƏMƏN YAŞILLIQ SAXLAYIB MƏNƏ

Nağılım, qəzəlim, şerim, bayatım,
Tapmısan dərdimə çarə, gəlirsən.
Sənə quzu kəsim, ay kənd həyatı,
Hər yerdə işimə kara gəlirsən.

Çoban atla gəlir mənlə görüşə,
Qanqallar sallanıb atın yalından.
Gözlərim qonaqdır yorğa yerişə,
Daş yolda od çıxır atın nalından.

Enli yarpaqları gülür vələsin,
Meşə qollarını salır boynuma.
Çıxır qabağıma dağ şəlaləsi,
Bir bulaq su alır məni qoynuna.

Ürək qızdırdığım kənd adamları,
Bir ömür yaxşılıq saxlayıb mənə.
Kəndim qoltuğunda bir dərə duman,
Bir çəmən yaşıllıq saxlayıb mənə.


BAHAR SƏNƏ YAZAR YAŞIL ŞEİRİNİ

Dərdini torpaqdan gizlədən ağac,
Onunçün qurd yeyir içini bəlkə.
Sən də ürəyini bu torpağa aç,
Üstündən qəm çəkdi, köçünü bəlkə.

Köklərin öpərlər biri-birini,
Suyun damlasına onlar nur deyər.
Çöhrəsi nurlanar çiçəklərinin.
Göyərər qəlbində qədim yurd yeri.

Şehini qurudar gün baxışıyla,
Su iç, köklərinə daşı şeirimi.
Torpağın üstündə yaz yağışıyla
Bahar sənə yazar yaşıl şerini.


ELƏ QUCAQLADIM KƏNDİMİZİ MƏN

Söküldü dağların gözlərində dan,
Şirin yuxusundan səhər oyandı.
Qurtuldu gecənin qaranlığından
Kəndimiz ilahi nura boyandı.

Yazıb, yaratmağa qəlbim döyünür,
Yaddaşım işləyir qələm yerinə.
Dağlardan süzülən bulaq suyunu,
İçdim qurtum-qurtum məlhəm yerinə.

Sevdim o yerlərə düşən izi mən,
Torpağı köksündə çoxaldar məni.
Elə qucaqladım kəndimizi mən,
Çətin o, yadından çıxardar məni.


ŞAİRLƏR UNUTMUR SÖZÜ SÖHBƏTİ

Müşfiq Borçalıya


Baxdım bir şəkilə dəyişdi halım,
Elə bil dünyaya gəldim təzədən.
Ömrün uzun olsun, Müşfiq Borçalı,
Arada qalmışıq: - otuz il və mən.

Azalmır tarixin dumanı, sisi,
Ötənlər yadından çıxmır heç kimin.
Bu gün xatırladım gözəl Tiflisi
Şeyri yada düşdü Əlizaminin.

Yazdığım misralar gəlir ürəkdən,
Sözün təəssübkeşi deməyin,azdır.
Sazınız heç zaman düşməsin kökdən,
O yerin, o yurdun sərvəti sazdır.

Yadından çıxmasın vətən bir anlıq,
Yazdığın şeyirə uca qalam, de.
Var olsun Darvazlı Mədəd Çobanlı,
Rima anaya da məndən salam de.

Şairlər unutmur sözü-söhbəti,
Mən sizi özümçün uğur sayıram.
Bağrıma basıram Rafiq Hümməti,
Yavər Həsəni də salamlayıram!
Bakı, 08.02.2017

ŞAHİN HƏMİDLİ (1955)AYSELİN TOYU

Əslən Ulu Borçalımızın Bolnisi rayonunun Darvaz kəndindən olan görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının nəvəsi Aysel xanımın toyuna ithaf elədiyim şeiri bir il bundan qabaq yazmışam. Aysel xanım dəyərli dostum Müşfiq Borçalının qızıdır. Bu şeiri bir il bundan qabaq yazsam da, dəyərli dostlarımın arzusu ilə yenidən paylaşıram. Füsrətdən istifadə edib çox hörmətli Mədəd müəllimi, ömür -gün yoldaşı Rima ananı, Müşfiq qardaşımı, onun ailəsini, Aysel balanı, şair dostlarım Sədi Yaradanqulunu, İlyas Əfəndini, Rafiq Hümməti, dəyərli şairə bacımız Konul Hidayətqızını salamlayıram.

Gözün aydın olsun Mədəd Çobanlı,
Maşallah, cəngidir Ayselin toyu.
Durub qulluğunda dil qanunları,
Sözün ahəngidir Ayselin toyu.

Ata ürəyidir, ana ürəyi,
Baba sevincidir, nənə fərəhi,
Ulu Borçalının duzu-çörəyi,
Şəkəri, qəndidir Ayselin toyu.

Mənadır, məntiqdir, mənası dərin,
Tükənməz nurudur gülən gözlərin.
Bəlkə də dünyada bütün rənglərin
Ən gözəl rəngidir Ayselin toyu.

Bir söz boxçasıdır, şeirlə dolu,
Ustadla, aşıqla, şairlə dolu,
Hikmətlər içində xeyirlə dolu
Mahnı çələngidir Ayselin toyu.


EŞQİN

Dostum Muşfiq Borçalıya


Əzəldən vuruldun sən telli saza,
Çoxa meyl etmədin, şükr etdin aza.
Ömrünü bağlayıb çiçəkli yaza,
Sevginin qədrini biləndi eşqin.

Hamıyla dost oldu, ara vurmadı,
Həyatda heç kimə tələ qurmadı.
Kimsəni incidib, ya da yormadı,
Dostluq ələyində ələndi eşqin.

Söz açmaz o hardan, ya haralıdan,
Ətrafı seyr edər o, aralıdan.
Ağappaq kağızı yazıb qaraldan
Cibində gizlənən qələmdi eşqin.

Xətrinə dəyməyib hər ümü-küsü,
Nəfsindən əl çəkib, tamahdan küsüb,
Vətəni sevməkdir onun arzusu
Başqa bir dünyadır, aləmdir eşqin.

Zaman keşiyində durdu hər anın,
Sevən bir ürəkdir dərdə yananın.
Mədəd Çobanlıyla Rima ananın
Sevgi beşiyində bələndi eşqin.

Şahin HƏMİDLİ,

01.04.2021.


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: